ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana bu saatlarda reallaşan səfəri Çin və ABŞ arasında böyük gərginliyə səbəb olub.
"AzPolitika.info" beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Nensi Pelosinin bu gün Tayvana səfər edəcəyi və sabah Tayvan lideri Tsai İnq-ven ilə görüşəcəyi gözlənilir.
"Reuters" Agentliyi yazır ki, gərginliyə səbəb olan səfərlə bağlı Çin döyüş təyyarələri və gəmilərini Tayvan adasının ətrafında toplamağa başlayıb. Mənbələr Çin təyyarələrinin davamlı olaraq taktiki manevrlərlə adanın ətrafında dövrə vurduğunu bildirirlər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian dünən mətbuata verdiyi açıqlamada, Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin addımlar atacağını bildirib: "Biz baş verəcək istənilən vəziyyətə hazırıq. Əgər cəsarət edərlərsə, gözləsinlər və görsünlərki nə edəcəyik”.
Tayvan Müdafiə Nazirliyi də bu səhər verdiyi açıqlamada hərbçilərin tam hazır vəziyyətdə olduğunu bildirib. Yerli mənbələrin məlumatına görə, zirehli texnikalar Çinin Tayvan yaxınlığındakı Syamen şəhərinə yerləşdirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə dünən keçirdiyi mətbuat konfransında N. Pelosinin Tayvana səfər etmək hüququna malik olduğunu bildirib.
Qeyd edək ki, N.Pelosi, ABŞ-ın diplomatik əlaqələr qurmadığı, lakin dəstəklədiyi Tayvana səfər edərsə, 1997-ci ildə ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nyut Qinqriçdən sonra Tayvana səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisi olacaq.
Onu da qeyd edək ki, Nensi Pelosini daşıyan təyyarə Malaziyadan havaya qalxıb və hazırda Tayvanın hava sahəsində olduğu bildirilir.
"AzPolitika.info"


Şərhlər