203 MİN DEYİL, 403 MİN MANAT AYRILIB!? – AYB-nin böyük ayıbı və Çingiz Abdullayevin aqressivliyinin sirri

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 8 illik fasilədən sonra 26 oktyabrda baş tutan XIII qurultayı qalmaqalla yekunlaşdı. Həm tədbir zamanı prosedur qaydalarının ciddi şəkildə pozulması, həm də AYB rəhbərliyinin qurultaydan sonrakı açıqlamaları ciddi narazılıqlara səbəb olub. 

Belə ki, Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev ona sual ünvanlayan jurnalistləri təhqir edib. Jurnalistin “tədbirin təşkili üçün 203 min manatlıq nə var idi burda?” sualından əsəbləşən Ç.Abdullayev, təhiqirəramiz şəkildə cavablar verib: “Necə nə isə var? Utanmırsan, xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?!”

O bildirib ki, qurultayın keçirilməsi üçün daha çox pul xərclənib: “Bəs bu qədər adama bilet almışıq, buranın arendasını vermişik... Qonaqlar neçə gün mehmanxanada qalıb, yeyib-içiblər, bu qədər kitab çap etmişik, güllər, rayonlardan gələnlərə bilet almışıq, posterlər... Bəs, bu “axrana” baxmırsız? Qat-qat çox xərcləmişik”. 

Qeyd edək ki, qurultayın keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği ictimaiyyət arasında birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Belə ki, Mədəniyyət Nazirliyi AYB-nin XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırdığını açıqlayıb. Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb: “Eyni zamanda, qeyd edirik ki, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən AYB-in XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait Birliyin hesabına köçürülüb”.

Büdcədən 403 min manat ayrılıb, amma...

AYB indiyə qədər maliyyə hesabatı açıqlamadığından, sözügedən vəsaitin hara, necə xərcləndiyi sirr olaraq qalır.

Bu mövzuda “AzPolitika.info”-nu məlumatlandıran mötəbər mənbə isə daha maraqlı mətləbələrə aydınlıq gətirib. Mənbə bildirib ki, əslində qurultayın keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 203 min yox, 403 min manat olub. Qaynaq əlavə edir ki, vəsaitin ayrılmasında AYB katibi Çingiz Abdullayev canfəşanlıq göstərib, müxtəlif qurumlara dəfələrlə məktublar yazaraq tədbir üçün vəsait istəyib. Nəticədə, qurultayın keçirilməsi üçün ümumilikdə dövlət büdcəsindən 403 min manat vəsait ayrılıb.

Ç.Abdullayevin qurultayın təşkilində canfəşanlığı isə səbəbsiz olmayıb. Belə ki, əslində qurultayda AYB-nin sədri vəzifəsinə Ç.Abdullayevin seçilməsi nəzərdə tutulurmuş. Bununla bağlı o, müvafiq dairələrdə, habelə AYB üzvləri arasında geniş iş aparıb. Amma son anda onun istəyi baş tutmayıb və Anarın öz postunda qalması məsləhət bilinib. Görünür, Ç.Abdullayevin aqressivliyinin kökündə duran səbəblərdən biri də bu uğursuzluq olub... 

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və bu tədbir üçün dövlət büdcəsindən 450 min manat vəsait ayrılıb. Bu fakt AYB-nin sonuncu qurultayına əslində 203 yox, 403 min manat vəsait ayrıldığı barədə məlumatı bir daha təsdiqləyir. Bu dəfə iki dəfə az vəsait ayrılması üçün heç bir səbəb yox idi.

AYB qonaqların və iştirakçıların sayını şişirdib. Çingiz Abdullayev jurnalistlərə deyib ki, vəsait icarə xərclərinə, xaricdən dəvət edilmiş qonaqların yerləşdirilməsinə, yeyib-içməyinə, AYB-nin bölgələrdən gələn nümayəndələrinin xərclərinin qarşılanmasına, habelə dekorasiyalar və s tərtibat işlərinə xərclənib.

AYB-nin mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşən qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, həmçinin qurumun 330-dək üzvü iştirak edib. Ancaq maraqlıdır ki, qurultaya müxtəlif ölkələrdən 20-dən artıq xarici qonaq dəvət oldunduğu bildirilsə də, onlardan yalnız 8-nin adı açıqlanıb. Xarici qonaqlar arasında Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybek, Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Ömeroğlu, Türk Ədəbiyyat Vakfının başqanı Serhat Kabaklı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) başqanı Mehmet Nuri Parmaksız, AYB-nin Türkiyə üzrə təmsilçisi, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdad Avşar, iraqlı şair Nəsrin Ərbin, Pakistan Ədəbiyyat Akademiyasının sədri, professor Məhəmməd Yusif Xuşk və Rusiyanın keçmiş mədəniyyət naziri Yevgeni Sibrov yer alıb. Qurultayda iştirak edənlərin ümumi sayının 250 nəfərə yaxın olduğu bildirilir.

AYB-nin bölgə nümayəndəsi: "Pul görməmişik"

Amma Ç.Abdullayevin dediklərinin əksinə, AYB-nin bölgələrdən qurultaya gələn nümayəndələri xərclərin qurum tərəfindən qarşılanmadığını bildiriblər. Onlardan Birliyin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli yerli mediaya açıqlamasında deyib ki, hər nümayəndə qurultayda şəxsi imkanları hesabına iştirak edib: “Mən birliyin cənub bölməsinin rəhbəri kimi 11 nəfərlə qurultayda iştirak etmişəm. Bizdə altı rayon nümayəndəliyi var. Hərə öz maşını ilə qurultaya gedib. Maşını olmayanları da yoldaşlar götürüblər, bir yerdə getmişik. Nə pul? Nə yol xərci? Biz heç onları görmüşük ki, yol xərci də alaq? Öz təşəbbüsümüzlə getmişik”.

İcarə xərcləri 4-6 min manat

İcarə xərclərinə gəldikdə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından "AzPolitika.info"-ya bildirilib ki, icarə xərcləri tədbirin saatından və formatından asılı olaraq dəyişir. Bir gün üçün icarə haqqı 4-6 min manat arasında müəyyən olunub.

AYB-nin mətbuat katibi: "Əgər, dövlət 450 min manat ayırsaydı, biz də 450 minlik bir qurultay keçirəcəkdik"

AYB-in mətbuat katibi Xəyal Rza “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, AYB maliyyə hesabatlarını öz bildiyi formada və tələb olunan qurumlara vermək hüququna sahibdir: “Təbii ki, mətbuatın bu suallarla müraciət etmək haqqı var. Ancaq biz bu məlumatları ictimaiyyətə verməyə də bilərik. Burada təəccüblü heç nə yoxdur. Digər dövlət qurumları jurnalistin kefinə düşəndə və “bizə hesabat verin” deyəndə, bütün işini-gücünü atıb bununla məşğul olmalıdır? Xeyr! Yazıçılar Birliyinin 90 yaşı var. İndiyə qədər hesabat da verib, ayrı-ayrı qurumlar burada maliyyə yoxlamaları da aparıb”.

X.Rza qeyd edib ki, müəyyən qurumlar sözügedən vəsaitlə bağlı hesabat tələb edərsə, bu hesabat onlara təqdim edilə bilər: “Maliyyə Nazirliyi, Hesablama Palatası və ya başqa bir qurum hesabat tələb edə bilərlər. Kim dövlətin pulunu yeyə bilər? Vəsait ayrılıbsa, bu məbləğin hesabatı və sənədləri də yerində olmalıdır. Əslində 203 min manat fantastik bir məbləğ deyil. 20-dən çox ölkədən qonaq dəvət etmişik...” 

X.Rza 2014-cü ildən fərqli olaraq, bu dəfə AYB-nin qurultayı üçün az maliyyə ayrılmasını belə əsaslandırıb: "Biz bunu anlayışla qarşılayırırq. Bu, Qarabağda gedən tikinti işləri ilə bağlıdır. Başa düşürük ki, dövlətin kifayət qədər xərcləri var. Əgər dövlət 450 min manat ayırsaydı, biz də 450 minlik bir qurultay keçirəcəkdik. Məsələn, fərqli ölkələrdən daha çox qonaq dəvət edəcəkdik, daha geniş bir tədbir olacaqdı və s. Məsələnin görünən və görünməyən tərəfləri var. Düşünürəm ki, tədbirin keçirilməsi üçün bu civarda məbləğin xərclənməsi anlaşılandır”.

İqtisadçı: "Ortada bir hesabat olmalıdır"

İqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitin hesabatlılıq zərurəti olmalıdır: “Yazıçılar Birliyi də dövlət büdcəsindən maliyyələşir. Ona görə ortada bir hesabat olmalıdır. Qanun da bunu tələb edir. İctimai əhəmiyyətli məsələ olduğundan, deməli, ictimaiyyətə də məlumat verilməlidir. Verilməməsinin səbəbi isə odur ki, istənilən açıqlama zamanı, məlumatı mübahisələndirmək mümkün olur. Bu zaman mütəxəssislər başqa metadologiyalarla hesablama apararaq, hansının doğru, hansının yalnış olduğunu ortaya çıxara bilərlər. Belə şəffaflıq mühitində otel, şirkət seçimi və digər məsələlər də ortaya çıxır. Hesab edirəm ki, bu vəsaitin xərclənmə isitiqamətinin açıqlanmamasının səbəbi odur ki, qurum sadəcə başını ağrıtmaq istəmir. Lakin biz gördük ki, bu addım əks effekt doğurdu və ciddi ictimai qınağa səbəb oldu”.

Ekspert bu tip qurultayların sovetdən qalma sistemlə idarə olunduğunu bildirib: “Ümumiyyətlə, bu tipli birliklərin köhnə modellə çalışmasının tərəfdarı deyiləm. Onlar QHT məntiqi ilə idarə olunmalı, sivil toplum qurumları kimi özündə peşə adamlarını birləşdirməlidir. Bu istiqamətdə bir neçə peşə birliyi də yaradıla bilər. Maliyyələşmə isə sponsorlar, üzvlük haqları tərəfindən olmaldır. İndiki qurum 21-ci əsrə yaraşmayan, Stalin dövründən qalan bir modellə təşkil olunub”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Eldar 2023-02-09 20:20:10

AYB-a ayıb olsun!

Əliəddin 2022-11-02 12:41:09

Özünə hörmət edən istənilən bir qurumun belə kampaniyalara qoşulması, onu tirajlaması təkcə utancverci deyil, həm də RƏZALƏTDİR. Təəssüf ki, siz Azpolitika əməkdaşları bu yolu seçmisiniz. Hər halda uğurlu yox, utancverici yoldur.

Veteran 2022-10-30 14:26:15

Göründüyü kimi bu kolxoz yığıncağında etiraz edən iki ziyalıdan başqa orada bir ziyalıi yox imiş.

Dövlətini sevən 2022-10-29 20:29:22

Həqiqətən Şəki yə ayrılmış pullar, kommunaxoz, Jek və Yol İdarəsi tərəfindən mənimsənilir. Kommunaxozun və Şəki Bələdiyyəsini , Şəkinin Parklarını, Yarmarkasını, İşıqlanmə və Yaşıllaşdırma idarələrini idarə etmək intiqam Bəşirova həvalə edilmişdir . İntiqam Bəşirovun Elmlər Akademiyasının yanında tikdirdiyi evin qiymətini n dəyəei ən azı 2 milyon manatdan çoxdur . Xahiş edirəm gedin baxın, gözxlərinizlə görün. Hamısı dövlət büdcəsinin talan olunması nəticəsində əmələ gəlmişdir. İntiqamın evi İcra haskimiyyətinin müavini Zərinə Cavadovada təmtaraqlı Villa tikib. Ounu da dəyəri milyondan çoxdur . aidiyyatı qurumlardan xahiş edirik , gəlin öz gözlərinizlə görüb, tədbir görmək lazımdır !

Salamov 2022-10-29 18:26:34

Əslində AYB-nə daxil olan vəsait göstəriləndən xeyli çoxdur ki, burada tədbir məsrəfləri olduqcq az olub və mənimsəmə halları aydın gözə çarpırMənimsəmə moidarı iri rəqəm təşkil etdiyindən müvafiq nəzarət orqanarınn işə qarışması vacibdir.Bir məbləğə diqqət edin: 450 000 manat dövlət büdcəsindən+ 203600 manat məsəniyyət nazirliyinin köçürməsi bu edir* 450 000+203 600 = 653 600 manat. Yeyintinin muqdarını nəzarət orqanı aydınlaşdıra bilər. Elə bu səbəvdən Çingiz Abdullayev pzündən çıxıb, mədəniyyətsizliyini nümayış etdirib. .

Kəramət 2022-10-29 08:05:56

Yaxşı bəs 200 000 manat niyə ortada yoxdur?Ona görəm oğru elə qışqırır ki, doğrunun bağrı çatlasın? Bəs bu ölkənin nəzarət orqanları niyə kənardan baxır? Hanı DİN,Hesablama Palatası.Prokuror! Fakt ortada! Niyə bu məsləyə ciddi münasibətlə yanaşan tapılmır.Harada və niyə yatıblar? Bu ciddi mübahisəyə kim son qoymalıdır?

Turan 2022-10-29 00:10:09

Rus imperiyasının çöküşünü qəbul ede bilmeyen rusbaş "ziyalıların " esl sifeti özünü gösterir. Hikkelerinden yalançı ziyalı maskaları çürüyüb dağılır. Niyə özün ölmürsen utanmağıdan? Ay Xalqın dilini bilmèyen xalq yazıçısı.

dadaşyev 2022-10-28 20:42:07

Yuxarıdakı şəkilə yaponlar,almanlar,ingilislər baxsalar elə bilərlər bu şıq geyimli,qalstuklu bəxtəvər nursifətlər ya nazirlərdi, ya hərəsi bir rayonun icra başçısıdı,ya da şirkət-holdinq sahibləridirlər.Qəti ağıllarına gəlməz ki,xeyr aaa,adi yazıçılardı.Çünki onların təsəvvüründə adi yazıçı Heminqveydi,Drayzerdi,Jül Verndi,Balzakdı,Dostoyevskidi,Hüqodu,Mark Tvendi,Mayn Riddi,Çexovdu,Qarsia Markesdi və sair və ilaxır.Amma vallah-billah bunlar da yazıçılardı,sadəcə sovetdən qalıblar deyə belədirlər.Dəyişəmmirlər heç cür.Sovet vaxtının yazıçıları xalqı yox,dövləti anlayırdılar,ona görə ofis yazıçıları olublar bu cür.Yaxşı ki indi bunlarla yanaşı əsl adi yazıçılar dəstəsi də yaranıb,amma onların çoxusu tərk ediblər bu sovet Birliyini.Düz də ediblər.Əsl yazıçı,əsl rəssam heç bir Birliyə-filana sığmaz,müstəqilliyinə zərrəcə toz qondurmaz.

ibrahim 2022-10-28 15:33:11

Bütün iş güclərini buraxıb düşüblər 200 minin arxasınca.Çox gülməlidir.Milyonlar tez unudulurmuş.

Ruslan 2022-10-28 15:22:52

Anar kimi sədri, çingiz və rəşad kimi katibi olan Azərbaycan Yaltaqlar Birliyindən nəsə gözləmək ... guya burada elita, ziyalı yığıncağır.. Xəlil Rza Uluturk kimi ədibi, nəhəngin 90 illiyi yadlarına belə düşmədi, bu bicokların, indi qurultay edirlər, ancaq utanıb ölmürlər, yerə də girmirlər, hələ sandığındaca gorbagor olanlar. “Ürəyim qışqırır… ağlım deyir: Sus! Bu qədər soyğunçu, bu qədər casus, bu qədər qəlbi kar, ürəyi çopur, Bunca ikiüzlü, üçüzlü, hətta yüzsifət, minsifət varsa həyatda, Demək, bu dağılmış dağılmalıdır! Yeni bir cəmiyyət qurulmalıdır! Xəlil Rza

Sekiden 2022-10-28 14:38:21

illerdir Sekiye ayrilan pullar komnaxoz jek yol idaresi icra terefinden yeyilir hec kimin sesi cixmir niye? hesablama paltasi maliye nezaret ve prokrorluq prezident binasi hara baxir? rusvetler kimin ciblerime axir? biabirciliqdir ailesine sahib cixa bilmeyenler dovlet idare edir

SƏXAVƏT 2022-10-28 14:03:04

BƏS YERDƏ QALAN ,UNUDULMUŞ. 200 MIN MANATIN TALEI ?HESABLAMA PALATASI MÜRLƏQ YOXLAMA APARMALI VƏ FIRILDAQŞI AYB-Nİ İFŞA EDİB İCTİMAİYYƏTƏ BİLDİRMƏLİDİRLƏR.YALNIZ BU ZAMAN AYB-NİN BİR QRUP DƏLƏDUZ "YAZIÇILAR" TƏRƏFİNDƏN İŞĞAL OLUNDUĞU ORTAYA ÇIXAR..

Son yazılar