BMT-nin UKRAYNAYA TƏZMİNAT QƏRARI – Bu qərar Azərbaycan üçün presedent yaradırmı?

Xəbər verildiyi kimi, noyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul edib. Bu qətnamə Rusiyanın aylardır davam edən işğalçı hərəkətləri fonunda, Ukraynaya dəymiş ziyana görə qarşı tərəfin təzminat ödəməsi üçün beynəlxalq mexanizmin yaradılmasını tələb edir.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri hüquqi qüvvəyə malik olmasa da, siyasi baxımdan böyük önəmə sahibdir. Böyük ehtimalla, əgər Rusiya təyin olunan təzminatı ödəməkdən boyun qaçırarsa, Ukrayna müharibənin əvvəlindən ABŞ və Avropanın sanksiyaları nəticəsində dondurulan yüz milyardlarla dollar dəyərində Rusiya aktivlərinə dair iddia irəli sürəcək.

Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan da Ermənistanın 30 il ərzində ölkəmizə və vətəndaşlarımıza qarşı törətdiyi müharibə cinayətlərinə görə təzminat ödəməsi məsələsini gündəmdə saxlayır. Bu barədə bildirilir ki, dəymiş ziyanın məbləği hesablandıqdan sonra Azərbaycan beynəlxlalq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminat ödənilməsini tələb edəcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, artıq Ermənistanın Azərbaycana vurduğu ziyanın ilkin məbləği məlum olub. Belə ki, Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, 1988-ci ildən indiyədək Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizə 16,2 milyard manat məbləğində ziyan dəyib. Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində qeydə alınıb.

Təbii ki, açıqlanan rəqəm hesablamanın ilkin mərhələsidir. Əslində, burada qat-qat böyük bir məbləğdən söhbət getməlidir və gedəcək. BMT-nin illər öncə açıqladığı məlumatlarda da zərərin kifayət qədər böyük olduğu göstərilib. Bu barədə BMT-nin 2000-ci ildəki İnsan İnkişafı Hesabatında göstərilir ki, Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana təxminən 53,5 milyard dollar məbləğində ümumi iqtisadi zərər vurub.

Bəs, Azərbaycan Ukrayna təcrübəsindən istifadə edərək, dəymiş ziyanın qarşılığında Ermənistandan təzminat tələb edə bilərmi?

Bu mövzuyla bağlı siyasi şərhçi Elçin Mirzəbəyli “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycan BMT çərçivəsində təzminat məsələsini gündəmə gətirə bilər: “Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olduğunu nəzərə alsaq, BMT Baş Assambleyasında ölkəmiz tərəfindən qaldırılan bu məsələnin qəbul olunması mümkündür. Bildiyimiz kimi, bu hərəkatın 120 üzvü var və onların əhəmiyyətli hissəsi Azərbaycanı dəstəkləyir. Məsələn, bundan əvvəl ölkəmizin pandemiya ilə bağlı irəli sürdüyü qətnamayə dəstək vermişdilər. Bu aspektdən yanaşsaq, sözügedən məsələnin reallaşma ehtimalı mümkündür. Bundan əvvəl də BMT Baş Assambleyasında torpaqlarımız işğal altında olan zaman Azərbaycanın lehinə, Ermənistanın işğalçılıq fəaliyyətləri ilə bağlı müvafiq qətnamələr qəbul olunub. Hər halda bu məsələdə daha doğrusunu Azərbaycanın xarici siyasət idarəsinin müvafiq qurumları bilir”.

Ekspert xatırladıb ki, beynəlxalq təcrübədə təzminat məsələlərinin sülh müqaviləsində yer alması ilə bağlı faktlar mövcuddur: “Bu, ilk dəfə Birinci Dünya müharibəsi zamanı olub. Versal Sülh Müqaviləsinə əsasən, Almanyanın üzərinə Polşaya təzminat ödəməsi öhdəliyi qoyulmuşdu. Almaniya hökuməti bu təzminatı 2010-cu ildə ödəyib başa çatdırdı. Həmçinin İkinci Dünya müharibəsinin nəticəsinə görə, 1947-ci ildə Almaniya ilə 20 ölkə arasında imzalanmış sülh müqavilələrində təzminat ödənilməsi ilə bağlı müddəalar yer alıb. Mahiyyət etibarilə bu qətnamələr siyasi öhdəlik hesab olunur”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə “AzPolitika.info”-ya şərhində bildirib ki, hazırda sözügedən məsələnin gerçəkləşmə ehtimalı çox aşağıdır: “Xatırladım ki, Azərbaycan ərazi bütövlüyünün tanınmasıyla bağlı BMT Baş Assambleyasında qərar çıxarmaq istəyərkən də, müəyyən əngəllərlə qarşılaşmışdı. Təəssüf ki, Ukrayna və Qarabağ məsələsi digər dövlətlərin gözündə eyni deyil. Digər tərəfdən, ümumiyyətlə BMT Baş Assambleyasının məcburedici qərarlar almaq səlahiyyəti yoxdur. Burada çıxarılan qərarlar hüquqi deyil. Ukrayna baxımından da bu, siyasi bir qərardır”.

Ekspert bildirib ki, bu cür qərarları yalnız BMT-nin Ədalət Məhkəməsi, verə bilər: “Məlumdur ki, Rusiyanın aktivlərinin dondurulduğu bir sıra ölkələr var. Bəlkə də, gələcəkdə bu aktivləri Ukraynaya köçürə bilərlər. Bu ola da bilər, olmaya da. Ancaq məsələ burasındadır ki, Beynəlxalq Ədalət Məhkəməsinin kompensasiya məsələsinə baxması üçün Rusiya bu məhkəmənin qərarlarını qəbul etməlidir. Təbii ki, Rusiyanın belə bir addım atacağı gözlənilmir. Adətən tərəflər arasında kapitulyasiya aktı imzalanarkən, təzminat məsələləri də orada həll olunur. Ancaq hazırkı məqamda kapitulyasiya aktının imzalanması real görünmür. Hər halda düşünüblər ki, Baş Assambleya belə bir qərar çıxarsın, sonra üzv dövlətlər fərdi qaydada səs versin, ardınca həmin ölkələr Baş Assambleyanın bu qərarına istinad edib, Rusiyanın dondurulan aktivləri ilə Ukraynaya ödəniş eləsinlər”.

“Azərbaycanın Ermənistandan kompensasiya tələb etmək hüququ var. İlk növbədə bu məsələ rəsmi olaraq qaldırılmalıdır. Amma Azərbaycan tərəfinin bu məsələni qaldırıb-qaldırmadığı məlum deyil. Ola bilsin ki, Brüssel və Vaşinqton formatında gedən danışıqlarda Azərbaycan tərəfi bu məsələni qaldırıb. Təzminat məsələsi danışqlar zamanı bazarlıq vasitəsi kimi də, istifadə edilə bilər. Təbii ki, nəzəri olaraq belə addımlar atmaq mümkündür”, - deyə ekspert bildirib.

Qeyd edək ki, BMT-nin təzminat qətnamələri bir neçə dəfə praktikada da özünü doğruldub. İlk dəfə Birinci Dünya müharibəsində - 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka (təxminən 100 min ton qızılın ekvivalentində) təzminat miqdarı təyin olunub.

İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib.

Digər nümunə Yaponiya və İndoneziya arasında olan münaqişə nəticəsində təyin olunan reparasiyadır. 20 yanvar 1958-ci ildə imzalanan sülh müqaviləsi və təzminat müqaviləsi nəticəsində Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli idi. Bundan başqa, BMT tərəfindən İraqa 1990-91-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə təzminat ödəmək öhdəliyi irəli sürülüb.

E.Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

TR 2022-11-17 22:11:08

Samir bey , Yaxshi fikirlesh yaz ! Qafa neycindi?

B.Qarabağlı 2022-11-17 10:53:10

Özündə on qat hərbi güclü müharibə cinayətkardan Kiyev elə, yalnız Beynəlxalq Ədalət Məhkəməsində üstün ola bilər! Biz isə Süni Qarabağ münaqişəsini daim elə, cinayətkarın Hərbi Silahdaşı ilə nizamlamağa çalışmışıq? Separat soyqırım cinayətkarları da daxil yuxarı Qarabağ ermənilərinin Azərbaycanda qalma səlahiyyətini də Kreml diktə edir? Axı, 25-30 ildə Ermənistanın Deport və Hərbi İşğal, tarixn ən vəhşi cinayətləri hələ də niyə mühakimə olunmasın?

Samir 2022-11-17 10:03:42

Tezminat teleb etmek isteyen dovlet heminki sesvermede istrak edib movqeyini bildirmeli idi, daha gedib tualetde gizlenmemeli idi. Onun ucun tezminat teleb etmeye haqqinizi itirdiniz

Son yazılar