Menu

Brüssel niyə Bakı-Afina sövdələşməsinə qarşıdır? - 500 milyon dollarlıq saziş təhlükədə

07.11.2014, 11:33
Brüssel niyə Bakı-Afina sövdələşməsinə qarşıdır? - 500 milyon dollarlıq saziş təhlükədə

Avropa Komissiyası SOCAR və Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edən sövdələşməni təsdiqləməyə bilər

Siyasi ekspert: “Məsələ ciddidir, Brüssellə danışmaq lazımdır”

Avropa Parlamentinin Azərbaycan haqqında sanksiya təhdidinin də yer aldığı sərt qətnaməsinin “mürəkkəbi qurumamış” Brüssel Bakıya daha bir sürpriz edib. Avropa Komissiyası gözlənilmədən elan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.

Bəzi müşahidəçilər bunu Azərbaycana qarşı sanksiya təhdidinin artıq real siyasətdə işə salınmasının ilkin əlaməti kimi qiymətləndirir. Hesab olunur ki, rəsmi Bakının Avropa Birliyinin “Şərq Tərəfdaşlıq” Proqramının assosiativ sazişini imzalamaqdan imtina etməsinə və tədricən Rusiyaya yaxınlaşma xəttini yürütməsinə verilən cavabdır. Bununla Avropa Birliyi həm də Avropa üçün alternativ enerji ölkəsi kimi təqdim olunan Azərbaycan üçün maliyyə sanksiyalarını işə salıb.

Virtualaz.org saytı Avropa Komissiyasının yaydığı rəsmi press-relizə istinadən xəbər verir ki, SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşmanı ötən ilin iyununda əldə edib. Razılaşmanın rəsmiləşdirilməsi bir neçə dəfə təxirə düşüb.

Rəsmi müqavilənin imzalanması ötən il dekabrın 17-də, “Şahdəniz-2" layihəsinin işə salınması ilə bağlı Bakıda təşkil edilmiş mərasimdə nəzərdə tutulurdu. Bu məqsədlə Yunanıstanın baş naziri Antonis Samaras Azərbaycana səfər etməli idi.

Lakin Bakıya səfər üçün Afinadan yola çıxan baş nazirin təyyarəsində havada texniki nasazlıq yarandı və A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodroma yerə endi.

Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edilib.

Nəhayət, ötən il dekabrın 22-də Afinada Azərbaycan Dövlət Neft Şirkəti ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb.

Bu sövdələşmə SOCAR və Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Çünki yunan qaz kəmərləri sisteminin operatorunu almaqla SOCAR Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqlində öz mövqelərini gücləndirmiş olur.

Yunanıstanın DEPA qaz şirkətinin və ölkənin qaz nəqli kəmərlərinə nəzarət edən DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la Rusiyanın “Qazprom” şirkəti arasında kəskin rəqabət getdi. Sonda “Qazprom” gözlənilmədən DEPA-nın satışına dair tenderdən çəkildi, DESFA-nın səhmlərini isə SOCAR aldı.

Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. SOCAR-ın DESFA-nın səhmlərini almasına dair razılaşma baxılmaq üçün oktyabrın 1-də Avropa Komissiyasına təqdim olunub.

Avropa Komissiyası bildirir ki, yunan qaz kəmərləri sistemi operatorunun SOCAR-a satılmasına dair sövdələşməni Avropa İttifaqının rəqabət mühitini tənzimləyən reqlamenti əsasında “dərindən araşdırmağa” başlayıb.

Avropa Komissiya ehtiyat edir ki, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. “Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək” deyə, Avropa Komissiyası bildirir.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-nə qədər vaxtı var. Bununla belə, komissiyanın ilkin araşdırmaları göstərib ki, bu sövdələşmə rəqabət mühitinə zərbə vurur.

Avropa Komissiyasının bu qərarı ona görə gözlənilməz və təəccüblüdür ki, vaxtilə SOCAR Yunanıstan şirkətini almağa dair razılaşma əldə edəndə Brüsseldə buna çox sevinmişdilər. Hətta yunan şirkətinin “Qazprom”a satılmaması üçün ABŞ və Avropa İttifaqı rəsmi Afinaya çox güclü təzyiqlər edirdi. Onlar açıq şəkildə mesaj verirdilər ki, Yunanıstan şirkəti SOCAR-a satılmalıdır. Çünki SOCAR Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqelərinin zəiflədilməsində Qərbin əsas tərəfdaşıdır.

“Alman dalğası” radiosu da Avropa Komissiyasının bu bəyanatından təəccüblənib. Radiostansiya qeyd edir ki, Brüssel rəsmiləri SOCAR-ın Yunanıstan şirkətini almasının inhisarçılıq yarada biləcəyini doğrudanmı indi görüblər? Bəlkə səbəb siyasidir?

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məsələnin ciddi olduğu qənaətindədir: “Avropanın enerji təhlükəsizliyi üçün, daha doğrusu, Avropanın enerji diversifikasiya siyasəti üçün NABUCCO nəzərdə tutulmuşdu. NABUCCO Avropa Birliyi tərəfindən çox geniş şəkildə dəstəklənirdi. Lakin investisiya məsələsinə gələndə Azərbaycan tərəf NABUCCO-da iştirakdan imtina etdi, onun bahalığını və digər məqamları əsas gətirdi. Məncə, bunlar bəhanə idi. Çünki başqa layihələri, TAP, TANAP-ı götürsək, təsdiq olunması nəzərdə tutulan investisiyaların həcmi heç də NABUCCO-dan aşağı deyildi. Digər tərəfdən də NABUCCO əslində Azərbaycanın Avropaya bağlanması demək idi. Lakin biz Azərbaycan rəsmilərinin, o cümlədən İlham Əliyevin ritorikasında tez-tez Avropa Birliyi ilə münasibətlər haqqında belə ifadələr eşidirik ki, o, ikitərfli münasibətlərin tərəfdarıdır. Yəni bütövlükdə Avropa Birliyi ilə deyil, Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərə üstünlük verir. Bu səbəbdən də məhz enerji siyasətində də Azərbaycanın bu çalarları nəzərə çarpmağa, ayrı-ayrı Şərqi Avropa ölkələri ilə müəyyən enerji layihələri həyata keçirilməyə başladı. Bundan sonra Azərbaycan tərəfi Yunanıstanla məlum layihədə iştirak, Türkiyə ilə başqa-başqa layihələrlə bir diversifikasiya siyasəti həyata keçirmək istədi. İndi görünən budur ki, bu sahədə uğursuzluqlar başlayıb”.

Ekspert hesab edir ki, bu, əvvəlcədən görünməsi mümkün olan bir proses idi: “Məsələ burasındadır ki, Azərbaycan tərəfinin iştirak etdiyi iqtisadi və enerji layihələrində ciddi siyasi və geosiyasi əsaslandırma yoxdur. Bu, bir-iki nəfər səviyyəsində qəbul edilən qərarlardır. Halbuki belə qərarların qəbulu ciddi siyasi, geosiyasi analizlər tələb edir. Bu gün isə onun fəsadları özünü göstərməyə başlayır. Hesab edirəm ki, bu, Azərbaycanın enerji layihələrində axırıncı uğursuzluq deyil. Ehtimal edirəm ki, uğursuzluqlar seriya şəklində davam edəcək”.

Ə.Oruclu şübhə etmir ki, bu, Azərbaycanla Avropa arasında yaranmış çatı aydın göstərir: “Azərbaycan Avropa Birliyi ilə deyil, ayrı-ayrı Avropa ölkələri ilə ikitərəfli münasibətlər qurmaq istəyirdi. Bu da mümkün deyil. Çünki Avropanın vahid siyasəti var, Avropa siyasətini bilmək üçün xüsusi bacarığa sahib olmaq lazım deyil. Avropanın əsas strateji məsələlərə dair hüquqi siyasəti var ki, bunun da əksər hallarda 70-80 faizi Brüsseldə formalaşır. Yəni Avropa ölkələrinin xarici siyasət və enerji məsələlərində səlahiyyətlərinin çoxu Brüsselə aiddir. Deməli, Brüssellə danışmaq lazımdır. Azərbaycan bundan qaçırdı”.

Artıq Bakıdan da məsələyə reaksiya verilib. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Avropa Komissiyası ARDNŞ-in Yunanıstanın DESFA şirkətinin səhmlərinin 66 faizinin alınması barədə alqı-satqı prosesinin rəsmiləşdirilməsinin II mərhələsini araşdırır. Bu araşdırmalar isə adətən 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir. ARDNŞ, Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol