Rusiya Ukraynaya qarşı müharibədə böyük itkilər verir və onları gizlətməyə çalışır. Ölənlərin bəziləri qohumlarına təhvil verilir, bəziləri isə sadəcə olaraq sərhəd yaxınlığında məhv edilir. Səyyar krematoriyalar yaxşı öhdəsindən gəlmir, buna görə də Rostovda ərimə sobalarından istifadə olunur. Bu barədə “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı hüquq müdafiəçisi Mark Feyqin danışıb.
“Eşitdiyimə görə, Rostovda qalıqları yandırmaq üçün ərimə sobalarından istifadə edirlər. Orada müxtəlif fabriklər var və onlar böyük miqyasda yandırmaq üçün istifadə olunur. Sadəcə olaraq, sərhədyanı şəhərlərdə krematoriya yoxdur”, - deyə o bildirib.
***
Ukrayna silahlı qüvvələri Xarkov şəhəri yaxınlığında əks-hücuma keçir. İzyum şəhəri yaxınlığındakı Balakleyski rayonunun Qusarovka kəndi Rusiya işğalçılarından azad edilib.
Şiddətli döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın 60 ədədə yaxın hərbi texnikasını məhv etməyə müvəffəq olub. İlkin məlumatlara görə, yüzdən çox rusiyalı əsgər həlak olub.
Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında bildirib ki, İzyum istiqamətində döyüşlər davam edir.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - O.Sinegubov yazıb.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları bəzi digər yaşayış məntəqələrindən qovub.
Ukrayna hərbi qüvvələrinin Xarkovun Olxovka kəndini ruslardan azad etməsi nəticəsində qarşı tərəfdən 70 əsgərin öldürüldüyü, 27-nin isə əsir götürüldüyü bildirilib.
Rusiya əsgərlərinin əsir düşdüyü əks etdirən yeni görüntülər yayılıb.
Görüntüləri təqdim edirik:
Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka və Malinovka kəndini də Rusiya qoşunlarından geri alıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.
O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir.
İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib.
“Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib”, - mer deyib.
Eyni zamanda Zaporojye vilayətinin ərazi müdafiə qüvvələri daha əvvəl Malinovkanı da Rusiya hərbçilərindəm azad edib. Məlumata görə, qarşı tərəf onlarla hərbçi itirib.
Zaporojye Regional Hərbi Administrasiyası məlumatı təsdiqləyib, bildirilir ki, kənd tamamilə azad olunub.
Qeyd edilir ki, hücum əməliyyatı nəticəsində ukraynalı müdafiəçilərlə döyüşdə Rusiyanın 80-dək hərbçisi həlak olub, bir neçə zirehli texnikası sıradan çıxarılıb, həmçinin motoatıcı bölmənin sənədlərini və silahlarını ələ keçirib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri yaşayış məntəqələrini rusiyalı hərbçilərindən azad edərək, Sumı bölgəsinin ərazisində güclü əks-hücum əməliyyatını davam etdirir. Ukrayna ordusunun bölmələrinin təzyiqi altında Rusiya qoşunları Xarkov bölgəsinə qaçır. Bu barədə hərbi ekspert Aleksandr Kovalenko "Facebook" sosial şəbəkəsindəki səhifəsində daha bir yaşayış məntəqəsinin Rusiya işğalçı qüvvələrindən təmizlənməsini əks etdirən videonu şərh edərək məlumat verib.
"Ukrayna Silahlı Qüvvələri bir-birinin ardınca yaşayış məntəqələrini azad edərək, Sumı bölgəsindən işğalçıları sıxışdırmaqda davam edir. İşğalçıların bir hissəsi Rusiya Federasiyası ərazisinə doğru gedir, bir qismi isə Xarkov istiqamətinə", - o yazıb.
Yayımlanan videoda döyüşün fraqmenti əks olunub: tankların dəstəyi ilə ukraynalı hərbçilər qəsəbəyə daxil olub və çoxlu sayda rusiyalı əsgəri əsir götürüb. İşğalçılar silahlarını yerə ataraq təslim olublar.
Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçuların yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub.
“Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir. İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhalini terror və qorxutmaqda davam edir. Oğurluq, insan və əmlak oğurluğu halları çoxdur”, - Baş Qərargahdan bildirilib.
Məlumata görə, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib.
Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.
Ukrayna Rusiyanın müharibədəki canlı qüvvə və texnika itkilərinin son statistikasını da açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, fevralın 24-dən martın 27-dək Rusiya 16 600 canlı qüvvə itirib.
Həmçinin Rusiyanın 582 tankı, 1665 zirehli döyüş maşını, 294 artilleriya sistemi, 121 təyyarəsi, 127 helikopteri, 1144 avtomobil texnikası, 7 kateri, 56 dronu, 73 yanacaq çəni məhv edilib.

Bu arada məlum olub ki, Rusiya qüvvələri şimalda Xarkov və cənubda Mariupoldan irəliləyərək ölkənin şərqində birbaşa separatçı bölgələrlə üz-üzə olan Ukrayna qüvvələrini mühasirəyə almağa səy göstərir.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Ukraynanın şimalındakı döyüş meydanı əsasən durğun olaraq qalır, Ukraynanın lokal əks-hücumları Rusiya qüvvələrininin yenidən təşkili cəhdlərinə mane olur”, - nazirlikdən bildirilib.
Rusiya Ukraynada ən son sistemlərindən istifadə etməklə şəhərləri bombalamaqda davam edir.
Federasiya “Zemledeliye” distant mədən mühəndisliyi sistemindən istifadə edərək Xarkov vilayətini bombalayıb.
Həmin görüntüləri təqdim edirik:
Rusların cinayətkarcasına bombardımanı nəticəsində Ukraynada müharibədə 139 uşaq ölüb. Bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram”-dakı paylaşımında bildirilib.
Qeyd edilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra ötən dövr ərzində 205 uşaq da yaralanıb.
Bombalanma nəticəsində 733 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 74-ü tam dağılıb.
"AzPolitika"

Şərhlər