Rus ordusu döyüş meydanında məğlub olduqca, Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı ritorikası güclənir. Rusiya prezidenti Ukraynadakı müharibənin ilk həftəsindən düşmənlərinə nüvə silahının nəticələri barədə xəbərdarlıqlar göndərir.

İndi isə Putin Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün bütün dünyanı nüvə silahından istifadə etməklə hədələyir. Bəs Putin blef etmirsə, dünyanın ən böyük nüvə silahı arsenalına malik olan Rusiya hansı növ nüvə zərbəsinə qadirdir və bu, Ukraynada və onun hüdudlarından kənarda hansı dağıntılara səbəb ola bilər?

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The Washington Post” nəşri dərc etdiyi məqalədə bu suallara cavab tapmağa çalışıb.

Sözügedən məqalənin bir qisminin tərcüməsini oxuculara təqdim edirik:“Rusiyanın Kiyevlə hesablaşmaq üçün ən güclü nüvə silahından istifadə etmə ehtimalı çox azdır. Mütəxəssislərin fikrincə, Moskva döyüş meydanında öz məqsədinə çatmaq üçün daha kiçik nüvə silahından istifadə etməyə çalışacaq. Ekspertlər xəbərdarlıq edirlər ki, nüvə silahı işə salındıqdan sonra hadisələrin necə cərəyan edəcəyini təsəvvür etmək çox çətindir.

Rusiyanın neçə nüvə silahı var?

Rusiyanın nüvə arsenalı ilə bağlı ilk və ən əsas sual budur. Nüvə silahları adətən iki kateqoriyaya bölünür: okeanları keçə bilən və düşməni təhdid edən uzun mənzilli strateji silahlarvə daha məhdud imkanlara, funksiyalara malik olan taktiki silahlar.

Strateji nüvə silahı özü də bir neçə qrupa bölünür: qitələrarası ballistik raketlər (ICBMs), sualtı qayıqlardan atılan ballistik raketlər (SLBM) və bombardımançı təyyarələrdə yerləşdirilə silahlar.

Rusiyanın stratetji nüvə silahlarının sayıyla bağlı dəqiq məlumat yoxdur.

Amerika Alimləri Federasiyasının araşdırmasına əsasən, Rusiyanın 1 912 ədəd taktiki nüvə silahı var.

Bu silahlar nə qədər güclüdür?

Nüvə silahının gücü “TNT” ekvivalenti ilə ölçülür. ABŞ Enerji Departamentinin hesablamalarına görə, Xirosima və Naqasakiyə atılan bombaların gücü müvafiq olaraq 15 və 21 kiloton olub. Bu, 15000 ton və 21000 ton “TNT”-yə bərabərdir.

Texnologiya irəllədikcə, müasir strateji nüvə silahlarının gücü də inanılmaz dərəcədə yüksəlib. Hazırda standart nüvə silahlarının gücü 500 - 800 kilotona və ya 1 meqatona bərabərdir. Bu isə 1 milyon ton “TNT” deməkdir.

Dünya tarixində ən güclü nüvə silahını sınaqdan keçirən ölkə Rusiyadır. Rusiyanın 1961-ci ildə sınaqdan keçiridyi “Çar Bombası” adlı nüvə silahının gücü 50 meqaton idi. Bu silahdan hərbi məqsədlər üçün istifadə edildiyini təsəvvür etmək belə qorxuncdur.

Müasir taktiki nüvə silahları isə adətən 10-100 kiloton aralığında gücə malik olur. Ancaq bu silahlar belə, Xirosima və Naqasakidə istifadə edilən bombalardan daha dağıdıcı gücə malikdir.

Rusiyanın arsenalında 1 kilotondan aşağı gücə malik nüvə silahı belə mövcuddur. Lakin ən zəif nüvə bombası belə, ciddi risk faktoru deməkdir. Məsələn, 0,3 kiloton gücündə olan nüvə bombası 2020-ci ildə Beyrut limanında baş verən partlayışla eyni dağıdıcılıq qabiliyyətinə malikdir.

Rusiya hansı silahdan istifadə edəcək?

Rusiya müxtəlif növ taktiki nüvə silahlarına malikdir. Bəziləri donanma, bəziləri hava qüvvələri, digərləri isə ordu tərəfindən yerdən-yerə qısa mənzilli raketlərdə ya da yerdən-havaya müdafiə sistemlərində istifadə üçün nəzərdə tutulub.

Rusiyada bu silahların müxtəlif ölçülü ehtiyatları var. Amerika Alimləri Federasiyası hesab edir ki, Rusiya hava qüvvələrinin istifadə edə biləcəyi 500-ə yaxın taktiki nüvə silahına sahibdir. Onların bir çoxunu Ukraynada adi bombardıman missiyasını yerinə yetirən “Tu-22” təyyarələrindən atmaq mümkündür.

Lakin ekspertlər rusların təyyarə vasitəsilə nüvə zərbəsi endirəcəyini düşünmürlər. İlkin ehtimallara görə, nüvə zərbəsi NATO tərəfindən “SS-26” kimi təsnif edilən “İsgəndər- 9K720” ballsitik raketi vasitəsilə endiriləcək. Amerika Alimləri Federasiyasınım məlumatına görə, Rusiyanın arsenalında 100-ə yaxın belə silah mövcuddur.

Nüvə zərbəsi nə qədər dağıntıya səbəb ola bilər?

Yuxarıda da qeyd etdiyimiz kimi, nüvə silahının dağıdıcı qabiliyyətini qiymətləndirərkən, diqqət yetirilməli olan ilk göstərici onun məhsuldarlığıdır. Kilotonların sayı daha böyükdürsə, partlayış da daha güclü olacaq. Lakin burada ərazi faktoruda böyük önəm kəsb edir. 

Məsələn, partlayışın baş verdiyi ərazidə təpələr varsa, radiasiya daha az yayıla bilər. Əgər partlayış yerin altında baş verərsə, torpaq radiasiyanın bir hissəsini özünə qəbul edə bilər. Ancaq nüvə bombası yerin səthində və ya bir az yuxarıda partladılarsa, böyük fəlakətlər baş verə bilər.

Xəbərdarlıq atəşi olacaqmı?

Tarix və “Hollivud” filmləri dünya liderlərinin barmaqlarını böyük bir nüvə düyməsinin üzərində gəzdirdiyi, dünyanın nüvə partlayışından son anda xilas olduğu obrazını insanların təxəyyülünə yerləşdirib.

Strateji silahlar əmr verildikdən sonra bir neçə dəqiqə ərzində işə salına bilsə də, taktiki silahlarda vəziyyət bir qədər fərqlidir. Taktiki silahlar ölkə daxilində məhdud sayda obyektlərdə saxlanılır. Bu silahlar bunkerdən çıxarılaraq, müəyyən bir yerə daşınmalıdır. Ekspertlər bu prosesin bir neçə gün vaxt apardığını bildirirlər. Ona görə də yəqin ki, Rusiyanın bu hərəkətləri ABŞ və Avropa kəşfiyyatı tərəfindən aşkar ediləcək”.

Elvin

“AzPolitika.info”