Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.
"Azəriqaz" İB-dən məlumat verilib ki, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub.
Məlumatda bildirilir ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.
***
05:10
"Hadisə yerinə 35 təcili tibbi yardım briqadası göndərilib. Hal-hazırda da həkimlər orada çalışırlar. Saat 4:30-a olan məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb".
Bunları Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib
"Yaralılardan 13-ü kişi, 11-i qadındır. təcili tibbi yardım briqadalarının həkimlərindən aldığımız məlumata görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb. Lakin müxtəlif dərəcəli travmalılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni xəbərlər daxil olan kimi əlavə məlumatlar veriləcək", - nazirlik rəsmisi əlavə edib.
***
05:01
"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.
***
FHN Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir: “3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.
Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var”.
***
04:50
Bakının mərkəzində güclü partlayış olub. Bu barədə “Report”a hadisə şahidləri xəbər verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.
İlkin məlumata görə, partlayış zamanı bir nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

Şərhlər
Ramazan ayının hörmetini saxlamayanlara Allahın belası bele olur.
Bunnan sora qelet eleyib qetmesinner qece klublarna) Qece klublari baqlanmalidi !!!! bu bizim mentalitete uyqun deyil !!! Ûmumiyyetle biz ,, hansi dine qulluq edirik ? bilen varsa yazsin ..
Gecə klubları bağlamaq lazımdır. Pozqunluqdan başqa bir şey deyil. Gecə vaxtı düz adamlar yatır. Əyrilər isə əyləncə ilə məşquldular.
Normal adamlar gece vaxti evde yatir, klublarda sulenmir. O cavan ushaqlarin(esasda qizlarin) ne ishi var orda? Valideynler hara baxir?