“BU QİYMƏT 30 MANAT OLMALIDIR” – “Qərarı qəbul edəndə imkanlı şəxslərin gediş-gəlişini nəzərə alırlar”

Xəbər verdiyimiz kimi, Bakı-Naxçıvan-Bakı istiqamətlərində aviabiletlərin dəyəri 60 manata qalxıb. Bu addım vətəndaşlar tərəfindən etirazla qarşılanıb. 

Bir müddət əvvəl Milli Məclisdə bəzi deputatlar Naxçıvana bilet qiymətlərinin bahalığından şikayətlərini bildirmişdi. Bunun nəticəsi olaraq, qiymətləri ucuzlaşdırmaq əvəzinə, bahalaşdırdılar. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa fikirilərini Modern.az-la bölüşüb. Deputat aviabiletlərin bahalaşmasına ironik yanaşıb. F.Mustafa deyib ki, bilet qiymətlərini 60 yox, 100 manat etmək lazımdır: “Bu addım əhalini qətiyyən düşünməməkdən irəli gəlir. Qərarı qəbul edəndə imkanlı şəxslərin gediş-gəlişini nəzərə alırlar. 60 manat olmasın 100-150 manat olsun, onlar üçün heç bir fərq yoxdur. Naxçıvanda sadə bir vətəndaş üçün də 10 manatın əhəmiyyəti var. Bu, birbaşa Azərbaycanla əlaqənin kəsilməsinə gətirib çıxara biləcək bir addımdır. Bunu qətiyyətlə pisləyirəm, heç bir əsaslandırılma ola bilməz. Dotasiya, dövlət büdcəsindən vəsait ödənməli olsa da, Naxçıvana uçuşların qiymətini artırmaq düzgün deyil, yanlış qərardır. Bahalaşdırmaq yox, biletləri ucuzlaşdırmaq lazımdır. 100 adamın orda qohum-əqrəbası var, necə getməlidir? Başqa yerdə “n” sayda yeyinti yeri var, problem var, onlardan kəsib bura yönəltsinlər”.

F.Mustafa söyləyib ki, Qarabağ savaşından sonrakı dövrdə Naxçıvanın əhəmiyyəti Azərbaycan üçün on qat artıb: “Arxa cəbhəmiz güclü olmalı idi və Naxçıvan ən güclülərdəndir. Hər hansısa şəkildə təyyarələrin rentabelli uçuşunun olmaması əsaslandırılırsa, bunu cəmiyyətə açıq şəkildə söyləmək lazımdır. Gərək Qarabağda ermənilərə dəstək verən Ermənistana baxaq, pulu yoxdu, amma qanunsuz da olsa, ora vəsait ayırır. Biz də bu boyda uğurdan sonra Naxçıvanı ikiqat əziyyətə salan bir qərar qəbul edirik. Bu qiymət 30 manat olmalıdır”. 

Qeyd edək ki, iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilib. Dəyişikliklə Azərbaycan vətəndaşı olan hər bir sərnişinə güzəşt məbləği 10 manata endirilib. 

Xatırladaq ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir. Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulub. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.

635x100

Şərhlər

bb 2022-06-08 12:19:46

Bu addım əhalini qətiyyən düşünməməkdən irəli gəlir - Çox dəqiq sözlər.

Samir HUSEYNOV 2022-06-07 22:01:49

Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin!

Alim 2022-06-07 19:16:17

Deputatın sösünü eşidən var?Onlar öz vəzifələrni əvvəlcə anlamalıdırlarMəsələ Milli Məclisdə müzakirə olunub qərara bağlanmalı və qərar Prezidentə təqdim olumalıdır.Yalnız bu zaman deputatın sözünün mənası və gücü hiss olunar.

Kamil 2022-06-07 18:52:25

Deputatın danışığına diqqət verən var?HöAdlarını siyahiyə yazdığı şəslər hökumətin quludur,millətin müdaifəçisi yox!illərdir oturdulublar orada ancaq maaşları yüksək,özlərinin biznesi,priveliqiyası.Ona görə susub oturublar.Onlardan xalqın elçisi olma ehtimalı yoxdur!

Eldar İsrafilov 2022-06-07 17:24:44

Qiymət Azərbaycan vətəndaşıinin Azərbaycan ərazisindəki ən baha Bakı-Qazax qiymətindən artıq olmamalıdır

Aborigen 2022-06-07 17:22:58

Mən Fazil bəylə tamamilə razıyam. Bileti ən azı 150 manat eləmək lazımdır ki, bu varlıların da dövlətə bir xeyri dəysin.

t.ədalət 2022-06-07 16:27:06

Naxçıvan,əslində elə blokada şəraitində yaşayır.Onlara güzəşt lazımdır.Naxçıvanla quru əlaqəsi olmadığına görə,məsələn,Bakıdan Qazağa avtobus xətti ilə getmək neçəyə başa gəlirsə,Bakıdan Naxçıvana təyyarə ilə getmək də elə hesablanmalıdır.Hansısa milli təəssübkeşlikdən uzaq bir adamın belə baha qiymət hesablamasına imkan vermək olmaz.

Son yazılar