"Ukraynanın şərqindəki Liman şəhərindən Rusiya qüvvələrinin geri çəkilməsi göstərir ki, hazırda Moskva bu bölgədənsə, ölkənin cənubundakı ərazilərin müdafiəsinə üstünlük verir".
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.
ISW ekspertlərinə görə, Liman ətrafındakı cəbhə xəttinin zəifləməsi demək olar ki, hərbi komandanlığın deyil, Putinin qərarıdır: "Bu onu deməyə əsas verir ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin saxlanmasına əhəmiyyət verir".
Şənbə günü Ukrayna qüvvələri ölkənin şərqindəki strateji əhəmiyyətli Liman şəhərini alıblar. Bu, Luqansk və Donetsk bölgələrinə doğru irəliləmək üçün yeni imkanlar açır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, minlərlə əsgərin mühasirəyə düşməsi təhlükəsindən yayınmaq üçün Limandakı qüvvələr daha sərfəli mövqelərə çəkilib.
Britaniya hərbi kəşfiyyatı bildirir ki, əməliyyat baxımından Liman vacibdir, çünki ona nəzarət Severski Donets çayı üzərindəki əsas keçidə nəzarət deməkdir ki, Rusiya onun qarşı tərəfində müdafiə xəttini gücləndirməyə çalışır.
"Rusiyanın Limandan çıxması həm də əhəmiyyətli siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya "azad etmək" istədiyi və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir".
"AzPolitika.info"


Şərhlər