PUTİNDƏN QUTERREŞƏ “RUS QONAQPƏRVƏRLİYİ” – O raketlərdən biri BMT Baş katibinin başına düşsəydi...

Putin BMT Baş katibi Antoniu Quterreşə, həm də bütün dünyaya əsl “rus qonaqpərvərliyi”nin nədən ibarət olduğunu göstərdi – onun demək olar, bütün xahiş və çağırışlarını geri çevirməklə, ona beynəlxalq hüquqdan mühazirə söyləməklə, yenə tarixə “baş vurub” Kosovo məsələsini bəhanə gətirərək, Donbası işğal etməsinə haqq qazandırmaqla və sair. Bu zaman Putinin batırılmış “Moskva” gəmisini xatırladan böyük stolunun digər başında oturtduğu BMT Baş katibi ilə arasındakı məsafə həm də Putin Rusiyasının bütün normal sivilizasiya, müasur dünya, beynəlxalq hüquq və ümumilikdə insanlıq adında hər şeydən nə qədər uzaqda durduğunun, bütün bəşəri dəyərlərdən hansı məsafəyə uzaqlaşdığının simvolik göstəricisidir.

Ardınca, qonşu Ukraynaya keçən BMT Baş katibi Putin Rusiyasının daha bir “qonaqpərvər jesti” ilə üz-üzə qaldı. Bu dəfə Putinin generalları Quterreşin Kiyevdə olduğu saatlarda Ukrayna paytaxtını bombaladı. Özü də şəhərin mərkəzini. Atılan raketlər BMT rəhbərinin yerləşdiyi ərazidən cəmi 2-3 kilometr məsafədə partladı. 3 raketdən biri yaşayış binasını dağıtdı. Yəni, rus ordusunun ukraynalıların dediyi kimi, “əyriqol” generalları raketləri bir balaca fərqli istiqamətə göndərsəydilər, BMT-nin Baş katibi məhv ediləcəkdi.

Görəsən, bundan sonra Rusiyanın heç bir beynəlxalq təşkilata, hüquqa, razılaşmaya, sənədə və s. məhəl qoymadığını sübut etməsi üçün daha hansı addım atması lazımdır?...

Putin göstərir ki, ümumiyyətlə, yer kürəsində özündən başqa heç kimi adam saymır - onun üçün nə özününkü var, nə özgəsi, Ukrayna əsgərinin həyatı onun gözündə nə dərəcədə dəyərsizdirsə, rus əsgərinin də həyatı bir o qədər dəyərsizdir. Eyni şey qadınlara, qocalara, uşaqlara da aiddir. Moskva, həmçinin göstərir ki, özünün də idarəçiliyində Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri qismində təmsil olunduğu və dünyanın ən mötəbər təşkilatı sayılan BMT-nin Baş katibinə belə məhəl qoymur. Nə bu təşkilatı təşkilat, nə onun başında duran adamı adam saymır. Ancaq görünür, bütün bunları anlamaq üçün mütləq Quterreşin və onun kimilərin 5-10 addımlığına rus raketi düşməliydi...

Ukrayna tərəfi dəflərlə ondan xahiş etmişdi ki, Moskvaya getməzdən öncə Ukraynaya gəlsin, Rusiyanın “əl işləri” ilə yerində tanış olsun və Moskvaya buradan aldığı təəssüratlarla getsin, ondan hesab sorsun. Ancaq BMT Baş katibi “protokol qaydaları”nı pozmağı, Putinin xətrinə dəyməyi özünə rəva bilmədi. Birinci Moskvaya getdi və əvvəlcə orda, sonra isə Kiyevdə Putindən “layiq olduğu” münasibəti gördü...

Ümumiyyətlə, BMT Baş katibinin səfərdə olduğu şəhəri bombalamaq elə BMT-nin özünü bombalamaq deyilmi və bütün bunlardan sonra nə beynəlxalq hüquqa, nə təmsil olunduğu ali beynəlxalq quruma, nə də adi bəşəri dəyərlərə məhəl qoymayan, işğalçılıqla, qətliamla məşğul olan, bütün dünyanı öz nüvə hədələrilə bezdirən və bəşəriyyətin mövcudluğuna təhlükə yaradan bir dövləti BMT-nin Təhlükəsizlik Şurası kimi ən ali beynəlxalq qurumda saxlamaq doğrudurmu? 

Portuqaliya kimi sakit, dinc ölkəyə rəhbərlik etmiş, sonradan BMT-nin mərkəzi qəragahında yüksək vəzifələr tutmuş Quterreş bu hadisədən, yəni onun rəsmi səfərdə olduğu Kiyevə raket zərbəsi endirilməsindən şoka düşdüyünü bildirib. Doğrudan da bu, komfortlu həyata öyrəşən bir insan olaraq, onu heyrətləndirməyə bilməzdi. Lakin BMT kimi ali beynəlxalq quruma rəhbərlik edən bu şəxsin və onun kimi digər beynəlxalq təşkilatların və iri dövlətlərin rəhbərlərinin təkcə şoka düşməsi yox, həm də xəcalət çəkməsi lazımdır. 

Çünki bu gün Ukraynada yaşanan mənzərə təkcə Rusiyanın cinayəti deyil, həm də kollektiv Qərbin, BMT başda olmaqla beynəlxalq siyasi və iqtisadi təşkilatların, rəsmi qurumların biganə, dişsiz, yalnız öz maraqlarını güdən, hətta qaçqınlara münasibətdə belə ikili standartlara yol verən, dünyanın ayrı-ayrı nöqtələrində baş verən qanlı münaqişələrə öz çıxarları prizmasından yanaşan siyasətinin nəticəsidir.

O siyasət ki, uzun illər iri dövlətlərin işğalçılıq siyasətinə göz yumub, Yaxın Şərq ölkələrində, bu gün isə Avropanın mərkəzində qanlı savaşı, işğalı mümkün edib və az qala bütün dünyanı nüvə müharibəsi təhlükəsilə ilə üz-üzə qoyub.

Nə qədər qəribə, xoşagəlməz və acımasız səslənsə də, yaxşı olardı ki, həmin raketlərdən biri elə məhz Quterreşin oturduğu məkana düşəydi. Bəlkə bu, dünyanın hələ də susan vicdanını dilə gətirər, kənarda durub, Ukraynadakı savaşı “qoç döyüşü” kimi izləyən, tezliklə bu bəlanın onun da qapısını döyəcəyini anlamaq istəməyən dövlətləri və xalqları, bütünlükdə dünya birliyini, nəhayət ki, hərəkətə keçirərdi...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Seyid ƏNHU 2022-04-29 23:27:18

Sonuncu abzas xüsusilə heyrətamizdir.

korrektor 2022-04-29 21:17:22

rusiya BMT-nin beş daimi üzvlüyündən və BMT-dən qovulmalıdır. Bu proseduru nə qədər tez eləsələr bir o qədər yaxşı olar!

qaraguruh 2022-04-29 20:06:37

Hörmətli Azpolitika zəhmət--BMT-nin Azərbaycanla bağlı qətnamələrinin qəbul olunmasında--hansı ki onlarn hesabına bütün dünya əvvəl axır ölkəmizin tərəfini saxladı-lütfən kimlərin zəhməti var adlarını bir yol ilə açıqlayın--yəqin ki bu sənədlər elə belə ortaya çıxmayıb--o şəxslər qəhraman kimi tanınmalıdır

Vətəndaş 2022-04-29 18:08:59

PUTİN ÖZÜNÜ BİCBALA DƏCƏL UŞAQLAR KİMİ APARIR.

turan 2022-04-29 17:14:10

Rusiya BMT-dən qovulmalı , onun veto hüququ müsəlman dövlətlərindən birinə verilməlidir

elchin 2022-04-29 16:27:38

super- maraqla oxudum

Veteran 2022-04-29 15:37:09

Çox gümanki yaxın vaxtlarda BMT-də ciddi islahatlar aparılacaq,rusiyanı oradan rədd edəcəklər.Qaldı ki BMT-nin müdirinin özünü putinin yanında ARVAD kimi aparmasıdırki Dünya bu günə qalıb.

Son yazılar