Menu

“Paşinyanın hakimiyyətdən getməsini istəmirik...” - Sabir Rüstəmxanlı

15.09.2022, 17:07
“Paşinyanın hakimiyyətdən getməsini istəmirik...” - Sabir Rüstəmxanlı

Rusiya Prezidenti Vladimir Putinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. İki gün sürəcək sammit sentyabrın 15-də başlayıb.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putinlə Əliyev arasında baş tutacaq görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət əsas müzakirə mövzusu olacaq.

Bəzi media orqanlarının məlumatına görə, V.Putinlə Türkiyə Prezidenti R.T.Ərdoğanın da gözlənilən görüşündə Qarabağ məsələsi gündəmə gələ bilər. Ermənistan Baş naziri N.Paşinyanın isə tədbirə qatılmaqdan imtina etdiyi bildirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a deyib ki, Paşinyanın Şanxay sammitinə getməyə imkanı yoxdur: "İrəvan qarışıb və Paşinyanın istefasını tələb edirlər. Yəni, onun legitimliyi hazırda sual altındadır, çünki parlamentdə ona etimadsızlıq göstərə bilərlər".

Deputat qeyd edib ki, hər dəfə Ermənistanla Azərbaycanın münasibətləri konkretləşəndə və sənədlərin imzalanması məqamı yaxınlaşanda hökmən İrəvanda ya hakimiyyət dəyişikliyi olur, ya da terror aktı törədilir, iş sıfırdan başlayır: "Ona görə də biz Paşinyanın bu gün hakimiyyətdən getməsini istəmirik. Amma reallıq budur ki, Ermənistanda vəziyyət gərgindir və sərhəddə törətdikləri son təxribatlardan sonra aldıqları cavab onları yenidən düşünməyə vadar edib. Halbuki, indi İrəvan küçələrində gedən proseslər onlara sülh vəd etmir".

Şanxay sammitinə gəlincə, komitənin üzvü düşünür ki, R.T.Ərdoğanla İ.Əliyevin bərabər ora getməsi son dərəcədə önəmlidir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol