Azərbaycan-Özbəkistan müttəfiqliyi

Dünyada baş verən dərin siyasi proseslər bir çox dövlətlərin yeni mövqe sərgiləməsinə səbəb olur. Yeni ittifaq yaratmaq, artan güc balansına uyğun adekvat balans yaratmaq müstəqilliyi gənc olan dövlətlərin həyat kredosuna çevrilmişdir. İstər-istəməz geosiyasi hadisələri düzgün qiymətləndirməklə vəziyyətdən çıxış yolu tapmaq və sağlam mütəfiqlik bağları yaratmaq, dünya xəritəsində daim var olmaq, bu gün bir çox dövlətlərin ölüm-qalım məsələsinə çevrilmişdir.

Dünyada baş verən bu son hadisələr, Rusiya -Ukrayna müharibəsi gedişində bir çox keçmiş sovet respublikaları tarixdən dərs götürməyə çalışırlar. İmperiya ambisiyalarını cilovlamaq istəməyən Rusiya, maraqları naminə və keçmiş SSR-nin bərpası istiqamətində bütün səylərini səfərbər edərək, qarşıya qoyduğu hədəflərə nail olmaq uğrunda əməli işlər görməkdədir.

Çox sevindirici haldır ki, bu gün keçmiş SSR-yə daxil olan Mərkəzi Asiya ölkələrində bir milli oyanış baş verməkdədir. Bu proseslər Rusiyanın xoşuna gəlməsə də, artıq baş verən hadisələr müsbət məcrada irəliləməkdədir. Tarixən dünya imperiyaları içərisində şöhrət qazanmış bu türk yurdu, gec də olsa öz kimliyini anlayır, türkçülük ideyaları və türk dövlətləri birliyi istiqamətində işlər aparmaqdadır. Böyük Teymur imperiyası dünya tarixinə qızıl hərflərlə yazılmış bir xalqın parlaq keçmişinin təntənəsidir. Türk yurdu bu gün öz keçmişinə sadiqlik nümayiş etdirir. Öz sələflərinin getdiyi yolla gedir, dostu-düşməndən seçməyi bacarır və anlayır ki, türkün gücü yalnız müttəfiqlikdən və ittifaqdan keçir. Bu ittifaqın və müttəfiqliyin bünövrəsi Azərbaycan-Türkiyə timsalında çoxdan atılmışdır. Bu ittifaqın möhkəm qırılmaz tellərlə bağlı olduğunu bir daha dünyaya bəyan edən Şuşa Bəyannaməsindən bir il sonra da münasibətlərimiz üst səviyyədə inkişaf etməkdədir. Bu strateji tərəfdaşlıq missiyası digər türk dövlətləri üçün də nümunə olmalıdır.

2022-ci ilin yanvarında Qazağıstanda baş verən siyasi hadisələr bir çox türk dövlətləri üçün tarixdən dərs götürməyə yaxşı imkan yaradır. Qazaxıstanın müstəqilliyinə xələl gətirmək və oradakı milli oyanışı yerindəcə boğmaq kimi provokativ manipulyasiyalar Rusiya və tərəfdaşlarının arzusunu gözündə qoydu. Qazax xalqının mübarizliyi və vətənpərvərliyi dövlət çevrilişinin, Qazaxıstan dövlətinin müstəqiliyyinə dil uzadanların dərsini verdi. Bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Forumun plenar iclasında iştirak edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, moderator Marqarita Simonyanın “Qazaxıstanın Ukraynadakı proseslərlə bağlı mövqeyi nədən ibarətdir?” təxribatçı sualına cavabında bildirib: “... Lakin mən bir şeyi qeyd etmək istəyirəm. Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratını təyin etmə prinsipi reallıqda yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovanı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.

Putinin də iştirak etdiyi sammitdə böyük auditoriya qarşısında Ukraynanın ərazi böyüvlüyünün tanınması istiqamətində mövqeyini ortaya qoymaqla, separatçı Luqansk və Donetsk “respublikalarının” tanınmayacağını və həmin ərazi vahidlərinin Ukraynanın bölünməz hissəsi olduğunu bəyan etməklə, Tokayev bir daha göstərdi ki, Qazaxıstan əvvəlki illərdən fərqli olaraq, indi daha müstəqil siyasət yürüdür, ölkəsinin tutduğu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmamalıdır.

Çox sevindirici haldır ki, milli oyanış və milli kimlik istiqamətində Mərkəzi Asiyada baş verən bu hadisələr gələcəkdə böyük Türk Birliyinin təməlindən xəbər verir. Bunun növbəti təzahürunü cari ilin iyunun 21-də Azərbaycan Respiblikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfərinin timsalında gördük. Səfər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaqdır.

Xalqlarımızı dərin köklər birləşdirir. Eyni soydan olmağımız və ortaq mədəniyyətə sahib olmağımız gələcək münasibətlərin daha intensiv inkişafına yol açacaqdır. Hələ sovet dönəmində Azərbaycan-Özbəkistan əlaqələri həmişə ürəkaçan olmuşdur. Prezident İlham Əliyevin təbirincə desək: “Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyənnamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq. İmzalanmış siyasi Bəyənnamə mahiyyət etibarı ilə münasibətləri yeni səviyyəyə çatdıracaqdır. Həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər bundan sonrakı fəaliyyətimizdə daim diqqət mərkəzində olacaqdır.

Ümidvaram ki, bu gün Azərbaycan-Özbəkistan arasında dərinləşən hərtərəfli münasibətlər bundan sonra daha da möhkəmlənəcək və xalqlarımızın birliyinə, tərəqqisinə xidmət etmiş olacaqdır. Bu yüksək səviyyəli qarşılıqlı etimad və tərəfdaşlıq siyasəti digər türk dövlətləri üçün də örnək olacaqdır.

Mürvət İbrahimov, 

tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

635x100

Şərhlər

az qalıb 2022-06-25 19:41:41

az qalıb ki, bir azdan rusiya ilə müttəfiqliyə görə hərbçilərimizi ukrayna əleyhinə döyüşə aparsınlar sən də..........

Son yazılar