27 İLİN ACILARI

Nureddin Ismayil

Talıbovların, onların ətrafını sarmış bir yığın quldur dəstənin Naxçıvan camaatına etdiyi zülmləri saymaqla bitməz.

Bölgənin anklavda yerləşməsi əməlli-başlı onların işinə yaradı. “Burada mən, Bağdadda kor xəlifə” prinsipi ilə çökdülər xalqın canına. Yaradılan gestapo rejimi tarixən azad ruhlu insanları saldı dar qəfəsə. Sıravi vətəndaşdan tutmuş nazirə qədər hər kəsin azadlığı bu dar qəfəs çərçivəsində məhdudlaşdı. Hüquq-mühafizə orqanlarının basqısına, hədə-qorxusuna bir də tayfanın personlarına daxil olan çuğulçuların, güdükçülərin, işverənlərin vahiməsi əlavə olundu.

Milli-mənəvi dəyərlərə, adət-ənənələrə, milli qürura, vətən sevgisinə aid nə varsa, sıradan çıxarmağa cəhd etdilər. Kənd mərkəzlərində, qəsəbələrdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərini - yeməkxanaları, çayxanaları yerlə-yeksan etdilər. Nədən ki, beş kişi bir yerə yığışıb fikir bölüşməsin, ölənindən, qalanından danışmasın.

Sonra hər kənd evinin təndirəsərini dağıtdılar. Lavaş yalnız onların tabeliyində olan sexlərdə yapılmalı. Azərbaycan, lavaşın YUNESKO-da milli mətbəximizə aid olmasını təsdiq etdirmək hayında, talıbovlar təndir lavaşını sexləşdirmə hayında. Kor zehniyyət təndirdə yapılan çörəyi, təndirbaşında analarımızın dilindən səslənən gözəl folklor nümunələrini də onlara çox gördülər. Demək beş qadının da bir yerə yığışması bunlar üçün qorxulu imiş...

2010 cu ildə Bənəniyar kəndinin sakinlərinə tutulan divan heç kəsin yaddından çıxmayıb. Məhərrəmlik ayı, adamlar bir qayda olaraq yüzillərdən bəri formalaşan inancını ifadə etmək istəmiş. Ancaq mərasimin keçirilməsi, bu gün İran molla rejimi ilə separat danışıqlara gedən xanın xoşuna gəlməmiş və Bənəniyar sakinlərini cəzalandırmaq üçün kəndə ağır texnika, cəllad dəstəsi göndərərək qanlı məqsədini həyata keçirmişdir. Bu qanlı hadisələrlə bağlı o zaman “Yeni Müsavat” qəzetində bir yazı yazib, Naxçıvan rejiminin qəddar mahiyyətini göstərməyə çalışmışam...

Protokola aid rəsmiyyət dünyada qəbul olunmuş bir qayda. Di gəl ki, leninçi talıbovların tətbiq etdiyi və hər həftənin iki günü məcburi xarakter daşıdığı iməcliklərdə belə, məmurlar yayın şaqqamasında qalstukunu boynundan çıxara bilməz. Amma insafən şalvarın balağını, islanmasın deyə, corabın altına salmağa rüsxət vermişlər. Al, bu da sənə talıbovsayağı azadlıq.

Nazirlik, komitə, Milli Məclis və digər dövlət orqanlarının əməkdaşları yalnız xan iş yerindən getdikdən sonra evlərinə dönə bilərdi. Xan isə kreslo hərisi, evə tezliklə getmək fikri yox. Bu üzücü iş rejimi sovet dönəmində rayon partiya orqanlarında çalışanların halına bənzəmirmi?

Naxçıvana qonaq, turist sifəti ilə gələnlər bölgənin səliqə-səhmanından, yaşıllığa qərq olmasından ağız dolusu danışırdı. Qınamalı bir şey də yox, “aşıq gördüyünü çağırar”, deyiblər. Amma nə yazıqlar ki, bu səliqə-səhmanın, yaşıllaşmanın hansı qul əməyinin, hansı insan ləyaqətinin, qürurunun aşağılanması hesabına başa gəldiyinin, yaşıllaşmaya ayrılan külli miqdarda vəsaitin biriləri tərəfindən necə acgölüklə mənimsəndiyinin fəqində olmadılar.

Qışı, yayı sərt keçən Naxçıvana sərt qanunlar da əlavə olundu. Ağır iş şəraiti müqabilində ödənilən azacıq əmək haqqına nə qədər göz dikən varmış. Vergi, polis, məhkəmə, prokurorluq, gömrük əməkdaşları vampir kimi xalqın qanını sormağa başladı. Ərəb, monqol işğalı dövründə belə xalqın belinə bu qədər vergi, töycü növü yükləməmişlər. Bu idbar, əzazil, zalım tayfa öz qövmünə əsarətin, istismarın ən ağır acılarını yaşatmaqdan çəkinmədi. Dinib-danışan işgəncə gördü, ya da deportasiya edildi. Hər kəs öz doğma yurdundan, dədə-baba ocağından sözün əsl mənasında deportasiya edildi. Kəndlər, qəsəbələr boşalıb, ağzı günə qaldı. Adamlar cəlayi-vətən oldular. Bu haqsızlığa nəinki orada yaşayanlar, hətta Bakıda, ölkədən kənarda məskunlaşan qohum-əqraba da etiraz edə bilməzdi. Etirazçılar ya burada təqib olunur, ya da Naxçıvana buraxılmır.

27 il mərkəzi hakimiyyət mərkəzdən qaçan Naxçıvan rəhbərliyinin şıltaqlığına dözdü. Bir gün bu dözümün ona baha başa gəldiyinin fərqində oldu. Gördülər ki, düşmən əhatəsində olan Naxçıvan əldən getmək üzrədir. Nazirləri, idarə rəislərini saxta sənədlərə qol çəkməyə razılıq vermədiyi halda oturduqları kabinetlərdə təhqir edən, döyməyə qalxan talıbovların cəzasızlığı onları o qədər qudurtdu ki, paytaxtan gələnləri də vecə almadılar. Dövlət içində, başıpozuq dövlət yaratdılar. Mərkəzi hakimiyyətdən xüsusi qaydada ayrılan büdcə vəsaitini dədə malı kimi yedikləri bir yana, gömrük nəzarətindən kənar İran və Türkiyədən gətirlən mallar hesabına milyardları mənimsədilər.

Dövlət içində dövlət yaratmağın acısını əvvəl, insanlarımız, sonra da qudurmuş tayfa özü yaşadı. Sirkə tünd olduqca öz qabını çatladar və nəhayət, bu çat baş verdi. Ümidvar olaq ki, V.Talıbovun istefasından sonra dövlət başçısının yeni təyinatı bölgə və Azərbaycanımız üçün düşərli olacaq.

Əlbəttə, Naxçıvanın yenidən ayaqda qalması, onun sakinlərinə vurulan sağalmaz yaraların aradan qaldırılması zaman baxımından qısa müddətdə həllini tapmayacaq, amma baş verən struktur, kadr dəyişiklikləri təqdirə layiqdir.

635x100

Şərhlər

t.ədalət 2022-12-24 17:25:21

Talıbovun anti-Türkiyə fəaliyyəti olmasaydı heç kim ona toxunmayacaqdı.Biz,Sayın Ərdoğana minnətdar olmalıyıq ki,bölgəni kürdləşdirməyə çalışan V.Talıbovun vaxtında qarşısını aldı.

qaraguruh 2022-12-24 14:20:08

10 min il bundan əvvəl filmini seyr etsəniz təxmin edərsiniz talıbovların naxçıvana zülmünü--onların zülmükarlığı-hem bir dinə sığmır--dilimizdəki ifadələrə sığmır onların etdikləri----bu hal elə belə unudulmaz--işə göylərdən müdaxilə olmalıdır--iyi ki kimsə buna müdaxilə etdi--azərbaycanlılar--o şəxsi unutmayacaq--necə ki 7 oğul filmindədeyir e bilmirəm dostusan düşmənisən hər nəyisən öz qanımı halal edirəm

miri 2022-12-24 12:44:55

27 illik dərdimiz var. ....

Roma 2022-12-24 11:42:29

Oxuduqca adam dəhşətə gəlir, insan nə qədər qəddar olmalıdır ki, öz xalqına bu qədər zülmlər verə. Sənin özün, o əndazədən çıxmış (xarici görünüşlərini deyirəm) oğlanların, qızın, qardaşın, qudan və digər qohumların hərəsi bir yüksək vəzifə daşısın, yağ-bal içində yaşasın, heç bir əziyyət çəkmiyəsiz, ancaq millətə qan uddurasan, bu alçaqlıqdır, şərəfsizlikdir desəm də bu sözlər çox yumşaqdır, elənən hərəkətlər müqabilində...

Son yazılar