İKİTƏRƏFLİ, YOXSA ÜÇTƏRƏFLİ KOMİSSİYA? – Kremlin ruporunun Brüssel razılaşmasını təhrif etmək cəhdi

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı(Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında aprelin 6-da Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə bağlı mühüm razılıqlar əldə olunub. Bununla bağlı yayımlanan bəyanatda aprel ayının sonuna qədər tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunduğu qeyd edilir.

Mühüm məqamlardan biri odur ki, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya Minsk Qrupu həmsədrlik institutuna dair heç bir istinad yoxdur. Beləliklə də Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə, ən əsası Rusiyasız(!) birbaşa danışıqları nəzərdə tutan yeni format və mexanizm yaranmış olur.

Lakin təbii ki, Ukraynaya qarşı işğalı ilə beynəlxalq nüfuzu ayaqlar altına atılan, artıq nəinki sülhməramlı, istənilən hər hansı bir beynəlxalq vasitəçilik missiyası tam inamsızlıqla qarşılanan Rusiya buna rəğmən, Azərbaycanla Ermənistanın başqa bir formatda görüş və anlaşmalarının əleyhinədir. Uzun illər bu görüşləri, danışıqları, eləcə də regiondakı siyasi prosesləri öz monopoliyasında saxlayan Kremlin Brüsseldəki artıq sayca ikinci görüşə münasibəti də müsbət ola bilməzdi. Bunu Ermənistan siyasi mühitində və mətbuatındakı ab-havadan da görmək olar.

Məlum olduğu kimi, ruspərəst revanşist qüvvələr Brüssel görüşü ərəfəsində İrəvanda etiraz aksiyası keçirdilər və onların əsas məqsədinin Rusiyanın prosesə və ümumilikdə regiona təsir imkanlarına xidmət etdiyi heç bir şübhə doğurmur. Buna paralel olaraq, erməni mətbuatındakı Rusiya yanlıları və birbaşa Kremlin xidmətində olan mətbu orqanlar da aktivləşiblər.

Məsələn, “Sputnik Armenia” Brüsseldə delimitasiya ilə bağlı yaradılması nəzərdə tutulan ikitərəfli komissiyanı “üçtərəfli komissiya” kimi təqdim edib və bu zaman guya Ermənistan hökumətinin mətbuat xidmətinə istinad edib: “Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinə görə, aprelin sonunadək Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı üçtərəfli(!) komissiyanın yaradılması razılaşdırılıb”. 

Həmin xəbərdə üçtərəfli komissiyanın ötən ilin noyabrında keçirilən Soçi görüşünün nəticələrinə əsasən fəaliyyət göstərəcəyi bildirilir və təbii olaraq, üçüncü tərəf kimi də Rusiya nəzərdə tutulub. Bununla da faktiki olaraq, aprelin 6-da keçirilən görüşün nəticələri, hətta Aİ rəhbərinin rəsmi bəyanatı Rusiyanın xeyrinə təhrif olunub. 

Lakin bu ucuz “tryuk” tezliklə öz əhəmiyyətini itirdi. Belə ki, digər erməni mətbu orqanları sözügedən komissiyanın məhz ikitərəfli olacağını bildirəndən və bununla bağlı rəsmi mənbələrin yayımladığı məlumatlar geniş şəkildə yayılandan sonra Kremlin təbliğat maşınının əsas nümayəndələrindən olan Marqarita Simonyanın “Sputnik Armenia”-sı “texniki səhvini” düzəldərək, sonrakı xəbərlərində komissiyanın ikitərəfli olduğunu bildirib.

Nəhayət, Brüssel razılaşmasıyla bağlı məsələdə bir məqamı da qeyd etmək vacibdir. Ermənistanın hazırkı hökuməti hər nə qədər özünü Qərbpərəst və demokratik kimi təqdim etməyə çalışsa da, Rusiyanın Ukraynaya qarşı işğalı fonunda qətiyyən Qərbin və sivil dünyanın münasibətilə uzlaşan siyasət yürütmür, faktiki olaraq Rusiyanın işğalını dəstəkləyir. Hətta özünə aid dörd yeni SU-30CM qırıcılarını da Rusiyanın ixtiyarına verib. Bundan Qərbin də, o cümlədən Aİ rəhbərliyinin də yaxşı xəbəri var.

Azərbaycan isə Ermənistandan fərqli olaraq, Ukraynaya dəfələrlə humanitar yardım göstərib və bu prosesi davam etdirir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski də çıxışlarında dəfələrlə qeyd edib və Azərbaycana təşəkkürünü bildirib. Sonuncu dəfə Ukrayna Prezidentindən belə bir açıqlama qısa müddət əvvəl Ukraynada kənd təsərrüfatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan tərəfinin təqdim etdiyi yanacaq dəstəyilə bağlı olub.

Xatırladaq ki, görüş başlayarkən Şarl Mişel Ukraynaya humanitar yardım və dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Bu isə bir daha ölkəmizin xarici siyasətinin indiki çətin məqamda həm dost Ukraynanın, həm də Qərbin prioritetləri ilə mümkün qədər uzlaşdırıldığını göstərir. Bu üstünlüyünsə Aİ-nin təşəbbüsü ilə başladılan delimitasiya məsələləri və sülh müqaviləsilə bağlı prosesdə Azərbaycanın maraqları baxımından özünü göstərəcəyi şübhəsizdir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Barış 4 2022-04-08 21:20:46

Erməni millətçilər nə qədər gizli işləməyə çalışsalar da, Azərbaycan diplomatiyası nə qədər gizlətməyə çalışsa da heç ilgisi olmayan liderlər belə münaqişənin həllinə Kremlin mane olduğunu vurğulayırdılar? Bir də ki, neytral və problemə aid beynəlxalq (Avropa İttifaqı) təşkilat varsa, niyə hansı Hərbi İttifaq və ya Hansısa İqtisadi Müttəfiq Arbitr rolunu (icra deyil) yalnız ifadə etməsin?

Barış 3 2022-04-08 21:01:01

ATƏTin Minsk qrupu 27 il heç bir təşəbbüs və BMT TŞnın vətəndaş hüquqllarının operativ bərpasına yönəlmiş qərarının heç bir il, heç bir rayonda təhlükəsiz tətbiqini və ya əks halda işğalçıya qarşı tədbir təklif belə etməyib? Azərbaycan və Ermənistan suveren dövlətlərdirsə nədən aralarındakı hər hansı münasibət və ya münaqişəni niyə də özləri birbaşa telefon bağlantısı ilə mülahizə edib, sonra qarşılıqlı görüşlərdə həll etməsinlər ki?

Barış 2 2022-04-08 20:50:41

Müəllif də, bütün Azərbaycan mətbuatı ilə yenə də erməni mətbuatından hədsiz geri qalır? Bizim mətbuat lüzumsuz, tam unudulmalı, ya qıcıqverici, gələcəyə əngəl ola biləcək əngəlləri bir daha qabardır? Niyə?

Barış 1 2022-04-08 20:43:12

Üzr diləyirəm, Brüssel görüşünə hər iki respublikadakı münasibətlər, suverenlikdən otuz il keçməsinə baxmayaraq hələ də heç birinin Kremlsiz azad siyasət yürüdə bilmədiklərini qabardıb?

Son yazılar