TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Bir neçə gündür ki, yerli KİV-lərdə Naxçıvandakı bəzi qadağaların ləğv edildiyinə dair xəbərlər tirajlanır. Qeyd olunur ki, artıq Muxtar Respublikada avtomobillərə pərdə və plyonka vurulmasına qoyulan qadağa aradan qaldırılıb. Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib. Həmçinin, bu yaxınlarda Naxçıvan ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. Gömrüklərdə yumşalma, həmçinin Azərbaycanın digər bölgələrindən Naxçıvana mal daşınmasına maneələrin aradan qaldırılması da DTX-nın MR-də əməliyyatlara başlamasından sonra qeydə alınan yeniliklərdir.

Əlbəttə, Muxtar Respublikanın yavaş-yavaş Azərbaycana inteqrasiyası, absurd qadağa və məhdudiyyətlərin aradan qaldırılması sevindirici haldır. Ancaq nəzərə almalıyıq ki, Naxçıvanda Vasif Talıbovun müəyyən etdiyi və hələ də ləğv olunmayan onlarla belə absurd qadağalar mövcuddur. Artıq 26 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası dövlət qanunlarıyla deyil, Talıbovun müəyyən etdiyi qaydalarla idarə olunur. Uzun illərdir Naxçıvanda tətbiq olunan qadağalar yerli sakinlərin böyük bir qisminin Muxtar Respublikanı tərk etməsinə səbəb olub. Naxçıvanda yaşamaq istəyən vətəndaşlar isə Talıbovun “yazılmayan qanunları”na uyğunlaşmaq üçün böyük əzab-əziyyətlərə qatlaşmağa məcbur olublar. Talıbovun hələ ki, davam edən hakimiyyəti dövründə bu qayda-qanunlara əməl etməyən şəxslər təzyiqə, həbsə, müxtəlif işgəncələrə məruz qalıblar.

Heç bir məntiqə uyğun olmayan bu “qanunlar” Naxçıvana bir sıra “təxəllüslər” qazandırıb. Müxalifətçi fəallar Naxçıvanı "Azərbaycanın Şimali Koreyası” adlandırarkən, beynəlxalq hesabatlarda Muxtar Respublika "Azərbaycanın qara adası” kimi təsvir edilib.

Talıbovun 26 illik hakimiyyəti dövründə Naxçıvanda tətbiq edilən və hazırda mövcud olan qadağa və məhdudiyyətlərin bir qismini təqdim edirik:

“Təkcə eyvanda yox, mənzildə də paltar asmaq olmaz!”

Bu qadağanın maraqlı bir tarixçəsi var. Deməli, bir neçə il bundan öncə müəyyən məmurlar tərəfindən hər il Naxçıvana xeyli sayda elektrikli paltarqurudan maşınlar idxal edilirdi. Ancaq bu cihazlar çox baha olduğundan, əhali onları almağa xüsusi maraq göstərmirdi. Yerli sakinlər əvvəlki qaydada paltarlarını öz eyvanlarında, həyətlərində ipdən asmaqla qurudurdular. Daha sonra yaşayış binalarından paltar qurutmaq üçün asılmış ipləri polislər qırıb atmağa, doğramağa başladılar. Hətta bir müddət sonra evin içərisində belə paltar sərib, qurutmaq qadağan olundu. Əgər çöldən baxarkən, evin içərisində paltar asıldığı görünərdisə, mənzil sahibləri polis bölməsinə aparılar və “paltar asmaq qadağası”nı pozduqlarıyla bağlı tənbeh edilərdilər. Bu qadağanın harda və kim tərəfindən rəsmən elan edidiyi hələ də heç kimə məlum deyil. Ancaq sözügedən qadağanın şəhər mərkəzlərində hələ də qüvvədə olduğuna dair məlumatlar var...

“Naxçıvan qeydiyyatından çıxmaq olmaz!”

Muxtar Respublikada ən çox narazılıq doğuran məqamlardan biri də kişilərin Naxçıvanda daimi qeydiyyatdan çıxarılmasına qoyulan qeyri-rəsmi qadağadır. Xatırladaq ki, əvvəllər bu, Naxçıvanda qeydiyyatda olan hər kəsə şamil edilirdi. Lakin Azərbaycanda “ASAN xidmət” yaranandan sonra qadınların və 50 yaş üzərində olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarıyla bağlı süni əngəllər törətmək mümkün olmadı. Lakin hələ də 50 yaşa qədər olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarına icazə verilmir. Həmin şəxslərdən öncə Naxçıvanda qeydiyyatda olduqaları hərbi uçotdan çıxmaları tələb edilir. Bu səbəbdən də faktiki olaraq Azərbaycanın digər bölgələrində yaşayan 100 minə yaxın insanın Naxçıvan qeydiyyatından çıxması əsl müşkülə çevrilib. Naxçıvandan fərqli olaraq, digər bölgələrdə yaşayan sakinlərin qarşısında qeydiyyat yerini dəyişmək üçün hərbi uçotdan çıxmaqla bağlı belə bir tələb qoyulmur.

Bəs, Azərbaycanın müxtəlif bölgələrində yaşayanların Muxtar Respublika qeydiyyatından çıxarılmasına imkan verməyən Vasif Talıbovun məqsədi nədir?

Əvvəla, onu qeyd edək ki, son illər əhalinin sürətlə Muxtar Respublikadan köçməsi, Naxçıvanın boşalması barədə ən müxtəlif səviyyələrdə müzakirələr gedir. Təəssüf ki, faktiki olaraq bu gün Naxçıvanda yaşayanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən iki dəfə azdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Muxtar Respublika əhalisinin 463 min nəfər olduğunu açıqlasa da, bir çox mütəxəssislər bu gün Naxçıvanda 200 min nəfərə yaxın insan yaşadığını bildirir. Muxtar Respublikanı tərk edən əhalinin əksəriyyəti əsasən Bakı şəhərində və İstanbulda məskunlaşıb. Bunun da təbii ki, birinci səbəbi V.Talıbovun Naxçıvanda yaratdığı dözülməz rejimdir. Bu rejimin fəsadlarını gizlətməyin bir yolu da əhali sayını rəsmi statistikada hələ də yüksək göstərməkdir...

“Şənbə və bazar günləri evdə qalmaq olmaz!”

Naxçıvan Muxtar Respublikasında hər həftənin şənbə və bazar günləri dövlət idarələrində və müəssisələrdə çalışan işçilər məcburi iməcliyə çıxarılırlar. Yerli sakinlər bildirirlər ki, iməcliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da işdən çıxarılmaqla hədələnirlər. İməcilik günləri onlara əsasən yol kənarlarını süpürtdürür, ting əkdirir, alaq yoldururlar. İddia edilir ki, işçilər və hərbçilər mövsümə uyğun olaraq, məmurların əkin sahələrində də məcburi əməyə cəlb olunurlar.

Naxçıvan Ali Məclisinin rəsmi səhifəsində verilən məlumata görə, hər həftə 50 minə yaxın “könüllü” bu iməcliklərdə iştirak edir. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunur. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyır. Həmçinin qeyd olunur ki, həftə sonları iməcliyə çıxarılanlar arasında təhsil və tibb işçiləri də var.

Qeyd edək ki, sovet ənənəsi olan iməclik Naxçıvanda 1990-cı illərin sonlarından - Vasif Talıbov hakimiyyətə gələndən sonra yenidən “məcburi ənənə” halına salınıb. Həmin vaxtdan fasiləsiz olaraq hər həftənin istirahət günləri iməcliklər keçirilir. Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2010-cu illər ərzində Naxçıvanda əkilən kol və ağacların sayı 2 mini keçməyib. 2011-ci ildən bəri isə məcbur iməcliklərə kütləvi cəlb olunanların sayı artdığına görə, hər il Naxçıvanda 300-400 min ağac, kol əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir. Həmçinin, Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdırlar.

“Rəngli corablar geyinmək olmaz!”

Bu barədə yerli KİV-lərdə gedən xəbərlərə görə, Naxçıvanda dövlət idarələrində çalışan işçilərə fərqli rəngdə corablardan istifadəylə bağlı qadağa qoyulub.

“Çayxana olmaz!”

Artıq bir neçə ildir ki, Naxçıvanda bəzi qəsəbə, şəhər və rayon mərkəzləri isitisna olmaqla, digər yerlərdə çayxanaların fəaliyyətinə icazə verilmir. Kəndlərdəki fərdi çayxanaların hamısı ağır texnika ilə yerlə-yeksan olunub və ya qapadılıb. Hazırda qəsəbələr, rayon və şəhər mərkəzlərində ümumilikdə təxminən 15-20 çayxana fəaliyyət göstərir. Yəni, rəsmi statistikada 462 min insanın yaşadığı Muxtar Respublikada hər 25-30 min nəfərə cəmi bir çayxana düşür. Deyilənə görə, bu qadağanın tətbiqi siyasi məqsəd daşıyır. Belə ki, yerli hakimiyyətin qərarı müəyyən qədər də olsa, insanların çayxanalarda bir araya gələrək siyasi və ictimai mövzuda söhbətlər aparmalarının qarşısını alır.

“Təndir olmaz!”

Talıbovun “olmaz!”ları arasında bəlkə də ən gülməlisi təndir yasağıdır. Artıq uzun müddətdir ki, Muxtar Respublikada insanların həyət evlərində təndirdən istifadə etmələrinə icazə verilmir. Dövlət nümayəndələri ekoloji mühitin qorunmasıyla bağlı belə bir addımın atıldığını bildirsələr də, əslində, söhbətin məğzi tamam başqadır. Deyilənə görə, qadağanın tətbiqi Naxçıvanda açılan çoxlu sayda çörək sexləri ilə bağlıdır. İddia olunur ki, inhisarçı məmurların sexlərində bişirilən çörəklər yaxşı satılmadığından belə bir qadağaya baş vurublar. Nəticədə Naxçıvanda dədə-baba qaydasıyla bişirilən çörəkləri elektrik sobalarında bişən çörəklər əvəz edib. Bu gün Naxçıvan əhalisinin böyük bir qismi məcburən bu sexlərdə bişən çörəkləri istehlak edirlər.

“Kafe və restoranlarda musiqi dinləmək olmaz!”

Naxçıvanda rayon mərkəzlərində kafe və restoranlara demək olar ki, rast gəlmək mümkün deyil. Yol kənarındakı kiçik sahəli tikililəri nəzər almasaq, Naxçıvan MR-də cəmi 10-15 restoran tipli obyekt fəaliyyət göstərir. Əsasən, Naxçıvan şəhərində yerləşən bu obyektlərdə isə adi günlərdə və hətta bayram günlərində musiqi səsləndirmək qadağan edilib.

Onu da qeyd edək ki, Talıbovun və onun yaxın çevrəsinin uzun illərdir Muxtar Respublikada yaratdığı monopoliya səbəbindən vətəndaşların kiçik sahibkarlılqla məşğul olmalarının qarşısı böyük ölçüdə alınıb. Naxçıvandakı istənilən sahibkarlıq fəaliyyəti gömrüyü və yerli istehsalatı inhisarda saxlayan Talıbovların maraqlarına uyğun olmadığından, belə bir qeyri-qanuni qadağanın tətbiq olunduğu bildirilir. Artıq 10 ilə yaxındır ki, rayon və şəhər mərkəzlərindən kənardakı kiçik ərzaq dükanları ləğv edilib. Son illərdə isə dövlət hər kənddə bir mağaza tikərək, yalnız onun fəaliyyətinə icazə verib. Bu mağazalar isə dövlət büdcəsi hesabına tikilsə də, yerli sakinə maya dəyərindən də baha qiymətə satılıb.

“Fərqli qəbir daşı olmaz!”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarına əsasən, Naxçıvanda bütün qəbirüstü daşlar eyni formada olmalıdır. Fərqli qəbir daşlarının qadağan edildiyi qanunda müəyyən edilib ki, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20 sm, eni 1.20 sm, başdaşının isə hündürlüyü 60 sm, eni 80 sm olacaq.

“Menyudan kənara çıxmaq olmaz!”

Muxtar Respublikadakı “bütün problemləri həll edən” V. Talıbov yas mərasimlərindəki menyunu da özü müəyyənləşdirmək qərarına gəlib. Qeyd edək ki, hazırda Naxçıvanda keçirilən yas mərasimlərində xurma və halvadan başqa, hər hansı şirniyyatdan istifadə etmək olmaz. Həmçinin, Naxçıvan televiziyasında dini mövzuda olan verilişlərə də qadağa qoyulub. Hətta efirdə “maşallah”, “inşallah”, “Allah qoysa” sözlərini işlətmək də olmaz.

Sözsüz ki, Naxçıvandakı “olmaz!”ların siyahısını bir qədər də genişləndirə bilərdik. Ancaq “Azərbaycanın Şimali Koreyası”ndakı qayda-qanunlarla oxucuları yormaq istəmirik. Sadəcə, sözügedən qadağaların bir qismini təqdim etməklə, bölgənin bir ailənin diqtə etdiyi istəklərlə necə idarə olunduğunu, Naxçıvandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu, insanların 30 ilə yaxın bir müddətdə nə cür əzab-əziyyət çəkdiklərini xatırlatmaq istədik. Bəli, təəssüf ki, 462(!) min nəfər əhalisi, 5502,75 kvadrat kilometr ərazisi, saysız-hesabsız təbii sərvətləri olan tarixi Naxçıvan torpağı artıq 26 ildir ki, Talıbovun və onun yaxın ətrafının müəyyən etdiyi ağlasığımaz qayda-qanunlarla idarə olunur. Bu gün Naxçıvandakı idarəetmə XVIII əsrdəki xanlıqlar dövrünü xatırladır. Hər halda təsadüfi deyil ki, bir neçə il bundan öncə Naxçıvana səfər edən ABŞ diplomatı Vaşinqtona məktubunda regionu “Talıbovun xanlığı” adlandırmışdı və “Naxçıvan baş-ayaq bir dünyadır”, - deyə bildirmişdi...

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Aydın 2023-01-09 10:47:32

Vasif Talıbovu bu qədər hallandırmağın mənası varmı? Hamıya bəllidir ki, ona heç nə edən olmayacaq.Sadəcə insanların başını qatmaq,guya ölçü götürmək səhnəsi yaratmaq cəhdidir.Gözləyək,növbəti mövzu ortaya atılanda Talıbov yaddan çıxarılacaq.Bunu görəcəksiniz.

Moshu 2022-12-09 11:49:29

Yıxılan ağaca balta vuranlar çox olur. Açığı mən o balta vuranlardan deyiləm. Son vaxtlar “Azpolitika”nın saytında bir-birindən maraqlı, aktual yazılar gedir, bu yazı da istisna deyil. Bir vətəndaş kimi bu hadisələrə münasibət bildirməyi özümə borc bildim. İlk öncə Vasif Talıbovun ictimai-siyasi fəaliyyətinin bəzi məqamlarına diqqət çəkmək istərdim. Vikipediyada bu cənabla bağlı bildirilir ki, Vasif Talıbov 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir, eyni zamanda Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. Eyni zamanda Naxçıvan Ali Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olmuşdur. 1991-ci il 27 iyun tarixdə qəbul olunmuş “Azərbaycan Respublikası xalq deputatının statusu haqqında” Azərbaycan Respublikası Qqanunun 10-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Ali Sovetinin iclaslarında Azərbaycan Respublikasının xalq deputatları Azərbaycan Respublikası Konstitusiyasına müvafiq surətdə Azərbaycan Respublikasının səlahiyyətinə aid olan bütün məsələləri kollektiv və sərbəst müzakirə əsasında nəzərdən keçirir və həll edirlər. Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında, Ali Sovetin seçilmiş olduğu orqanlarının iclaslarında olmalı, onların işində fəal iştirak etməlidir. İclasa kəlməsi mümkün olmadıqda Azərbaycan Respublikasının xalq deputatı bu barədə Azərbaycan Respublikası Ali Sovetinin sədrinə və ya onun müavininə xəbər verir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə müvafiq olaraq Deputat Milli Məclisin iclaslarında, Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir və digər səlahiyyətləri həyata keçirir. Vasif Talıbov vəzifəsinə görə Milli Məclis sədrinin müavini hesab edilir. Qanunun “Deputatın maddi təminatı” adlanan 21-ci maddəsində qeyd edilir ki, Milli Məclis sədrinin müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 85 faizi miqdarında aylıq vəzifə maaşı alır. Bu günə kimi xatırlamıram ki, Vasif Talıbov Milli Məclisin hansısa (səhv etmirəmsə ötən əsrin 90-cı illərində bir dəfə olub, o, da Milli Məclisin plenar iclasının keçirildiyi yerə baxmaq üçün) iclasında iştirak eləsin. Bu günkü artımları da nəzərə alsaq (bu rəqəmi minimum göstərmişəm) Milli Məclis deputatının orta vəzifə maaşı 2000 manatdan hesablasaq bu 22 ildə Vasif Talıbov dövlətin aşağı-yuxarı 528.000 manatını mənimsəmiş olub. Keçək onun təhsil məsələsinə. Bu insan həqiqətən fenomendir. Naxçıvanın “dirçəlməsində” fəal iştirak edə-edə eyni zamanda Naxçıvan Ali Məclisinin, eləcə də Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini ola-ola hüquq fakültəsini də bitirməyə vaxt tapır. Əgər onun hüquq anlayışından məlumatı varsa, hər cür iradlarınızı qəbul etməyə hazıram. O, heç Universitetin auditoriyasını da görməyib, Hüquqdan anlayışı olan adam bu qədər Allahsızlıq etməzdi. O, Naxçıvanı cəngəllik qanunları, mağara düşüncəsi ilə idarə edirdi. 2010-cu ildə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilir. Bu kişiyə diplom hədiyyə edən Universitet rəhbərliyinə də orden, medal düşür. Bərəkallah bizlərə. Qaldı yazıda olan faktlara. Naxçıvanlı dostlar bütün tədbirlərdə Vasif Talıbovun yas mərasimləri ilə, çayxanalarla və bir çox məsələlərlə bağlı bəhbəhlə təqdir edirdilər. Mən Vasif Talıbovu günahlandırmıram, günah onu bu zirvələrə qaldıranlardadır, necə deyərlər boğulanların xilası boğulanların öz işidir. Naxçıvanı "Azərbaycanın Şimali Koreyası”adlandıranlar bilsinlər ki, Şimali Koreyanın lideri bəlkə də biz edən qələtləri eləmir (biz deyəndə kimin nəzərdə tutulmasını özünüz yaxşı bilirsiniz). Odur ki, Vasif Talıbov heç kimdən küsməməlidir, günah onun özündədir. Atalar demişkən, özü yıxılan ağlamaz.

ƏNHU 2022-12-08 23:00:41

Belə götürəndə bu qaydaların əksəriyyəti Avropa ölkələrində də var. Təəccüb doğuran 50 kq-lıq göyərti qanunudur ki daş həriflərlə tarixə yazıldı.

fq 2022-12-08 19:46:20

Rəngli corab,yas mərasimləri,eyvandan paltar asmaq və qəbir daşı qadağası əslində düzgündür

Nazim 2022-12-08 18:38:45

Bu qadagaların ən faydalısı, yas mərasimləri və qəbirstanlıga aid olandır, kaş ki bütün respublikada tətbiq olunardı!

"nəqşicahana" 2022-12-08 17:16:38

dəhşətdir! lap faşist konslagerini, gestaponu xatırladır!

Qoca 2022-12-08 15:51:33

Bu ölkədə düz adama yer yoxdur. Gərək quldur namərd,millətini atan,əzazil, yaltaq, bütün qeyri insani keyfiyyətlərin olsun ki sən bu məmləkətdə yer ola yaşayıb kef çəkəsən. Bu ölkədə düz düzdə qalır sınır pisikir məhv olub gedir.

Eli 2022-12-08 15:36:41

30 ilden artiq bir müddetdşr ki,Azerbaycan öz müsteqilliyine qovuşub ve diger bölgeler kimi nacçıvanlıkar da bu işe öz tövheletini verib baxmayaeq ki,bu müddetde blokadada olsn naxçıvanlıların çekdiyi ezab eziyyet heç yerle oluna bilmez, hem de yerli rehberliyin bunlar üçün yaratdığı qeyri qanuni insani şerait.İndi sual olunur:naxçıvsnlılar deye bilermi ki bşz mğsteqil dövletde yaşamışıq ve bu haqsızluq ve edaletsizliye kim ve kimler cavab vermelidir?

Son yazılar