Ukrayna Silahlı Qüvvələri Rusiyanın 155-ci Əlahiddə Dəniz Briqadasının hissələrini demək olar ki, tamamilə məhv edib. Bu barədə jurnalist Roman Tsimbalyuk məlumat verib.

Onun sözlərinə görə, qarşı tərəfin briqada komandanlığının tələsik qərarları nəticəsində düşmənin dəniz bölmələri məhv edilib.

“İtkilər təqribən 600 ölü və eyni sayda yaralı olub. Eyni zamanda, briqadanın şəxsi heyətinin yemək ehtiyatı və yaşayış imkanı da yoxdur”, - Tsimbalyuk bildirib.

Bu arada Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və nəticədə 2187 Mariupol sakini həlak olub.

Bu barədə “Telegram”-da Mariupol Şəhər Şurası məlumat verib.

“İndi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.

Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.

Qeyd olunub ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb.

***

Martın 13-ə olan məlumata görə, işğalçı Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. 

Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.

Ukrayna hərbçiləri Kiyev istiqamətində gedən Rusiyanın tank bölməsini məhv edib. Bu barədə RBK-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir.



Qeyd edək ki, Belarusun Qomel, Mozır və Narovlya şəhərlərinin morqları Uukraynada öldürülən Rusiya hərbçilərinin meyitləri ilə doludur. Bu haqda “Azadlıq” radiosunun Belarus xidməti bildirir.

Qeyd olunur ki, Belarusun tibb işçiləri Rusiya hərbçilərinin meyitləri və yaralılar haqda informasiyaları yaymamaq barədə öhdəlik imzalayıblar, bəzi hallarda onları işdən çıxarmaqla hədələyiblər. Ötən həftə Mozır şəhərinin dəmir yol stansiyasında “Rusiya Dəmir Yolları” QSC-nin yük qatarına çoxsaylı meyit yüklənib.

“Meyitlər ağlasığmaz dərəcədə çox idi. Mozır stansiyasında olan adamlar qatara yüklənən meyitlərin miqdarını görəndə sadəcə olaraq şoka düşüblər. İnsanlar video çəkməyə başlayıblar, amma hərbçilər onları qovublar və telefonlarını əllərindən alaraq videoları sildiriblər. Mozır ətrafındakı Kamenka kəndinin qəbiristanlığını isə əhatəyə alıblar, ora heç kimi buraxmırlar, mühafizə qoyublar”,-Mozır sakini adının açıqlanmaması şərtilə belə deyib.

Böyük itki verən işğalçı rus ordusu  isə uzaqdan şəhərləri bombalamaqda davam edir. Bu gün də Mariupolda yaşayış binaları atəşə tutulub.

Görüntülər sosial şəbəkələrdə yayılıb. Hazırda mühasirədə olan Ukrayna şəhərində humanitar fəlakətin yaşandığı bildirilir.

Qeyd edək ki, bu, Mariupolda və ölkənin digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı silahlı hücumlar artıq adi hal alıb.

Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirməsi haqda məlumat vermişdik.

Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, Ukrayna-Polşa sərhədində, 15 km-dən az məsafədə “NATO”-nun təlimlər üçün istifadə etdiyi Ukrayna ərazisində yerləşən hərbi bazaya Rusiyanın Hərbi Hava Qüvvələri 30 qanadlı raket atıb.

Bundan başqa, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Lvov vilayətindəki hərbi təlim meydançasında əcnəbi hərbi təlimatçıların işlədiyini bildirib.

Təlimatçılardan hər hansı birinin hücum zamanı obyektdə olub-olmadığı müəyyənləşdirilir.

Qeyd edək ki, 2015-ci ildən bəri ABŞ müntəzəm olaraq hərbi bazaya təlimatçılar göndərir və obyekt beynəlxalq “NATO” təlimlərinə ev sahibliyi edirdi.

Hadisə nəticəsində 35 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

Rusiya hərbçiləri Ukraynanın Nikolayev bölgəsində yaşayış məntəqələrini də bombardman edib. UNİAN xəbər verir ki, bunu Nikolayevin meri Oleksandr Senkeviç telemarafon zamanı deyib.

"Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib", - Senkeviç bildirib.

Onun sözlərinə görə, bombardmandan zərər çəkmiş ərazilərdə elektrikin verilişi dayanıb, çünki yarımstansiya dağılıb və yüksək gərginlikli xətlərdə problemlər yaranıb. Hazırda kommunal xidmətlər tərəfindən elektrik enerjisi bərpa olunur.

Senkeviç əlavə edib ki, şəhər 30-50 km məsafədən atəşə tutulub.

Rusiya işğalçıları Dneprorudnı şəhərinin meri Yevgeni Matveyevi qaçırıblar. Dneprorudnı — Zaporojye bölgəsinin Vasilyevski rayonunda yerləşən şəhərdir. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyd edək ki, martın 11-də Rusiya qoşunları işğal olunan Melitopolun meri İvan Fedorovu oğurlayıblar.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiyanın hərbi təcavüzünün 18-ci günündə döyüş əməliyyatlarının gedişinə dair operativ məlumat yayıb. Orada deyilir ki, düşmən Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir, itirilmiş döyüş qabiliyyətini bərpa etməyə və qoşunları yenidən qruplaşdırmağa çalışır. Habelə Kiyev ətrafında, Donetskdə, Tavriya və Sloboda istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Qeyd olunur ki, döyüş əməliyyatlarının bütün dövrü ərzində düşmən Ukrayna ərazisində görünməmiş müqavimətlə qarşılaşıb və heç bir istiqamətdə öz məqsədinə çatmayıb.

“Döyüş əməliyyatlarının xarakteri Rusiya hərbi rəhbərliyinin strateji vəzifələrin və son məqsədin nədən ibarət olması məsələsində qeyri-müəyyənlik içərisində olduğunu göstərir”, - məlumatda deyilir.

Baş Qərargah bildirir ki, işğalçı qoşunlar ciddi itkilər verir, hücum tempinin aşağı salıb və əksər istiqamətlərdə dayandırılıb, lakin itkilərini kompensasiya etmək üçün əlavə qüvvələr və vasitələr səfərbər etməkdə davam edir. O cümlədən Ukraynanın hərbi və mülki infrastrukturunu məhv etməyə yönəlmiş raket-artilleriya və aviasiya zərbələrini davam etdirir.

Vrtualaz.org-ın məlumatına görə, Ukraynanın Hava Komandanlığının məlumatında isə deyilir ki, martın 12-də gedən döyüş əməliyyatları zamanı Rusiya Hava Kosmik Qüvvələrinin iki döyüş vertolyotu və iki təyyarəsi, habelə iki PUA-sı məhv edilib. Bunlardan biri-Ka-52 döyüş vertolyotu Xerson vilayətində vurulub, sosial şəbəkələrdə vertolyotun qalıqlarının görüntüləri yayılıb.

İlkin məlumata görə, hadisə nəticəsində vertolyotlardan birinin pilotu yanaraq ölüb, digər isə xəsarət alıb. Ukraynalı hərbçilər yanıq xəsarətləri almış pilotu xəstəxanaya çatdırıb.

Vurulan döyüş təyyarələrindən birinin Su-34 bombardmançısı olduğu təsdiqlənib, digər təyyarənin tipi dəqiq müəyyən olunmayıb. Ehtimal ki, söhbət Su-30SM və ya Su-34 təyyarəsindən gedir.

Komandanlıq bildirir ki, martın 12-də gün ərzində Rusiya Ukraynanın Hava Qüvvələrinin obyektlərinə bir neçə güclü raket zərbələri endirib. Belə ki, hava hücumundan müdafiə vasitələri üç “Kalibr” qanadlı raketini zərərsizləşdirə bilib, amma raketlərin əksəriyyəti hədəfə çatıb, hərbi və mülki infrastruktura ziyan vurub. Xüsusən də Kiyev vilayətinin Vasilkov şəhərindəki hərbi aerodromda ciddi dağıntı olduğu bildirilir.

Martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan, Azov dənizinin sahilində yerləşən Mariupol şəhərində isə vəziyyət kritik ağırdır. Şəhərdə qaz, su, elektrik yoxdur, Rusiya artilleriyası və aviasiyası hər gün şəhəri bombalayır, dinc sakinlər arasında ölənlərin sayı minlərlədir. Ötən gün Rusiya işğalçı qüvvələri Mariupolun şərq hissəsinə daxil ola biliblər.

Şəhəri qoruyan “Azov” polku özünün sosial şəbəkə hesabında komandanlığı Mariupola “Bayraktar” döyüş PUA-larını və döyüş aviasiyasını göndərməyə çağırıb. Müraciətdə deyilir ki, şəhərdə vəziyyət ağır olaraq qalır, müdafiə fəaliyyətlərinə və şəhərin müdafiəçilərinin əks hücumlarına baxmayaraq düşmən hücumu davam etdirir, hər ev, hər küçə uğrunda ağır döyüşlər gedir.

“Biz görürük ki, Ukraynaya silah sistemləri gəlir, “Bayraktar”lar, bizim aviasiya işləyir. Gəlin onları bizim istiqamətdə də tətbiq edək”, - “Azov” polkunun müraciətində bildirilir.

Ukrayna qüvvələrinin “Şimal” əməliyyat komandanlığı isə bildirir ki, martın 12-də Çerniqov vilayətində əks-hücum həyata keçirilib, nəticədə işğalçılar iki yaşayış məntəqəsindən çıxarılıb. Bundan əlavə, işğalçıların Kiyev istiqamətində irəliləmək üçün panton körpü salmaq cəhdinin qarşısı alınıb, Ukrayna döyüşçüləri 10-dan artıq hərbi texnikanı qənimət götürüblər. Məlumatda deyilir ki, işğalçı qoşunların şəxsi heyəti ruhdan düşüb və fəal döyüş əməliyyatları aparmaq iqtidarında deyil.

Nikolayev vilayətində isə Ukrayna qüvvələri işğalçıları mühasirəyə salıblar. Baştan rayonunda panton-bərənin məhv edilməsi nəticəsində işğalçılar iki şose yolu arasında sıxışıb qalıblar, onların mövqelərinə artilleriya zərbələri endirilir.

Ukrayna prezidenti Volodimir Zelenski də Mariupolun blokadada olduğunu açıqlayıb: “Mariupol tam blokada altındadır. Onu gecə-gündüz atəşə tuturlar”. Bunu Zelenski Avropa xalqlarına videomüraciət zamanı bildirib.

“Rusiya qoşunları Mariupola aviabombalar atırlar, raketlərlə vurulurlar. Hətta Mariupolda doğum evini və uşaq xəstəxanasını da bombalayırdılar. Bu, bütün canlılara nifrətdir. Uşaqları öldürürlər, həm də doğum evlərini, uşaq xəstəxanalarını dağıdırlar”, - deyə Zelenski vurğulayıb.

Döyüşə girməyə cəsarəti çatmayan işğalçı Rusiya ordusu şəhərləri bombalamaqda davam edir. Ruslar Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti dəfə bombardmana məruz qalıb.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın görünür ki, hava zərbəsi mülki əhalinin, yaşayış binalarının olduğu əraziyə endirilib.

Dağıntılar və insan itkisi barədə hələlik məlumat verilmir.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov da günlərdir bombardmana məruz qalır. Ukraynanın sosial şəbəkələrində Xarkovun son vəziyyəti ilə bağlı yeni görüntülər paylaşılıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Xarkov ən çox bombardmana məruz qalan şəhərlərdən biridir.

Luqansk vilayətinin Popasna şəhərində isə işğalçı rus ordusu fosforlu sursatlardan istifadə edib.

Bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski “Facebook” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, fosforlu sursatları qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır.

“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, - deyə Beloşitski vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.

Bu arada “Caliber”in növbəti buraxılışı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putinin Ukraynada davam edən hərbi əməliyyatlara xaricdən döyüşçülərin cəlb edilməsinə “yaşıl işıq” yandırmasına həsr edilib.

Videosüjetdə qeyd olunur ki, Rusiya Ukraynadakı müharibə səhnəsinə Suriya prezidenti Bəşər Əsədə loyal hərbi birləşmələri cəlb edə bilər. Bu faktı isə öz növbəsində münaqişənin gərginləşməsinin növbəti fazası hesab etmək olar.

Video təhlildə Rusiyanın suriyalı hərbçiləri Ukraynadakı hərbi əməliyyatlara cəlb etməsi istiqamətindəki çətinliklərə toxunulur, Türkiyənin istər hava, istərsə də dəniz yolu ilə Rusiyanın bu planına ciddi maneə törətmək imkanları vurğulanır.

Təhlildə həmçinin Rusiya ordusunun əməliyyatlarında baş verən ləngimələr, Ukrayna səmasının bağlanması ətrafında cərəyan edən qeyri-müəyyənliyə toxunulub.