“RUS ORDUSUNUN ƏKSƏR BÖLMƏLƏRİ TÜKƏNİB” – 40 ölkənin hərbi rəhbərlərinin toplantısında nə danışılıb?

“Rus ordusunun əksər bölmələri tükənib, bəzilərində isə şəxsi heyətin itkisi 30 faizə yaxındır”.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikir Almaniyadakı “Ramştayn” hərbi aviabazasında NATO üzvləri və Rusiya işğalına qarşı çıxan digər ölkələrin müdafiə nazirləri və hərbi rəhbərliklərinin qapalı toplantısında səsləndirilib. “Reuters” öz mənbələrinə istinadla yazır ki, qapalı toplantıda çıxış edən ABŞ Ordusunun generalı Mark Millinin fikrincə, qarşıdakı həftələr Ukraynanın Rusiyaya qarşı dirənişi baxımından həlledici olacaq və buna görə də Qərb dövlətləri bütün potensiallarından istifadə edərək, Ukraynaya kömək etməlidirlər: “Zaman Ukraynanın tərəfində deyil. Qarşıda kritik həftələr var. Bu döyüşün nəticəsi bu gün buradakı, bu toplantıdakı adamların qərarlarından asılıdır. Ukraynalılar savaşacaqlar. Biz əmin olmalıyıq ki, onların mübarizə üçün vasitələri var”.

Yazıda qeyd olunur ki, qapalı toplantıda iştirak edən ABŞ təmsilçilərinin bildirdiyinə görə, Rusiyanın öz artilleriya və digər silah üstünlüyündən istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinin əsas özəyini məhv etmək məqəsdi var. Lakin bununla yanaşı, amerikalı generallar hesab edirlər ki, rus bölmələrinin tükənməsi və bəzi hissələrin şəxsi heyətinin 30 faizə yaxınının məhv edilməsi səbəbindən Rusiyanın öz istəyinə nail olacağı inandırıcı görünmür. Onların fikrincə, Rusiya iqtisadiyyatı və hərbi potensialı hələ ki, hərbi əməliyyatları davam etdirməyə imkan versə də, ordunun məruz qaldığı ağır itkilər ciddi uğur qazanmağa imkan yaratmır.

Bunun qarşılığında Ukrayna tərəfinin ruh yüksəkliyi, öz ərazisində savaşması və ərazini yaxşı tanıması, eləcə də Qərbin silah və kəşfiyyat məlumatları ilə təminatı durur. Bu da, amerikalı hərbçilərin fikrincə, Ukraynanın qələbə şanslarını xeyli artırmış olur. 

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın koordinasiyasını həyata keçirəcək xüsusi idarəetmə mərkəzi yaradılıb. Mərkəzdə ABŞ-la yanaşı 15 ölkənin yüksək rütbəli hərbçiləri fəaliyyət göstərir. Həmin mərkəz Rusiya işğalına qarşı mübarizəyə qoşulan, Ukraynaya hərbi yardım göstərən və ötən gün nümayəndələri “Ramştayn”da toplaşan 40-dan çox ölkədən ibarət şəbəkəni idarə edəcək. Məlumat üçün bildirək ki, bu ölkələr təkcə Qərb və Amerika qitəsinə aid ölkələr deyil. Bu sırada məsələn, Cənubi Koreya da var. 

Onu da xatırladaq ki, İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyaya rəsmən 53 ölkə qoşulmuşdu. Bu gün Rusiyanın Ukrayna işğalına qarşı koalisiya yaradan ölkələrin sayı isə artıq 40-ı ötüb...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-04-28 15:13:15

Allah Qüvvət Versin !.

Son yazılar