Menu

"Putin "mən burdayam, çıxmaq fikrim də yoxdur" deyir" - Deputat

28.10.2022, 19:38
"Putin "mən burdayam, çıxmaq fikrim də yoxdur" deyir" - Deputat

"Tarixən Rusiya Federasiyası Cənubi Qafqazda öz nüfuzunu, mövqelərini qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi edib və etməkdə davam edəcək. Yəni Qərbin Cənubi Qafqaza girməməsi üçün, Cənubi Qafqazın həmişə Rusiyanın nəzarətində olması üçün Putin bir çox rıçaqlardan istifadə edir. O cümlədən də Ermənistanla Azərbaycan arasında gərginliyin həmişə qorunub saxlanması üçün lazımi tədbirləri görürlər".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Rusiya prezidenti Vladimir Putinin Valday klubunda səsləndirdiyi açıqlamaları "Turan"a şərh edərkən deyib.

Deputatın fikrincə, bu məqsədlə də çox az rus mənşəli insan yaşayan Qarabağ bölgəsində rus icmasını yaradıblar: "Hələ 1988-ci ildən qabaq vəziyyəti bilən insan kimi deyə bilərəm ki, Xankəndidə yalnız 366-cı alayda xidmət edən rus hərbçilərinin və ötən dövrlərdən qalma üç-dörd başqa ailələr yaşayırdı. Yəni, orada yenidən rus icmasının yaradılması, pravoslav kilsənin tikilməsi, Rusiyanın tarixi şəxsiyyətlərinə heykəl qoyulması ondan xəbər verir ki, Putin birmənalı olaraq pərdəarxası "mən burdayam, burdan çıxmaq fikrim yoxdur" bəyan edir".

O, habelə vurğulayıb ki, Putin Valday Forumundakı çıxışında Ermənistana mesaj verib: ""Ermənistana Vaşinqton variantını qəbul etmək istəyirsə, etsin" deyəndə, onu hədə mənasında deyir ki, sonra görün Ermənistanın başına nə oyun açacağam. Çünki Rusiyanın bütöv bir ordusu Ermənistanda yerləşir, Ermənistanın İran və Türkiyə ilə sərhədlərində Rusiya hərbçiləri dayanır".

E.Məmmədov hesab edir ki, bir neçə gün sonra Soçidə baş tutacaq görüş də ondan qabaqkı görüşlərin biri olacaq: "Rusiya ondan qabaqkı görüşlərin, imzalanan sənədlərin aqibətinə diqqətlə nəzər salıb nəticə çıxarmalıdır ki, Rusiyanın götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində bu gün Qərb Ermənistanın çağırışı ilə artıq bölgəyə ayaq açır. Putin nəticə çıxarmalıdır və ciddi addımlar atmalıdır, Ermənistana qarşı tədbirlər görməlidir ki, sülh müqaviləsi imzalansın və irəliləyiş olsun. Əks təqdirdə, Rusiya-Qərb arasında münasibətlər baxımından bölgədə vəziyyət getdikcə gərginləşəcək".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol