Menu

Ruhaninin səfəri İran-Azərbaycan münasibətlərinə nə vəd edir?

12.11.2014, 12:12
Ruhaninin səfəri İran-Azərbaycan münasibətlərinə nə vəd edir?

BBC Azərbaycancaya danışan politoloqlar İran prezidenti Həsən Rohaninin səfəri zaman iki ölkə arasında münasibətlərdə “müsbət tendensiya” olduğunu qeyd etsələr də, bəzi məqamlarda gərginliyin davam etdiyini düşünürlər.

Bu gün İran prezidenti Həsən Rohani Azərbaycana ilk rəsmi səfərə gəlir. Rəsmi məlumata görə, ölkələr arasında 10-dək sənədin imzalanması gözlənilir.

Son zamanlar İranla Qərb arasında münasibətlərin yumşalması fonunda Rohaninin Azərbaycana səfəri diqqət cəlb edir.

Təhliçilər cənab Rohaninin 2013-cü ildə prezident seçiləndən sonra Azərbaycana ilk səfərini iki ölkə münasibətləri üçün “uğurlu” ola biləcəyini proqnozlaşdırırlar.

Bəzi ekspertlər Azərbaycan və İran arasında münasibətlərdə hələ də “gərginliyin” qaldığını düşünsə də, bu səfəri “müsbət” dəyərləndirirlər.

BBC Azərbaycancaya danışan təhlilçilər Azərbaycan və İran arasında müzakirə olunası mövzuların “kifayət qədər” olduğunu düşünür.

“Gərgin diplomatik əməyin zirvəsi”

Şərqşünas təhlilçi Zərdüşt Əlizadə İran prezidentinin səfərinin “gərgin dipomatik əməyin zirvəsi, tacı” adlandırır.

“Rohani ölkəyə gəlirsə, bu o deməkdir ki, ondan əvvəl ölkənin xarici işlər nazirlikləri, işçiləri xeyli işləyiblər və bu səfərin proqramını razılaşdırıblar. Ən mühüm məsələləri prezidentlər özləri həll edəcək. Amma əgər hansısa sənədlər imzalanacaqsa bunlar əvvəl ekspertlər və diplomatlar səviyyəsində razılaşdırılıb”, o bildirib.

Səfərin “uğurlu” olacağını düşünən politoloqun fikrincə, Azərbaycanın İranla “sağlam münasibət” qurmasını həm də İranın Qərblə münasibətlərinin normallaşması şərtləndirir.

“Qərb nəhayət anlayıb ki, İranın çox böyük geosiyasi əhəmiyyəti var. Digər tərəfdən münasibətlərdə yaxşılaşma baş verirsə, Azərbaycanın İrana qarşı baza rolunu oynamasının əhəmiyyəti azalır”.

Ekspert Xəzərin statusu ilə bağlı Həştərxan sammitindən sonra danışıqlarda “irəliləyiş” olduğunu deyir və ümumi bir “razılaşma və hərəkətliliyin” olduğunu qeyd edir.

“Bu da imkan verir ki, cənub-şimal dəmir yollarının, avtomobil yollarının inşası sürətlənsin. Bütün bunlar bəs edir ki, Azərbaycanla İran arasında münasibətlər yaxşılaşsın. Biz buna ümid edirik”, Əlizadə əlavə edir.

Azərbaycan vətəndaşlarının İranla ticarətdən faydalandığını qeyd edən politoloqun sözlərinə görə, Azərbaycan tərəfi münasibətlərin inkişafı üçün öz öhdəsinə düşən addımları atacaq.

“Təhlükəsizlik və enerji maraqları”

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu İran prezidentinin səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın “aşağı səviyyədə” olmasına baxmayaraq əsasən iki məsələnin müzakirə ediləcəyini düşünür.

“İraqda və Suriyada İŞİD fəaliyyət göstərir və bu təriqətçi, terrorçu təşkilatın hədəfə aldığı ölkələrdən biri İrandır və bu məsələdə Azərbaycanla İranı müəyyən müştərək maraqlar birləşdirir. Çünki İŞİD-in tərkibində xeyli azərbaycanlılar döyüşür.

Azərbaycan da İran kimi olmasa da əsasən şiə müsəlman əhalisindən ibarətdir. Şübhəsiz ki bu məsələ Azərbaycan üçün də əsas məsələdir”, ekspert BBC Azərbaycancaya bildirib.

Adıçəkilən məsələnin gündəmdə ola biləcəyini qeyd edən politoloqun fikrincə, bu məsələdə əməkdaşlıq məsələləri müzakirə edilməsi istisna deyil.

İranla Qərb münasibətlərinin yaxşılaşdığını vurğulayan təhlilçinin sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi gündəmdə müzakirə oluna biləcək mövzudur.

“Şübhəsiz ki, bu məsələdə İran üçün Azərbaycan çox önəmli partnyordur, tranzit ölkəsidir və bu məsələdə bilavasitə iştirak eliyən ölkə kimi Azərbaycanın təcrübəsi önəmli ola bilər”, o əlavə edib.

Oruclunun sözlərinə görə, həm İran, həm də Azərbaycan Həştərxan sammitində Xəzərin statusu ilə bağlı Rusiyanın ortaya qoyduğu mövqeni dəstəkləyir.

“Bu məsələ də enerji təhlükəsiziyi məsələsi olaraq həm Tehran, həm də Bakıda müştərək maraq kimi diqqət çəkir. Mümkündür ki, bu məsələ ərtafında da müzakirələr aparılsın”.

Bununla belə politoloq iki ölkə arasında şübhəsiz “gərginliyin” olduğunu düşünür.

“Məsələ burasındadır ki, Rohaninin hakimiyyətə gəlməsi hələ o ziddiyyətli məqamları aradan qaldırmayıb və bu ilk növbədə İranın Azərbaycandan fərqli olaraq monolit hakimiyyətə malik olmaması ilə bağlıdır. İranda Ali Dini Şuranın üzvü olmayan ayatullahlar zaman-zaman Azərbaycanın ünvanına ittihamlar səsləndirir ki, bu da ikitərəfli münasibətlərdə son dərəcə neqativ rol oynuyur”, Oruclu qeyd edir.

Rəsmi Bakı bu ittihamları rəsmi İranın mövqeyi kimi qəbul etdiyini deyən təhlilçinin fikrincə, bu məsələlər gündəmdə olduğu sürəcdə gərginlik davam edəcək.

“Təhlükəsizlik və enerji sahəsində müştərək planlar olarsa, bu gərginliyin arxa plana keçmək ehtimalı çox yüksəkdir və bu gün də o şanslar var. Azərbaycan İran münasibətləri iki il əvvəllki münasibətlər deyil, müsbət tendensiyalar var, Xüsusilə Azərbaycan Qərb münasibətlərinin soyuması və Azərbaycanı Rusiya tərəfindən Gömrük İttifaqına üzv etmək üçün təzyiqlər fonunda istisna eləmirəm ki, Bakı Tehran münasibətləri xeyli dərəcədə yaxşılaşa bilər”, o əlavə edib.

“Vacib mərhələ”

İqtidaryönümlü politoloq, deputat Rasim Musabəyov Rohaninin səfərini ikitərəfli münasibətləri dərinləşdirmək üçün “vacib mərhələ” hesab edir.

BBC Azərbaycancaya açıqlamasında politoloq iki ölkə arasında geniş ticari dövriyyənin olduğunu deyib.

Münasibətlərdə gərginliyin olması fikri ilə razılaşmayan politoluqun sözlərinə görə, İranda hakimiyyətə Rohaninin gəlməsi münasibətlərdə dəyişiklik yaradıb.

“Bu prezidentlərin birinci görüşü deyil. Cənab prezident Rohani ilə Davosda da görüşüb və iki prezident arasında əlaqə var və bu müsbətdir”, o bildirib.

İran prezidentinin səfərindən sonra münasibətlərin birdən-birə dəyişəcəyini düşünmək doğru deyil.

“Hər bir halda iki qonşu dövlətlər arasında münasibətlərin soyuqlaşması düzgün deyil. Səfərlər baş verməlidir. Təkcə prezidentlər arasında yox, nazirlər arasında da. Düşünürəm ki, İranın təcrid vəziyyət çıxmağı həm Azərbaycan, həm də İran üçün müsbətdir”, o, əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol