Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir. 

***

Rusiya hərbi birləşmələri bütün istiqamətlərdə, o cümlədən Borispol və Brovarski rayonlarından geri çəkilir. Bu barədə yerli sakinlər sosial şəbəkələrdə yazır.

Borispol və Brovarski rayonlarında da rus bölmələrinin geri çəkilməsinə dair sübutlar da var.

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını (AES) tərk etmək niyyətlərini stansiyanın ukraynalı heyətinə bəyan ediblər. Rusiya hərbçiləri həmçinin, peyk şəhəri Slavutiç şəhərini tərk etməyə hazırlaşır.

Məlumata görə, Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da var. (UNİAN)

Ukrayna sərhədçiləri istiqamətlərdən birində Rusya hərbçilər qrupununun irəliləməsini dayandırıb. Bu barədə RBC-Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri gizli şəkildə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə soxulmağa cəhd ediblər. Ukrayna hərbçiləri onları avtomat, qumbaraatan və pulemyot atəşi ilə qarşılayıb.

Azad edilən İrpen şəhərində isə polis mülki şəxslərin cəsədlərini toplayır. Bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, təkcə son 24 saat ərzində ölənlərin 14-ü morqa təhvil verilib: "Meyitlərin axtarılması və toplanması işlərinə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri, general-leytenant Pavlyuk şəxsən rəhbərlik edir. İlk növbədə, İrpin şəhərində işlər aparılır. Dünən , xüsusi qrup işləyib. Rus hərbçilər ölən vətəndaşlarımızın cəsədlərini minalaması ehtimalı var. Təbii ki, biz Fövqəladə Hallar Dövlət Xidmətinin mütəxəssislərinin köməyindən istifadə edəcəyik”.

Nebytovun sözlərinə görə, icazəsiz basdırılanlar çoxdur və polisin cəsədlərin eksqumasiya edilməsi, şəxsiyyətin müəyyən edilməsi üçün hələ çox işi var: "Cəsədlərin qohumları tərəfindən normal dəfn edilməsi üçün məlumatları ümumiləşdirəcəyik”. 

Ukraynalı hərbi jurnalist Yuri Butusov Kiyev vilayətində, Kiyev-Xarkov-Dovjansk şossei yolunda Rusiya işğalçılarından azad edilmiş ərazidən reportaj hazırlayıb.

Reportaja əsasən ruslar şosse yolunun kənarında mövqe tutaraq çoxsaylı mülki avtomobillərə atəş açıblar, dinc insanları qətlə yetiriblər.

"Rusiya ordusu bura döyüşməyə yox, ukraynalıları öldürməyə gəlib. Rus dünyası bax belədir",-jurnalist bildirir.

***

Ukrayna ordusu bəzi istiqamətlərdə əks- hücuma keçib.  Zaporojye vilayətində bir neçə kəndi azad ediblər.

“AzPolitika.info” “UNİAN”-a istinadla xəbəbr verir ki, bu barədə Hava Desant Hücum Qoşunlarının Komandanlığından məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qüvvələrinin bölmələri Zaporojye vilayətinin müdafiə dəstələri ilə birlikdə Zatışye, Malinovka, Veseloye, Zeleni Qay və Çervonoye yaşayış məntəqələrini rus işğalından azad edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Zaporojye vilayətinin Orlovo yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.

Ukrayna Silahlı Qüvvələri eyni zamanda  Xerson regionunun Orlovo, Zagradovka və Koçubeyevka kəndlərinə nəzarəti geri qaytarıb.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Dnipropetrovsk regional şurasının rəhbəri Nikolay Lukaşuk Telegram kanalında bildirib.

O, yaşayış məntəqələrinin Krivoy Roq şəhərindən 50 kilometr məsafədə yerləşdiyini qeyd edib.

Lukaşuk əlavə edib ki, regionun inzibati sərhədləri Ukrayna Silahlı qüvvələrinin, Milli Qvardiyanın və müdafiə dəstələrinin nəzarətindədir.

Rusiya hərbçiləri isə Donetsk vilayətinin mərkəzi hissəsini atəşə tutublar, Maryinka, Krasnoqorovka və Novomixaylovkada fosfor mərmiləri tətbiq edilib.

Bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində 11 nəfər yaralanıb, onlardan dördü azyaşlıdır.

***

“Rusiya rəhbərliyi işğal etdiyi ərazilərdə müvəqqəti yerli hakimiyyət orqanlarının formalaşdırılması məsələsini nəzərdən keçirir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsindəki operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiyada həmin əraziləri idarə etmək üçün güc strukurlarına, prokurorluq və məhkəmə orqanlarına əməkdaşlar seçilir. Bu seçkidən sonra onlar Ukrayna ərazisinə göndəriləcək: “Xerson vilayətində psevdorespublikanın yaradılması ssenarisinin reallaşdırılması üçün Rusiya Federal Təhlükəsizlik Xidməti, 652-ci informasiya-psixoloji əməliyyat qrupu və RF Baş Qərargahının 12-ci idarəsinin əməkdaşları işləyir. Onlar əsasən “izahedici işlə” məşğul olacaq”.

Bildirilib ki, Rusiya Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşunun 60-cı əlahiddə motoatıcı briqadasının bölmələrinin iki komandiri döyüş əmrini yerinə yetirməkdən imtina etdikləri üçün tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə, Baltik donanmasının birlik və hərbi hissələrində, o cümlədən 11-ci ordu korpusunun 79-cu əlahiddə motoatıcı briqadasının hərbçiləri hərbi xidmətin müddətinin uzatmaq üçün müqaviləni imzalamaqdan imtina ediblər.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisinə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir.

“Donetsk və Luqansk istiqamətində 5 hücumun qarışısı alınıb. Ukrayna hərbçiləri 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusu məhv edib. Ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Donanması 7 hava hədəfini – 4 döyüş təyyarəsi, bir PUA və 2 qanadlı raketi sıradan çıxarıb.

Rusiya çoxlu sayda canlı qüvvə itirib”, - Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatında vurğulanıb.

Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb.


Bu arada Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin ümumi sayıda məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 500 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 614 ədəd tankı, 1 735 ədəd zirehli döyüş maşını, 311 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 135 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1201 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 22 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib

Qeyd edək ki, ABŞ kəşfiyyatının hesablamalarına görə də Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib.

Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub: "Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam anlamayıb".

"Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim qiymətləndirməmizə görə, 10 mindən çox rusiyalı həlak olub. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq", Nuland müsahibəsində deyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya hərbçiləri Ukraynanı ən çox “Kalibr” və “X-55” raketləri ilə atəşə tutur. Atəş Qara və Xəzər dənizlərinin sularından həyata keçirilir.

O qeyd edib ki, işğalçılar Ukrayna ərazisinə zərbələr endirmək üçün təyyarələrdən istifadə edirlər. İşğalçılar zərbələr üçün “İsgəndər” tipli raketlərdən də istifadə edir, lakin Ukrayna Silahlı Qüvvələri onları vurmağı öyrənib.

İqnat etiraf edib ki, Rusiya ilə müharibə zamanı hətta təyyarə pilotları raketləri vurmağı öyrəniblər. "Bu çətindir, çünki bir anda bir neçə şərt nəzərə alınmalıdır, lakin mümkündür", - o əlavə edib.

Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da əlavə edib ki, Yavorivski poliqonu əvvəllər deyildiyi kimi Qara dənizdən deyil, Xəzər dənizi ərazisindən atəşə tutulub.

“Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqələrinə azı 24 dəfə kasset bombası atıb”. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu döyüş sursatının 2010-cu il avqustun 1-dən tətbiqi qadağan edilib.

Qeyd edək ki, kasset bombalarının içində 100, bəzən daha çox kiçik bombacıqlar var. Bu da onun dağıdıcı və məhvetmə gücünü dəfələrlə artırır. Onun tank və piyada əleyhinə, yandırıcı və başqa növləri var. Bu bombanın tətbiqinin qadağan edilməsi ilə bağlı 2008-ci ilin mayında İrlandiyanın paytaxtı Dublin şəhərində hazırlanan konvensiya həmin il dekabrın 3-də 93 dövlətin imzasıyla qüvvəyə minib. 2018-ci ilədək sənədi 120 dövlət imzalayıb. ABŞ, Rusiya, Çin bu müqaviləyə imza atmaqdan imtina edib. Habelə Hindistan, Braziliya, İsrail, Cənubi Koreya, Pakistan da kasset bombalarının qadağanına qoşulmayıb.