Son günlərini yaşadığımız 2022-ci il bütün dünyada və ölkəmizdə yüksək inflyasiya göstəriciləri, ərzaq böhranı və bahalaşma ilə yadda qaldı. Dünya miqyasında yaşanan qlobal problemlər ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Xüsusən də ərzaq qiymətlərində müşahidə edilən kəskin inflyasiya, əhalinin alıcılıq qabiliyyətinin böyük ölçüdə azalmasına səbəb oldu.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında inflyasiya göstəricisi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artmışdı. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən isə 15,1 faiz yüksəlib.
2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20,1 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunmuşdur.
Hesablama Palatasının rəyində bildirilib ki, 2023-cü ildə orta inflyasiya dərəcəsi 6,9 % proqnozlaşdırılır. Dünya Bankı isə Azərbaycanda inflyasiyanın bu il 12,5 %, 2023-cü ildə isə 9,5 %-ə yüksələcəyini proqnozlaşdırır.
Bəs növbəti il üçün istehlak bazarında vəziyyət necə olacaq?

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, açıqlanan rəsmi göstəricilər ümumi inflyasiyanı göstərir: “Ölkədə 13,8 faiz inflyasiya olduğu açıqlansa da, ərzaq qiymətlərində inflyasiyanın 21 faiz olduğu bildirilir. İnflyasiya hesablanarkən ödənişli xidmətlər, qeyri ərzaq məhsulların qiymətləri, istehlak səbətindəki məhsulların dəyəri nəzərə alınır. Bu gün elə ərzaq məhsulu var ki, qiyməti 40-50 faiz bahalaşıb. Ancaq qiymətində dəyişiklik baş verməyən ödəbişli xidmət sahələri də mövcuddur. Məsələn, cari ildə metronun, avtobusun, kommunal xidmətlərin bir çoxunun, 92 oktanlı benzinin qiymətində bahalaşma qeydə alınmayıb”.
Ekspert 2023-cü ildə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır: “Hökumət cari il üçün inflyasiyanın 12,5 faiz olacağını planlaşdırsa da, bu göstərici bir qədər yüksək oldu. Gələn il üçün inflyasiyanın 7 faiz olacağı proqnozlaşdırılır. 2023-cü ildə inflyasiyanın təkcə Azərbaycanda yox, qlobal miqyasda zəifləyəcəyi gözlənilir. İnkişaf Etməkdə olan Ölkələrin proqnozlarına əsasən, gələn il inflyasiya göstəricisi 9-10 faizdən aşağı düşəcək”.
“Təbii ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı inflyasiyaya müəyyən qədər təsir göstərəcək. Rusiya və Ukrayna həm ərzaq, həm də əmttə ölkələri olduğu üçün bu müharibənin mənfi təsirlərindən qorunmaq mümkün deyil. Ancaq hazırda taxıl dəhlizi açılıb, gələcəkdə bu yolla qeyri-ərzaq məhsullarının daşınması gözlənilir, həmçinin enerji qiymətləri də adaptasiya olunub. Ona görə də növbəti ildəki inflyasiyanın indikiindən daha yüksək olacağı gözlənilmir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına əsasən 8 aydır ki, ümumdünya ərzaq indeksində azalma baş verir. Hesab edirəm ki, biz bu azalmanı tədricən öz bazarlarımızda da görəcəyik”,-deyə ekspert bildirib.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Yalan rəqəmlərlə manipulyasiya edən Statistika Komirəsi və Psevdo iqtisadçılar elə çörətin qiymətinə diqqət etsinıər.İlin əvvəlində 50 qəpiklik çörək 70 qəpikdir.Bu elə 40 faiz bahalaşma , və ya manatın infilyasiyası demək deyilmi?Başqa ərzaqıae da bunun kimi və ya daha çox bahalaşıb.Belə syatistika nəyə gərəkdir?Hələ əssm bu komitənin rəqəmləri ilə pensiyaçıları ağır dutuma salır.
ı
Ə
Nə vaxt görmüsünüz ki qiyməti artan malın qiyməti düşsün?
Belə Statistika Komitəsi Azərbaycana lazlmdırmı?Axı onların elan etdikləri rəqəmlərin heç biri həqiqətə uyğun gəlmir.Yalan inflyasiya rəqəmlər (axı Azərbaycanda 4-5 ildir dolların mzənnəsi sabit saxlanıldığ halda bunlar inflyasiya faizini haradan götürürlər?Əgər ölkədəki qiymət artımları ilə-bu uyğun dgəlmir.Onların faiz rəqəmlərinin yalnız diktə ilə ortaya çıxarıldıöının sübuta ehtiyacı yoxdur.Onda bu Komitənin məlumatı kimə gərəkdir?İlin əvvəlində adi 0.95 manata olan əl sabunu BRAVO marketdə 2 manat 15 qəpikdir.Hələ ərzaq ?