
"AzPolitika.info" sabiq prokuror, təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun İlyas İsmayılova həsr etdiyi "Ədaləti həyat kredosuna çevirən adam" sərlövhəli yazısını təqdim edir:
Taleyin mənə qismət etdiyi ömrün böyük bir hissəsini prokurorluq orqanlarında keçirmişəm. Bu illərdə çoxlu rəhbərlərim, müəllimlərim və belə demək mümkünsə, şagirdlərim olub. Rəhbərlərdən ən çox İlyas İsmayılovla işləmişəm (1978-ci ildən Respublika Prokurorunun müavini, 1985-ci ilin yanvar ayından 1990-cı ilin avqust ayına kimi Respublika Prokuroru). Onun haqqında qələmə aldığım bu yazı İlyas İsmayılov şəxsiyyətini olduğu kimi ictimaiyyətə tanıtmaq niyyətindən irəli gəlir. Əvvəlcədən deyim ki, hansı vəzifədə və statusda olursa-olsun, onun həmişə həyat kredosuna çevirdiyi əsas dəyər ədalətlilikdir. İlyas müəllim bütün həyatı boyu ayrı-ayrı şəxslərə deyil, qanuna xidmət edib. Onun fəaliyyətinin əsasını təşkil edən ədalətlilik və vətənpərvərlik uğrunda mübarizədə o, heç bir çətinlikdən qorxmadan ən cəsarətli addımları atıb.
İlyas İsmayılovun yüksək mənəvi keyfiyyətlərindən biri təvazökar olmasıdır. Tale onunla səxavətli davranıb, çox şeylər bəxş edib – xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələr…
Bütün bunlara baxmayaraq, heç vaxt bu adamı əlində olan fürsətləriylə qürrələnən görən olmayıb. Əksinə, İlyas müəllim o qədər təvazökardır ki, bəzən onun haqqında hər cür iftiralar atılır, yalanlar danışılır, amma o, bircə dəfə də olsun, tamamilə haqlı olduğu məqamlarda belə, özündən bəhs etmir, etdiyi xidmətləri, yaxşılıqları dilə gətirmir.

Məsələn, İlyas müəllim haqqında ən çox irəli sürülən ittihamlardan biri “pambıq işi” ilə bağlıdır. Guya, o, 1980-cı illərin ortalarında “pripiskaya” qarşı mübarizə adı altında xeyli günahsız insanı cəzalandırmışdı. Halbuki, 1986-87-cı illərdə bir sıra sovet respublikalarını qarsıb-qovuran “pambıq repressiyaları”ndan Azərbaycanı qoruyan məhz İlyas İsmayılov olmuşdu.
Mən şəxsən şahidiyəm ki, SSRİ Baş Prokurorluğu respublikamızda da pambıq “pripiskalarını” yoxlamaq üçün 70, yaxud 90 müstəntiq (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz - müstəntiq “pambıq işini” araşdıran istintaq qrupuna daxil edilmişdi. Müstəntiqi geri qaytarmaq üçün İlyas İsmayılovun yanına gəlmişdim. Qısa söhbətdən sonra o, seyfin qapısını açıb içərisindən SSRİ Baş Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi. Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək müstəntiqlərin qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Baş Prokurorunun müavininə yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “Diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız hesabına bu işlərin öhdəsindən gələcəyik”.
İlyas müəllim daha sonra mənə niyə bu cür cavab məktubu yazdığının səbəbini də izah etdi. Bildirdi ki, Qdlyan, İvanov kimi başqa millətlərdən olan müstəntiqlərin Azərbaycana gəlməsini və “pambıq işi”ni araşdırmasını istəmir. Çünki ortada Özbəkistan təcrübəsi vardı və bu ölkədə minlərlə adam “pambıq işinin” qurbanı olmuşdu. Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri və bu kimi yüksək vəzifə tutan çox sayda rəhbər kadrı, ziyalısı özünü bu repressiyadan xilas edə bilməmişdi. “Pambıq repressiyası” qurbanlarının başsız qalan ailələrini də bu hesaba əlavə etsək, həmin işdən yüz minlərlə özbək zərər görmüşdü.
Millətin taleyüklü məsələsini başqalarına etibar etmək olmazdı. Məhz buna görə də cəsarətlə deyə bilərəm ki, İlyas müəllimin obyektivliyi, uzaqgörənliyi, mərkəz qarşısında ötkəmliyi və ən əsası, vətənpərvərliyi o vaxt Azərbaycanın bir çox zəhmətkeşini, rəhbər işçisini, ziyalısını repressiyalardan xilas etdi.
Onun cəsarətinin və vətənpərvərliyinin göstəricisi kimi 1994-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olmuş Eldar Həsənovun İlyas müəllim haqqında 80 illik yubileyi ilə əlaqədar qələmə aldığı səmimi və tarixi faktlara söykənən yazısından bir parçanı təqdim edirəm: “1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixail Qorbaçovun göstərişi ilə Azərbaycana “əliyevçilər”lə bağlı 162 nəfərlik əməliyyat istintaq qrupu göndərilmişdi. Məqsəd hansı yolla olursa-olsun Heydər Əliyevə və onun ən yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi. O zaman bu özbaşınalığın və qanunsuzluğun qarşısını almaq üçün ilk dəfə olaraq öz rəsmi etirazını bildirən şəxs Azərbaycan SSR prokuroru İlyas İsmayılov oldu. İlk dəfə İlyas müəllim açıq və cəsarətli şəkildə öz mövqeyini ortaya qoydu və bu qanunsuzluğun qarşısının alınmasını tələb etdi. Bu addım həmin dövrdə SSRİ miqyasında bir məmurun sərgilədiyi görünməmiş bir cəsarət idi. Onu da qeyd etməliyəm ki, istintaq qrupunun Heydər Əliyevə qarşı ifadələri qanunsuz üsullarla toplamasını ilk dəfə sənədləşdirən və bu barədə İlyas İsmayılovu məlumatlandıran, ona müraciət edən o zaman İslah Əmək Müəssisələrinin Baş idarəsinin rəisi olan peşəkar əməliyyatçı, cəsarətli polkovnik Əzim Piriyev olmuşdur. İlyas İsmayılov bu məlumatı alan kimi, dərhal həmin təhqiqat materiallarını tələb etmiş və 1989-cu ilin mayında öz imzası ilə SSRİ əməliyyat-istintaq qrupunun qanunsuz əməllərinə qarşı cinayət işi başlamışdır.”
İlyas müəllim prokurorluq orqanlarına o dövrün şərtləri baxımından ciddi inqilabi dəyişikliklər gətirdi. Onun zamanında prokurorların adətən ağır cəza istəməsi ənənəsinə son qoyuldu. İlk kollegiya iclaslarının birində iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə insanları məsuliyyətə cəlb etmələrini qınadı. Həmin prokurorlardan biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb, həmin şəxsin məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmiş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi. Dəyəri deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.
İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təssərrüfat müdiri işləyən bir xanıma prokuror CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə (kulli miqdarda mənimsəmə) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideynsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı. İlyas müəllim milli adət-ənənəyə hörmət edən adam idi.
Rayonların birində müstəntiqin çağırışına gəlməyən qız uşağını sahə müvəkkili motosikletlə milis şöbəsinə gətirmişdi. İlyas müəllim həmin rayonun prokurorunu yerli adət-ənənəyə və milli mentalitetimizə hörmətsizlikdə, gənc qızın gələcək həyatına biganəlikdə təqsirləndirərək məzəmmət etdi. Mən həmin kollegiya iclasında ötkəm, prinsipial, olduqca ciddi adam kimi tanınan İlyas müəllimin necə nəcib ürəyə sahib olduğunu anladım. Məhz onun bu nəcibliyi sayəsində Azərbaycanın prokurorluq orqanları bacardıqları qədər az cəza tələb etmək yolunu seçdi. Repressiv üsullara qədər varan ağır cəzalandırma ənənəsi tarixə qovuşdu.
İlyas İsmayılovun müsbət keyfiyyətlərindən biri də nəcib qəlbini əsrlər boyu ölkəmizin ən böyük mərəzi sayılan yerliçilik və qohumbazlıq hisslərindən uzaq tutmasıdır. Onun Respublika Prokuroru işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumlarının, yaxınlarının haqqı olmadığı iş üçün kiməsə ağız açmazdı.
Yaxşı yadımdadır, Cəlilabad Rayon Prokurorluğunun icraatında “şpaler işi” vardı (şpaler-üzüm sahələrində istifadə olunan beton dirəklər). Məndən əvvəl başlanılmış cinayət işi üzrə 1982-1984-cü illərdə onlarla sürücü dövlət əmlakını mənimsəməyə görə CM-nin 86-cı, hətta 88-1(külli və xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə məhkum edilmişdi. Mən işə başlayarkən 50-60 “qurbanlıq” öz növbəsini gözləyirdi. Müstəntiq Kərimağa Tağıyevə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, hesabında daha çox çatışmazlıq olan bir nəfəri məhkəməyə verib, digərlərinin haqqında cinayət işinin icraatına xitam versin. İş elə gətirdi ki, hesabında ən çox 6500 manat çatışmazlığı olan sürücü tovuzlu çıxdı. Ona CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə ittiham elan olunmalı idi (6 ildən 15 ilədək azadlıqdan məhrum). Həmin şəxslə görüşüb dedim ki, sovxoz direktoru da kömək etmək şərti ilə, ziyanı ödəyin, sənə, necə deyərlər, məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. Sonra eşitdim ki, ziyanı ödəyib. Məhkəmədə sürücünün cəzası 2 il məcburi əməyə cəlb edilməklə şərti hesab edildi.
Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, həyat yoldaşı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedərək, məndən şikayət edib. İlyas müəllim eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.
Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı…
İlyas müəllim həm də olduqca humanist adamdır. O dövrün bütün prokurorları İlyas müəllimin həmin xüsusiyyətini bilir və buna görə də cəsarətli qərarlar qəbul edirdilər. Çox təfərrüatına varmadan bir neçə faktla oxucuları tanış etmək istərdim.

Cəlilabadda yenicə işə başlamışdım. Məndən əvvəlki dövrdə Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu şərab zavodlarını yoxlamış, 800 min manatlıq mənimsə faktı ortaya çıxartmışdı. 8 nəfərin CM-nin 88-1 maddəsi ilə (10 ildən 15 ilədək azadlıqdan məhrum) təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsi mənə tapşırılmışdı. Hakim isə Ali Məhkəmənin üzvü Məmməd Abdullayev idi. İş materialları ilə tanış olanda məlum oldu ki, ittihamdakı məbləğ real mənimsəmə faktından 600 min manat yüksəkdir. Zəng edib İlyas müəllimə dedim ki, istintaq orqanı ittihamı süni şəkildə şişirdib (Şişirtmə bundan ibarət idi ki, Rusiyaya göndərilən 50 tonliq vaqonlarda çatışmayan 10-20 litr çaxırın dəyərini də mənimsəmə kimi ittihama əlavə etmişdilər.). İlyas müəllimin göstərişi ilə Respublika Prokurorunun 1-ci müavini Ələddin Sultanovun yanında 2 gün davam edən müzakirə aparıldı. Müzakirədə DİO-da İstintaq və təhqiqata nəzarət şöbəsinin rəisi İsmət Qayıbov, şöbə prokuroru Vaqif Nəzərov, DİN-nin istintaq bölmə rəisi və Dima adlı müstəntiq iştirak edirdilər. Birinci gün müstəntiqlər, necə deyərlər, məni üstələdilər. İkinci gün müstəntiqlərin bütün dəlillərini Ali Məhkəmənin plenum qərarlarına istinad etməklə alt-üst etdim. Bəzən mübahisəyə keçən müzakirənin gedişində iş o həddə çatdı ki, adını çəkmək istəmədiyim yüksək vəzifəli şəxslərdən biri hirslənərək, dedi:
- Sən prokuror kimi deyil, vəkil kimi danışırsan!
Nəhayət, ittihamdan 600 min manat çıxılmasına razılaşdılar. Müttəhimlərin cəza məsələsində məni ən çox narahat edən, hələ ailə həyatı qurmamış, bütün ömrünü təsərrüfat işlərinə sərf etmiş, Üçtəpə kəndində briqadir işləyən bir qız uşağının taleyi idi. Respublika Prokurorunun müavinləri ilə söhbətdə bu qız uşağına CM-nin 40-cı maddəsini tətbiq edib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb etmək tövsiyə olundu.
Məhkəmədə bütün müttəhimlərə maddənin ən aşağı həddində - 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdim (Bu həmin dövrün qaydalarından kənara çıxmaq idi. Dəymiş ziyanın çox olmasına və ödənməməsinə görə onların hər birinə 14-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edilməli idi.). Riski gözüm önünə alaraq briqadir qızın cəzasının CM-nin 41-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etdim. İnanılması zor olsa da, bütün məhkəmə salonu, o cümlədən müttəhimlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladılar. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin “kəsdiyi barmaq” ağrımamış və mənim müttəhimlər arasındakı qadına humanist yanaşmağım onları da sevindirmişdi.
Məni bu cür riskli qərar verməyim, hətta yüksək vəzifəli şəxslərin sözünü qulaqardına vurmağım İlyas müəllimə olan dərin inamımla bağlı idi. Bilirdim ki, bu böyük insan Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi
Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə humanist idi.
Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib: “Toplardan sərçələrə atəş açmayın!” - səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla işiniz olmasın!” İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməllərini təşkil edir. Ədalət - hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməlinə qanunun tələbinə uyğun layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.
Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun prokurorluğu dövründə cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işlərinin xitam edilməsi 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə insanlar məhkum edilirdilər. Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənənəsi Stalin repressiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin də qarşısı alındı.
1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən bariz nümunəsidir. Hadisənin qısa məzmunu belədir:
Rayon sakinlərindən biri Neft Daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda çalışırdı. Neft Daşlarında olduğu zaman onun işini əmisi oğlu görür və sənədləşdirməni birgə aparırdılar. Hüquq-mühafizə orqanları həmin manqa başçısının fəaliyyətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdılar. Ona qarşı cinayət işi başlanması tələb olunurdu. Materialla tanış olub, cinayət işi başlamağı rədd etmək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaq başı, bu əməl mülki-hüquqi məsələ kimi həll olunmalıydı.
Mənim imtinamı görüb prokurorun özü CM-nin 86 maddəsinin 2-ci hissəsi ilə (təkrarlıq) cinayət işi başladı. Təcrübəli bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika Prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi həmin hökmdən Ali Məhkəməyə protest verərək işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nəhayət, prokuror həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Respublika Prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.
Yaxud başqa bir fakt: 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunaraq Cəlilabada qayıtmışdı.
Mən İlyas müəllimə telefon açaraq, zərərçəkmiş özü olduğuna görə (qanunda bu nəzərdə tutulmamışdır) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi və dedi:
- Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir…
Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi.
Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran prokuror idi.
İlyas müəllim kövrək qəlbli və canıyanan insan idi.

Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım - Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar şöbəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi” - deyə, soruşduqda mənfi cavab verdi Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim və əlavə etdim: “İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”.
Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib...
Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun yanında müzakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq, İlyas müəllimin onu orqanda saxladığını bildirdi.
İlyas müəllim işçilərini kənar müdaxilərdən qoruyan rəhbər idi.
Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsadət qaldırılmışdı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar. Hətta Mərkəzi Komitənin 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmayaraq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişib qonşu rayona prokuror vəzifəsinə təyin etdi. Belə misallardan çox gətirmək olar.
Bəziləri deyirlər ki, İlyas müəllim kinli adamdır. Bəli, kinli və qəddar adam idi! Ölüm, zorlama, narkobiznes işlərini batıranlara, mafiozlara və onlara satılan prokurorluq işçilərinə, öz mənafeyini dövlət və xalq mənafeyindən üstün tutanlara qarşı kinli və qəddar, dönməz, çəkinməz və qətiyyətli prokuror, rəhbər idi. Amma şəxsi hisslərinin heç vaxt əsiri olmayıb.
İlk tanışlığımızı xatırlamaq istərdim. 1980-ci ildə Masallıda prokurorun böyük köməkçisi vəzifəsində işləyirdim. Prokuror məzuniyyətdə olduğu üçün onu əvəz edir və otağında əyləşirdim. Bir gün şəhər telefonu ilə zəng olundu:
- Salam, mən kimlə danışıram?
Dedim:
– Sizə kim lazımdır?
Həmin şəxs təkrarən soruşdu:
- Prokurorluqdur?
- Bəli.
- Familiyanız nədir?
Mən yenə dedim:
- Sizə kim lazımdır və kimsiniz?
Bu sual-cavab bir neçə dəfə təkrar olunduqdan sonra, nəhayət, zəng edən şəxs dedi:
– Danışan Respublika Prokurorunun müavini İlyas İsmayılovdur!
Çox pərt oldum. Özümü təqdim etdim.
Dedi:
- Məmmədov, görünür vətəndaşlarla da belə rəftar edirsiniz ki, Masallıdan 30-40 nəfər şəxs Mərkəzi Komitənin qarşısında toplaşıb.
Sonra zəng etdiyi mövzunu deyib, dəstəyi asdı.
Həmin vaxt mütəntiqlərdən birinin iş yeri dəyişdirilmiş, digər müstəntiq istintaq qrupuna cəlb olunmuşdu. Prokurorluqda mən və prokuror köməkçisi Zəhra xanım Abdullayeva fəaliyyət göstərirdi. Raykomun büro iclasına gedə bilməmişdim. Birinci katib məni çağıraraq, büro iclasına gəlməməyimin səbəbini soruşduqda bildirdim ki, “İcraatımda çoxlu cinayət işləri var, prokuror vəzifəsini icra edirəm. Bir köməkçi var, o da məzuniyyətə gedir”. Birinci katib dəstəyi götürüb, Respublika Prokuroru Abbas Zamanova zəng etdi. Vəziyyəti bildirdikdən sonra dedi ki, “Mən əvvəllər də Sizə demişdim ki, Zəhra Abdullayevanın bu rayonda işləməsi düzgün deyil. Zorla məzuniyyətə getmək istəyir” (Sonradan öyrəndim ki, Birinci katibin Z.Abdullayevanın yerinə öz namizədi var imiş). Mən çox pərt olmuşdum, iş otağıma təzəcə qayıtmışdım ki, İlyas müəllim zəng etdi və Zəhra Abdullayevanı telefona çağırtdırdı (Zəhra Abdullayeva İlyas müəllimin yerlisi idi. Uzun müddət Tovuz Rayon Prokurorluğunda dəftərxana müdiri işləmişdi). İlyas müəllim Zəhra xanımı telefonla məzəmmət edirdi. Zəhra xanım isə “Məzuniyyət əmrim gəlsə də, mən getmək barədə təkid etməmişəm”, - deyirdi. Mən vicdan əzabı çəkirdim. Bir bəhanə ilə Respublika Prokurorluğuna getdim. İlyas müəllimlə görüşdüm. Məni soyuq və rəsmi qarşıladı. Katiblə olan söhbətimi olduğu kimi İlyas müəllimə çatdırdım və söhbətin axırında bildirdim ki, “İş yoldaşımı satmaram və əgər bir qəbahəti olsaydı, birinci katibə yox, prokurorluğun rəhbərliyinə deyərdim”. İlyas müəllim gülümsədi. Ayağa durub əl uzatdı. “Olur belə işlər”, - dedi. Sonradan o, Respublika Prokuroru təyin olunandan bir ay sonra, ilk əmri ilə məni və Sərdar Əliyevi rayon prokuroru vəzifəsinə təyin etdi.
İlyas müəllim praktiki işdə də elmi yanaşmanın tərəfdarı idi. Xatirimdədir, bir cinayət işinin istintaqı ilə əlaqədar Masallı rayon prokuroru Əzizağa Həsənovla birlikdə məni qəbul etmişdi. İlyas müəllim söhbətə Əzizağaya yüngülvari iradla başladı:
- O qadına həm ağır cəza vermisiniz, həm də əməlini düzgün tövsif etməmisiniz. Əməlin düzgün tövsif edilməməsi və cəzanın ağırlığından protest vermişəm.
Biz hər ikimiz təəccüblə İlyas müəllimə baxdıq.
Həmin cinayət işinin qısa məzmunu: Masallının kəndlərindən birində yaşayan Nənəxanım adlı qadın cindarlıq edib, müxtəlif üsullarla camaatı aldadaraq külli miqdarda pul əldə etmişdi. Qadın haqqında CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə (dələduzluq) cinayət işi başlanmış, ona həmin maddə ilə ittiham elan olunmaqla iş məhkəməyə göndərilmişdi. İşin məhkəmə araşdırmasında dövlət ittihamını Əzizağa Həsənov özü müdafiə etmişdi. Məhkəmənin gedişi televiziyanın “İnsan və qanun” verilişi ilə bütün respublikaya yayınlanmış, hətta tamaşaçıların xahişi ilə təkrar göstərilmişdi. Nənəxanım 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. İlyas müəllim bildirdi ki, keyfiyyətli iş aparmısınız. Məhkəmədəki çıxışın da yaxşı idi, lakin qadının əməli CM-nin 147-ci maddəsi ilə deyil, 142-1 maddəsi ilə (dini xurafatdan tamah məqsədi ilə istifadə etmə) tövsif edilməlidir. Xüsusi norma həmişə ümumi normanı üstələyir. Ona görə də protest vermişəm.
Bir neçə aydan sonra Ali Məhkəmə protestə baxaraq təmin etdi və qadın azadlığa çıxdı.
Həmin dövrdə Quba və Qaradağ rayonlarında böyük ictimai təhlükə törətməyən əmələ görə məhkəmələr təqsirləndirilən şəxslərə həbslə əlaqədər cəza vermişdi. İlyas müəllimin təşəbbüsü ilə cəzanın ağılığından Azərbaycan SSR Ali Məhkəməsinə verilən protestlər təmin edilməmişdi. Belə olduqda İlyas müəllim SSRİ Baş Prokurorluğuna təqdimatla müraciət edir. SSRİ Ali Məhkəməsi Baş Prokurorluq tərəfindən cəzanın ağırlığından verilmiş protestləri təmin edir və hər iki müttəhim azadlığa qovuşur.
İlyas müəllim bütün ciddiyyəti ilə bərabər qanunlara və qaydalara əməl etmək nümunəsi göstərirdi. Bir misal çəkəcəm. Hər il yanımda stajyor olurdu. Stajyorluq müddəti qurtardıqdan sonra prokuror xasiyyətnamə yazır və hansı işə yararlı olduğunu göstərirdi. Mən stajyorları bütün sahələrdə çalışdırır və xasiyyətnamə yazarkən prokuror köməkçisi vəzifəsinə tövsiyə edirdim. (Mircavan Kazımov, Fəxrəddin Qəhrəmanov, Şakir Səmədov və s.) 1989-cu ildə Əhməd Abdullayevin stajyorluq müddəti başa çatdı. Onu da prokuror köməkçisi vəzifəsinə tövsiyə etdim. Kadrlar İdarəsinin prokuroru telefonla zəng edərək bildirdi ki, Əhməd Abdullayevi müstəntiq vəsifəsinə təyin etmək istəyirik. Mən etirazımı bildirdim. Səhərisi günü bu məsələ ilə əlaqədar Kadrlar İdarəsinin rəisi zəng etdi. Mən yenə etirazımı bildirdim. Axşamüstü Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev mənə telefon açdı və dedi ki, biz İlyas müəllimlə qərara gəlmişik ki, Əhməd Abdullayevi müstəntiq vəzifəsinə təyin edək. Sən nə üçün etiraz edirsən?
Dedim:
- Mirağa müəllim, mən onu prokuror köməkçisi kimi yetişdirmişəm. Onun müstəntiq təyin olunmasını məsləhət bilmirəm.
Mirağa müəllim bir az əsəbi formada dedi:
- Hamımız ağızdolusu Qarabağ-Qarabağ deyirik. Biz Əhməd Abdullayevi Şuşa Rayon Prokurorluğuna müstəntiq təyin etmək istəyirik…
Yalnız bundan sonra razılığımı bildirdim və Əhməd Abdullayev həmin gün Şuşa Rayon Prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edildi. Bu misalı ona görə çəkirəm ki, təyinat məsələsi Respublika Prokurorunun müstəsna səlahiyyətinə aid olsa da, İlyas müəllim qəbul edilmiş qaydalardan kənara çıxmırdı.
Sual oluna bilər: Nə üçün yeni respublika rəhbərliyi İlyas müəllimlə işləmək istəmədi? Mən geniş araşdırma aparmadan və təfərrüatlara varmadan bir neçə hadisəni danışmaq istəyirəm.
Hələ Respublika Prokurorunun müavini olarkən İlyas müəllimin yüksək ranqlı bədxahları əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə müəssisələrində qanunların icra vəziyyəti SSRİ Baş Prokurorluğu tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsi SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunur. Qərəzli tərtib olunmuş arayışda bütün çatışmazlıqlar İlyas müəllimin adına yazılmışdı. İlyas müəllim faktlarla və məntiqin gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri barədə danışır, arayışdakı qərəzli fikirləri alt-üst edir.
SSRİ Baş Prokuroru Rekunkov deyir:
- İlyas İsmayılovu cəzalandırmaq lazım deyil. (Məqsəd İlyas müəllimə cəza verilməsi və gələcək inkişafına mane olmaq idi).

Bir neçə aydan sonra Voronej şəhərində SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq və muxtar respublika prokurorları müavinlərinin müşavirəsi keçirilir. Rekunkov müşavirədə çıxış edənlərin demək olar ki, hamısına iradını bildirir və kəskin formada tənqid edir. Çıxışçılar siyahısında olmasa da, Baş Prokuror İlyas müəllimi tribunaya dəvət edir. İlyas müəllimin çıxışından sonra ona heç bir irad tutulmur. Bu onu göstərirdi ki, Rekunkov yüksək səviyyəli hüquqşünas kimi İlyas müəllimə böyük rəğbət bəsləyirdi. Həmin ilin sonunda İlyas müəllim ehtiyatda olan respublika prokurorlarının bir aylıq kursuna dəvət olunur. Kursda olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət, 1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsinə təyin edilir.
İlyas müəllimin partiya orqanlarını qane etməyən ilk hərəkəti “təhkimçiliy”-in aradan qaldırılması oldu. Prokuror kolxoz və yaxud sovxoza təhkim edilir, iclaslarda təsərrüfat işlərinin gedişi barədə sorğulanırdı. Bu da prokuror nüfuzuna büyük zərbə vururdu. Nüfuzu olmayan prokuror başqalarının hüquqlarını necə qoruuya bilərdi? Ona görə də İlyas müəllim “təhkimçiliy”-in ləğv olunması barədə Mərkəzi Komitə qarşısında məsələ qaldırır və çətinliklərə baxmayaraq, istəyinə nail olur. Respublika Prokuroru vəzifəsində işlədiyi ilk aylarda MK-nin 1-ci katibi K.Bağırovla yüngülvari narazılıqları olur. Lakin tezliklə Kamran Bağırov kimin-kim olduğunu bilir, İlyas İsmayılov şəxsiyyətini dəyərləndirir, ona önəm verir və bu hissləri ömrünün sonuna qədər saxlayır.
Haşiyə: Uzun illər partiya orqanlarında yüksək vəzifələrdə çalışmış, 1995-2000-ci illərdə Milli Məclisin üzvü olmuş Maksim Musayevin dediklərindən: “Az.TV-nin keçmiş sədri Məmməd Muradın mənə dediyinə görə, 2000-ci ildə ömrünün son günlərini yaşayan Azərbaycan Kommunist Partiyasının keçmiş I katibi Kamran Bağırova baş çəkməyə gedir. Mərhum Kamran müəllim ömrünün son anlarında belə, özündən çox respublikanın halını düşünürmüş. O, Məmməd Murada İlyas İsmayılovdan muğayat olmağı vəsiyyət edib. Deyib ki, İlyas İsmayılov çox dəyərli vətənpərvərdir. Onun Respublika prokuroru olduğu illərdə Moskva eynilə Özbəkistandakı kimi Azərbaycanda da “pambıqla baş kəsmək” istəyirmiş. Respublikanın bütün rəhbərliyi , o cümlədən Kamran Bağırovun özü də bu təhlükə qarşısında aciz imişlər. Azərbaycanı gözlənilən təhlükədən İlyas İsmayılovun qətiyyəti xilas edib. O, pambıq “pripiska”sını yoxlamaq adı altında respublikamıza gələn SSRİ Prokurorluğunun əməkdaşlarını geri qaytarıb”.
Məişət Xidməti nazirinin əmri ilə bir nəfər işdən çıxarılır. Həmin şəxs Respublika Prokurorluğuna müraciət edir. Yoxlama zamanı şəxsin qanunsuz olaraq işdən çıxarılması müəyyən olunur və işə bərpa edilməsi barədə protest verilir. Lakin protestin baxılması gecikdirilir. Bir neçə gündən sonra MK-nin 2-ci katibi Y.Konovalov İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə nazir B.Alekseyenkonu da orada görür. Y.Konovalov yarı zarafat, yarı ciddi deyir:
- İlyas Abasoviç, nazir Sizdən narazılıq edir.
İlyas müəllim sərt şəkildə cavab verir:
- Mən bu naziri qanunlara hörmət etməyə vadar edəcəyəm!
Y.Konovalov, “gedə bilərsiniz, İlyas Abasoviç”,- deyə onu yola salır. Səhəri günü protest təmin edilir və həmin şəxs əvvəllki işinə bərpa olunur.
Bakı şəhər prokuroru Əliş Əliyevin prokurorluq müddəti 1989-cu ilin may ayında tamam olur. Əliş müəllimin xahişinə əsasən İlyas müəllim onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına gəlir. MK-nin 1-ci katibi Ə.Vəzirov büro iclasında bu məsələyə sərt reaksiya verir. İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim ona kəskin cavab qaytararaq, iclas zalını tərk edir.
1990-cı ilin fevral ayında keçirilən kollegiya iclasında MK-nın inzibati orqanlarla iş şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən o, özünəməxsus ötkəm formada dedi:
- Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün onlar rus dilində danışırdılar).
Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik üçün İlyas müəllimin, necə deyərlər, arzuolunmaz şəxs olmasının səbəblərini oxucuya izah edə bildim...
İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi tərəfindən haqsız təzyiqə məruz qalmasını görən Azərbaycan ziyalıları və hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni unudulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən yazılmış bir teleqramı oxucuların nəzərinə çatdırıram:
“Azərbaycan KP MK-nin bürosuna
Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı , ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları, təəssüf ki, çoz azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman bizə bağışlamaz.
Xalqımızın düçar olduğu bu bəlada hamımızın – həm bizim hər birimizin və həm də böyük uğur sahiblərinin günahı vardır. Zaman hər kəsin payını verəcəkdir, buna şübhə olmamalıdır. İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir.
Hörmətlə: Məmməd Xələfov - h.e.d professor
Murtuz Ələsgərov - h.e.d. professor
Məsumə Məlikova - h.e.d. professor
Qasım Manayev - h.e.d. professor
Əziz Əsədov - h.e.d. professor
Tofiq Qafarov - h.e.d. professor
Əyyub Əsgərov - h.e.d. professor
Cəfər Mövsümov - h.e.d. professor
Kəmalə Sarıcalinskaya - h.e.n. dosent
Məmmədxan Rəsulov - h.e.n. dosent
Yusif Mehdiyev - h.e.n. dosent
13 mart 1990-ci il”
Oxucuya belə görünə bilər ki, mən İlyas müəllimə yaxın adam olmuşam. Xeyr! İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında Moskvada yaşayan yaxın dostum Yaşarla İlyas müəllimin görüşünə getdim və bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:
- Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir stolda oturmaq nəsib olub.
Məclisdə iştirak edən İlyas müəllimin dostu sözümü kəsərək, dedi:
- Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim yaxın dostsunuz. Bu isə deyir ki, mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm...
Cavabında İlyas müəllim dedi:
- Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub.
Corc Cordan adlı xristian bir yazar Həzrət Əli(ə) haqqında bir tədqiqat əsərində qeyd edir: “Mən Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim buna imkan vermədi. İsanı Əlidən üstün tutmağı isə vicdanım rəva görmədi”. Yazar bu tərəddüdünün səbəbini Həzrət Əlinin ədaləti və Allaha bağlılığı ilə əsaslandıraraq, deyir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”.
Mən hər dəfə İlyas müəllim haqqında fikirləşəndə, Həzrət Əli(ə) haqqında deyilən bu fikirləri xatırlayıram. Çünki İlyas müəllimdə də ədalət hissi həddindən artıq güclüdür və onun hazırda cəmiyyətimizdə layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli ittihamlarla qarşılaşması da məhz bu məziyyətindən irəli gəlir.
Bəziləri düşünə bilər ki, İlyas İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi üçün bu yazını qələmə almışam. Bəri başdan demək istəyirəm: Mən Çəlilabad rayon prokuroru vəzifəsinə təyin ediləndə 4 il idi ki, Respublika Prokuroru A.Zamanovun əmri ilə ehtiyatda olan prokurorlar siyahısına salınmışdım. İl yarım idi Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyirdim. Həmin vaxtlar respublikanın 3 və ya 4 rayonunda prokuror müavini ştatı var idi. İlyas müəllimin yerinə kim Respublika Prokuroru vəzifəsinə gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin olunacaqdım. Bu mənada təyinatımı İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə hörmət edən bir şəxsiyyət kimi, vəzifəsindən irəli gələn addımı atmışdı. O başqa məsələdir ki, öz vəzifəsini layiqincə yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət hər kəsə nəsib olmur. İlyas müəllimdə isə bu qabiliyyət fitridir.
Gənclik illərindən dostluq münasibətində olduğum böyük yazarlarımızdan biri mənə sual etdi: “İlyas müəllimdən söhbət düşəndə həmişə ağızdolusu tərifləyirsən. Özün dediyin kimi, o qədər kimsəsizlərə, arxasızlara, yetimlərə dayaq olub İlyas müəllim. Heç onlardan bu tərifləri eşitmirik...”
Mən dostuma cavb verdim: “Böyük fransız yazıçısı və sosialisti Anri Barbüss N.Ostrovskinin “Polad necə bərkidi” əsərini oxuduqdan sonra deyir: “Adam bu əsəri oxuyarkən insan olmağı ilə fəxr edir”. Mən də İlyas müəllimin rəhbərliyi altında işləyərkən, prokuror olmağımla fəxr etmişəm”...

Şərhlər
Hörmətli Ələmdar müəllimə Sumqayıt hadisələri zamanı ermənilərin sifarişi ilə Rusiyaya təhvil verilən günahsız Vətən övladlarını xatırlatmaq istəyirəm.
Bəs, Sumqayıt hadisəsinə görə ailənin yeganə övladı olan Əhməd Əhmədovu Rusiyaya, ermənilərə kim təhvil vermişdi? Sonda Əhmədi günahsız yerə güllələdilər!. Unutqan olmayaq!
İlyas müəllim görəsən Qaralovun fəaliyyətnə hansı qiyməti verər?
Əıəmdar muəııim butun yaziıarinizi oxuyuram amma İıyas muəııim haqqinda yaziıariniz xususi səmmiyəti iıə seciıi.Yaziya görə saq oıun.İıyas muəııimi ad gunu munasibəti iıə təbrik edirəm.
İlyas İsmayılov, Azərbaycan tarixində saf həyat yolu keçmiş böyük şəxsiyyətlərdəndir.
Hebs olanlar rehmete gefibler indi bizim de yeniyetme dovrimuz mehv oldu kaş ki hebsler olmazdi 2-3 il hebsde qaldilar sonradan heyder eliyevin gosterişi ile azad oldular bax bele ,,,,,,,,,neçe ailenin arzusu mehv olduziyali tebeqede
Başa duşmedim hebs olunanlar 85/- ci iıde kimler idi aileler mehv oldu pambiq prisipkasinda2-3 il hübsde oldular
Əgər başqa planetdən gələnlər bizə bir nəfər azərbaycanlı göstərin desələr,mən tərəddüd etmədən İlyas müəllimi seçərdim.Ad gününüz mübarək İlyas müəllim!
İlyas İsmayılovu səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Allah İlyas müəllimi var eləsin, 100 illik yubileyini qeyd etməyi bizə nəsib eləsin.
İlyas İsmayılovu təbrik edir, sağlamlıq və uzun ömür arzu edirəm. Şükür Allaha ki, fəxr etməli ziyalılarımız var. Allah valideyinlərinə rəhmət etsin.
Hörmətli ziyalımız, baş ədliyyə müşaviri Ələmdar müəllim Məmmədovun, daim hörmətlə xatırladığım əziz müəllimim İlyas İsmayılov haqqındakı yazısını böyük maraqla oxudum. Geniş oxucu auditoriyasının mühakiməsinə təqdim olunan ictimai əhəmiyyətli maraqlı yazıda hamıya, xüsusən, hüquq-mühafizə sahəsində çalışanlara önəmli didaktik xatırlatmalar vardır: səlahiyyət sahiblərinin ədalət prinsipindən, obyektivlikdən və qanunilikdən uzaqlaşmamaları, subyektivizmin, traybalizmin, proteksiyanın və şəxsi maraqların əsirinə çevrilməmələri üçün onlara nəzarət edən ciddi hüquqi institut olmalıdır ki, regional və sosial mənsubiyyətindən asılı olmayaraq heç kim yol verdiyi qeyri-qanuni hərəkətlərə görə cəzasız qalacağı xülyasına qapılmasın.