Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb.
“AzPolitika.info” Etibar Əliyevin bununla bağlı məqaləsini təqdim edir:
Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər.
Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur.
Həmin sənəddə göstərilir:
Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir:
1) İnsan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması;
2) Yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.
Dünyada Tədqiqat Universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir. Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat – professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir. Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.
Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır. Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür.
Bütün bunlar ölkədə “Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir.
Bəs, dünya təcrübəsi necədir?
Almaniyada təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal Nazirliyi.
Rusiyada: Elm və Ali Təhsil Nazirliyi;
Qazaxstanda: Təhsil və Elm Nazirliyi;
Ukraynada: Təhsil və Elm Nazirliyi;
Moldovada: Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi;
Gürcüstanda: Təhsil və Elm Nazirliyi;
Latviyada; Təhsil və Elm Nazirliyi;
Azərbaycanda: Təhsil Nazirliyi.
Elmi işlərin müdafiəsinin təşkili ali məktəblərdə olmalıdır. Elmi dərəcələri və adları universitetlər verməlidir. Bu proses bütün dünyada belədir. Əlavə bürokratiyanın aradan qaldırılması elmi və elmi- pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər. Azərbaycan universitetləri 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulub. Ali Attestasiya Komissiyası kimi bir qurumun fəaliyyəti dövrün tələblərinə cavab vermir və Bəyannamənin təməl prinsiplərinə ziddir.
P.S. AMEA-nın nəzdindəki instututlar universitetlərin profili nəzərə alınaraq, onların nəzdinə verilməli, yaxud profilindən asılı olaraq müstəqil fəaliyyət təmin olunmalıdır. Bir neçə institutun birləşdirilməsi isə qaçılmazdır.

Şərhlər
Prezident fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə zidd olaraq, müdafiədən bir müddət sonra bütün iddiaçıları AAK-nın ekspert şuralarına çağırırlar və onları sorğu-suala tuturlar. Elmi Şuraların plagiat olmaması barədə verdiyi arayışla AAK-a göndərilən dissertasiyalar plagiat damğası ilə geri qaytarılırlar. Niyə? Şuradakı plagiat proqramları və onların bazaları AAK-dakı ilə eyni deyilmi? Deyilsə, niyə? Əgər müxtəlifdirsə, niyə dissertasiya müdafiəsindən əvvəl plagiat AAK-da yoxlanmır? Məqsəd nədir? Niyə Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsi bu məqsədlərlə məşğul olmur?
Etibar bey çıx mükemmel ve dünya tecrübesinde özünü doğrultmuş teklifler verir.Sağ olsun.Ancaq bizde facie ondadır ki bizde elm idman ve “Şou biznesden sonradır.Yeni elme ögey münasibet var.Bu münasibet deyilmese,bu teklif yerine yetirilsr bele müsbet deyişikliye inanmaq olmur.ZBir de mütlee bir mesele düzgün hell olunmalıdır:layiq olan kadrlar layiq olduqları vezifedd olmalıdırlar.Daha Rzmiz Mehdiyev kimiler elme rehberlik etmemelidirler.
Millət vəkilisiz, qanunvericilik səlahiyyətinə maliksiz, təşəbbüs qrupu yaradın, mütəxəssisləri cəlb edin, əsaslandırınki, AMEA-ın fəaliyyət göstərə bilən elmi potensialı unuversitetlərdə cəmlənə ölkədə mövcud təhsilin səviyyəsi olduqca yüksələr (savadsız müəllimlər və eyni ilə bu qəbildən olan elmi işçilər təhsil və tədqiqatlar prosesindən kənarlaşar), Nazirlər Kabinetinə əsaslandırılmış layihələrlə müraciət edin ki, dövlətin səmərəsiz olan nə qədər xərclərinə qənaət etmək olar ....ixtisasca riyaziyyatçısız: AMEA-da kifayət qədər iri olan Riyaziyyat və Mexanika institutu, İdarəetmə sistemləri institutu, BDU-un nəzdində Tətbiqi riyaziyyat institutu, Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakultələri, hər bir fakultənin nəzdində onlarla kafedra və s., və s..... indi isə müqaisə edin 80-90-cı illərin Azərbaycan riyaziyyatçılarının potensialı ilə indikilərin potensialını, baxmayaraq ki, o dövrün kadrlarının bir hissəsi hələdə fəaliyyət göstərir və suala cavab axtarın niyə belədir???...elmi potensial niyə belə zəifləyib??? Nə çatmır, hansı dəyişikliklər lazımdır kadr hazırlığında??? Formal olaraq edilən müqaisə - onlarda belədir bizdə də olsun, keçmir, belə yanaşma ilə heç nə etmək olmaz.... ancaq şikayətlənmək və deyinmək isə hamını qıcıqlandırır!!!
Adilə çox doğru fikirləşir. Elm son illər AMEA-da dəfn edilib. 15-20 min manata fəlsəfə doktoru, 25-30 min manara elmlər doktoru, 100 min manata akademik adı satılan vaxtdan elm öldü. Hüquq elmi də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquq elmləei doktoru, professor, BDU-nunu Şərqşünaslıq fakültəsinin məzunu, heç bir hüquqi təhsili olmayan, korrupsioner, Ramiz Mehdiyevi özünün ağsaqqalı adlandıran Aytən Mustafazadə tərəfindən əbədi məhv edildi.
Elm məhv edilib. Hər hansısa bir nazirliyin yaradılması elmi dirçəltməyəcək Sovet dövründən qalmış unikal qurğular dağıdılaraq satılıb. İnstitut rəhbərinin əsas gəlir yeri təmirdir. Təmir adı altında laboratoriyalarda nə varsa dağıdılaraq, satılır. İdarəetmə sahəsindəki görkəmli “mütəxəsis” AMEA prezidentliyindən yola salınsa da, onun eybəcər idarəetmə üsulları hələ da qalır. İnstitutlarda turniket sistemi, bu sitemlə əməkdaşları hərbi rejimdə saxlayan və bu yolla da qəpik-quruş alan alimlərdən pul qopardan kadrlar şöbələləri fəaliyyətlərini şıdırğı davam etdirirlər. İnstitutlara rəhbərlik edən akademiklərin əksəriyyəti müxtəlif illərdə Xoşqədəm Hidayətqızının verlişində abort, boşanmalar və məişət zorakılığı üzrə ekspertlər olublar. Bu biabırçılıqdır! Yaxşı olardı ki, bu akademiklər tutduqları vəzifələrini tərk edib, klinikalarda abortla məşğul olsunlar!
Tamamilə doğu təklifdir.