“BU İDARƏÇİLİK ÇOXDAN AKTUALLIĞINI İTİRİB” – İcra hakimiyyətləri ləğv olunsa, hansı idarəetmə forması effektiv olar?

İcra Hakimiyyətlərinin ləğv edilməsi zaman-zaman ölkə gündəminin əsas müzakirə mövzularından biri olub. Bu idarəetmə strukturunun səmərəsiz olduğu, korrupsiya və rüşvətxorluğa şərait yaratdığı bildirilib. 

Bu yaxınlarda yeni iqtisadi rayonların yaradılması, həmin rayonlara yeni nümayəndələrin təyin olunması, həmçinin Qarabağda yeni idarəetmə mexanizminin sınaqdan keçirilməsi icra hakimiyyətlərinin ləğvi ehtimalını bir qədər də aktuallaşdırıb.

Prezident İlham Əliyev də son çıxışlarının birində Azərbaycanda yeni idarəçilik modelinin yaradılmasına diqqət çəkib: “Mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İnidiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.

Yeni idarəçilik strukturunun hansı formada olacağına gəlincə, bu barədə fikirlər müxtəlifdir. Bəziləri Azəraycanın Türkiyə modelinə keçid edəcəyini, bəziləri də fərqli bir idarəçilik mexanizminin tətbiq ediləcəyini bildirirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycanda tətbiq olunan yeni idarəçilik modeli, Türkiyədə artıq illərin sınağından çıxmış mərkəzi hakimiyyəti yerlərdə təmsil edən valilik sisteminə çox bənzəyir.

Qeyd edək ki, Türkiyədə vali prezidentin və hökumətin səlahiyyətli nümayəndəsi hesab olunur. Ancaq buna paralel olaraq, yerli bələdiyyələrin səlahiyyətlərinin artırılması, rayonların sosial-iqtisadi inkişafının yerli əhalinin seçdiyi bələdiyyələrə həvalə olunması da optimal variantlar sırasındadır. Hər halda gerçəklik budur ki, hansı modelin tətbiq edilməsindən asılı olmayaraq, SSRİ dövründən qalmış və inkişafın qarşısında ciddi əngələ çevrilmiş İcra Hakimiyyəti sisteminin yeni və daha modern idarəçilik sistemi ilə əvəzlənməsinin vaxtı çoxdan çatıb.

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycan kimi ərazisi kiçik olan ölkədə 60-70 İcra Hakimiyyətinin olması effektiv idarəçilik üsulu deyil: “Bu idarəetmə mexanizmi rayonların effektli idarə olunmasına böyük əngəllər yaradır. Rayonların iqtisadi vahid kimi formalaşmasına imkan vermir. Eyni zamanda inzibati bürokratiyalar artır və mənasız məşğulluq məsələləri yaranır. Nəticədə insanlara göstərilən xidmətin keyfiyyəti aşağı düşmüş olur”.

Ekspert xatırladıb ki, Azərbaycanda mövcud olan hazırkı srtuktur sovet dönəmində yaradılıb: “Sovet dövründə formalaşan icra hakimiyyətlərini, indiki dövrlə müqayisə etdikdə, fərqliliklər nəzərə çarpır. Ən böyük fərqliliklərdən biri texnoloji inkşaf və rəqəmsallaşmayla bağlıdır. Sovet dönəmində texnoloji imkanlar olmadığından, dövət insanlara daha yaxından xidmət göstərməli idi. İndi isə texnoloji imkanlar yaranıb və bir çox sənədləşmə prosesi elektron formada aparılır. Düşünürəm ki, bu idarəçilik sistemi çoxdan öz aktuallığını itirib. Ölkədə bazar iqtisadiyyatının qurulması, mülkiyyət idarəetmə strukturunun dəyişməsi, elektron hökumətin formalaşması köhnə idarəçilik mexanizmlərinin saxlanılmasını mənasız edir”.

Ekspert hesab edir ki, bu sahədə cəsarətli davranaraq, sürətli islahatlar aparmaq lazımdır: ”Hökumətin elekron formada şəffaf bir mühitə keçdiyi vaxtda, ənənəvi idarəetmə forması inkşafa maneə olmağa başlayıb. Hesab edirəm ki, burada hansısa ölkənin praktikasını təkrarlamaq doğru yanaşma olmaya bilər. Lakin istənilən halda icra hakimiyyətlərinin sayını azaltmaq və ənənəvi idarəetmədən imtina etmək lazımdır”.

Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra yeni idarəetmə mərhələsinin başlanmasına ehtiyac var idi: “Bu gün artıq iqtisadi və sosial problemlərin bir çoxunun həllini köhnə idarəetmə forması ilə yoluna qoymaq mümkün deyil. Prezident də çıxışında bildirdi ki, indiyə qədər ona yaxın icra başçısı həbs edilib, işdən çıxarılıb. Aydındır ki, bu struktur özünü doğrultmur. Bu gün icra hakimiyyətlərində dərin yoxlamalar aparılsa, minlərlə problem üzə çıxar. İndiyə qədər hansını yoxlayıblarsa, nəzarət altına alıblarsa, hamısında problemlər çıxıb, bəzi icra başçıları həbs olunub”.

Natiq Cəfərli daha bir önəmli detala diqqət çəkib: “İndiki sistemdə yerli icra başçılarının maaşları 1300-1400 manatdır. Aydındır ki, 100 minlik əhalisi olan rayona rəhbərlik edən, hakimi-mütləq olan şəxs 1400 manatla dolanmaq istəməyəcək. Bu, həmin icra başçısının həyat səviyyəsindən, yaşamından, geyimindən, ailəsinin güzəranından görünür. Deməli, bu sistem özü geniş səlahiyyətli icra başçıları təyin etməklə, onları qeyri-qanuni əməllərə sövq edir. Məncə, seçilmişlər daha yüksək maaş almalıdır və onlara qarşı ciddi nəzarət mexanizmi olmalıdır. İndiki şəraitdə 100 minlik şəhərə kimisə təyin edib ona 1300 manat maaş təyin edilirsə, bu adam mütləq orada başqa yollarla pul qazanmağa çalışacaq”.

N.Cəfərli onu da vurğulayıb ki, yeni idarəetmə mexanizmində ən böyük məsuliyyət bələdiyyələrin üzərinə düşəcək: “Düşünürəm ki, bu şəxslər müstəqil, bitərəf və ya partiya üzvü ola bilərlər. Bu zaman bələdiyyələrdə partiyaların da məsuliyyəti olacaq. Bu halda onlar neqativ hallara qarşı bir-birinə nəzarət etməyə başlayacaqlar. Dünyada qədim Afinadan üzü bu yana seçki institutundan yaxşı nəzarət mexanizmi yoxdur. Seçki institutu bərqərar olacaqsa, mütləq neqativ hallar da aradan qalxacaq. Çünki bunun alternativi yoxdur. Rüşvətxor və korrupsiyaya qurşanan bələdiyyə sədrini, meri əhali heç vaxt ikinci dəfə seçməz. Əgər dediyimiz islahatlar həyata keçiriləcəksə, məncə, ölkəyə böyük investisiya axını olacaq. Məhkəmə hakimiyyətinə inanan və güvənən investorlar gələcək. Yerli icra hakimiyyətinin biznesə müdaxiləsinə son veriləcəksə, bu halda daha çox daxili və xarici sərmayələrə qapı açılacaq”.

E.Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

Kamil 2022-05-10 20:38:29

Seçki bu 20-30 ildə olmayib və təbii ki, olmayacaq. Çünki seçki olsa onlar olmayacaq. Onlarin isə hələ də gözləri doymayib. Nağil danişmaqda davam edin. Bu vəziyyət bunlari qane edir, vay millətin halina.

Oxucu 2022-05-06 20:40:09

Bir neçə İcra Başçısının həbsi, onların aşkarlanmış sərvəti əyani şəkildə göstərdi ki, onlar "otkatla" kifayətlənməyərək, oğurluq ediblər. Bu cür halların qarşısını almaq, yığılan pulların toxunulmazlığını təmin etmək üçün, yeni idarəetmə sistemi lazımdır.

Ramin 2022-05-06 14:27:51

Bəzi rüşvətxor başçılarına 5-10 nəfərin cəzalandırdılar. Bu digərlərinə ibrət üçündür dedilər. İndi rüşvət xeyli aradan qalxıb. Yəni bu həbs olunanlara görə deyildi. Sadəcə yuxarıdan dedilər " alma" bunlar da almır. Amma çıxarılan İHB- nın yerinə uşaq- muşagı, təcrübəsiz, bacarıqsızları, kiminsə oglun, kürəkənin qoydular. Onlar da işləyə bilmədi. Onlar sadəcə vaxt keçirir, avaralanırlar... İndi RİH- ləğv edmək yox təcrübəli, təmiz, bacarıqlı kadrların qoymaq kifayətdir. Bunu da yuxarıda bilirlər. Amma niyə etmirlər? Bu qaranlıqdır.

Tahir 2022-05-06 14:19:22

Son dövrlər bir çox dövlət qurumları islahat adı altında ləğv edilir. Amma köhnəni ləgv etsələr də yeni qurduqları əvvəlkindən betər olur. İndi rayonlarda rüşvətin qarşısı çox alınıb və günü gündən bu problem aradan qalxır. Başçıları qorxudan adamları tək qəbul etməkdən çəkinirlər. Çünki tapşırıblar ki, yığışdırın, vəssəlam. RİH-ni ləğv lazım deyil təkmilləşdirmək lazımdır

t.ədalət 2022-05-06 11:12:27

Yerli idarəetmə orqanları çox vacib olan sistemdir.Ötən 30 il müddətində bu sistem,artıq "oturuşub".İndi,guya onu digəri ilə dəyişəndə nəsə olacaq?Əlbəttə,yox.Bu sistemi,ancaq yerli bələdiyyə qurumu əvəz edə bilər.....Zeynal Nağdəliyevin Sumqayıtın icra başçısı ilə Fatmayıda tikdirdiyi villanın qiyməti,təqribən 50 milyon dollar olar.

Türk Turan 2022-05-06 09:53:34

Ya heç bir dəyişikliyə getmədən rüşvətxorluğun kökünü kəsmək lazımdır, ya da xalqın seçdiyi icra başçılarının və yaxud bələdiyyə sədrlərinin təyin edilməsini təmin etmək lazımdır.

İ.Mustafaoğlu 2022-05-06 09:49:19

Hər hansı qurumun adının dəyişdirilməsi əhəmiyyət kəsb etmir, Əsas məsələ dövlətini və xalqını qəlbən sevən, savadlı, təcrübəli və idarəçilik mexanizmindən başı çıxan kadr təyin olunmalıdır, çünki hər şey kadrdan asılıdır. Kadr var vətəndaşın dövlətə olan inamına dəstək verir, kadr var vətəndaşın dövlətə olan inamına zərbə vurur.

Son yazılar