“28 il danışıqlar getdi, nəticəsi nə oldu?”

2022-ci il başa çatır. Müharibədən iki il keçməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, regionda kommunikasiyaların açılması üfüqdə belə görünmür. Əvəzində rəsmi İrəvan müxtəlif bəhanələrlə danışıqlardan və nəticəli təmaslardan qaçır, Rusiya, İran, Fransa kimi dövlətlər isə Xankəndindəki separatçılara dəstək verməklə münaqişə ocağını nəyin bahasına olursa-olsun saxlamağa cəhd edirlər...

“AzPolitika.infobu mövzu ətrafında Milli Məclisin deputatı Elman Məmmədovla söhbətləşib:

- Elman müəllim, 2022-ci il də başa çatdı. Qarabağda isə vəziyyət gərgin olaraq qalır, Ermənistan sülh sazişi bağlamaqdan yayınır, azərbaycanlı fəalların məlum aksiyası davam edir və sair. Qarabağ ətrafında ümumi mənzərəni necə qiymətləndirirsiniz?

- Şox təəssüflə qeyd edim ki, hələlik Azərbaycan ərazilərinin müəyyən hissəsi hələ də erməni separatçıları, terrorçuları və cinayətkarlarının nəzarəti altında qalmaqda davam edir. Burada söhbət təkcə Qarabağdakı yerli separatçı-terrorçulardan getmir. Eyni zamanda, hələ də Ermənistan dövlətinə məxsus bir neçə mindən ibarət hərbi birləşmələrin döyüşçüləri Xankəndində qalmaqda davam edir. Üstəlik, müxtəlif xarici dövlətlərin terrorçu və diversiya qruplarının da bu ərazidə olması istisna edilmir.

Hazırda Ermənistan başqa varianta da əl atır. Məsələn, Ermənistandan olan və bizim ərazimizdə “hərbi xidmət” keçənlərin xidmət müddəti bitdikdən sonra, onlar mülki şəxs kimi ərazidə qalırlar. Guya bu yolla Ermənistan bizi aldatmaq istəyir. Fakt odur ki, bunlar Ermənistan Müdafiə Nazirliyinin hərbçiləridir.

Çox təəssüf ki, 1991-ci il sentyabrın 2-də Qarabağda yaşayan erməni cinayətkarlar tərəfindən yaradılan və özlərinin “artsax” adlandırdıqları qondarma cinayətkar qurum hələ də öz mövcudluğunu saxlamaqda davam edir.

Bundan əlavə, bu il də Ermənistanla sülh sazişi baş tutmadı, üstəlik sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı iclaslar keçirilsə də, əməli fəaliyyətdə irəliləyiş olmadı. Bu da bizə onu deməyə əsas verir ki, hələ də müharibə vəziyyəti, Ermənistanla Azərbaycan arasında olan gərginlik qalmaqdadır.

44 günlük müharibə zamanı biz ərazilərimizin böyük hissəsini işğaldan azad etmişik. Ancaq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə ərazilərinin əhəmiyyətli hissəsi separatçı-cinayətkar rejimin nəzarəti altında qalmaqda davam edir.

- Sizcə, bu vəziyyət nə vaxta qədər davam edəcək?

- Mən hesab edirəm ki, bu da müvəqqətidir və bu məsələ öz həllini tapacaq, bütün ərazilərimiz öz nəzarətimiz altına keçəcək. Çünki bu, bizim haqqımız, hüququmuzdur və bunu etməyə gücümüz də var. Doğrudur, bu işə maneçilik törədənlər çoxdur. Şimaldan, hətta şimaldan da daha çox cənubdan canfəşanlıq edib özünü ermənilərə xərcləyən fars molla rejimi, eləcə də Avropada Fransa və ona yaxın ölkələr. Bunlar erməni tərəfdarı kimi çıxış edir, bu işlərin həllinə mane olmağa çalışırlar. Biz bu maneələri 2020-ci ilin 27 sentyabrına qədərki dövrdə illərlə görmüş və yaşamışıq. Amma müharibədə onların hamısına üstün gəldik. İndi kimin nə deməsindən, erməniyə hansı formada dəstək verməsindən asılı olmayaraq, biz yenə də üstün gələrək ərazilərimizi cinayətkarlardan və separatçılardan təmizləyəcəyik.

- İlin sonuna bir neçə gün qalmış Rusiyada MDB sammiti çərçivəsində Əliyev-Putin-Paşinyan formatında görüş keçirildi. Bu görüşdə müzakirə olunan məsələlər və tərəflərin mövqeyi haqqında sizə nə məlumdur və belə görüşlərdən nə gözləmək olar?

- Məlum görüşlə bağlı geniş məlumat verilmədi. Putin üçtərəfli görüşə səthi toxundu, Dmitri Peskov da nələrsə dedi. Ancaq hansı məsələlərin danışıldığı haqda ətraflı məlumat ortaya çıxmadı. Məndə bu görüşlə bağlı informasiya yoxdur. Amma gözləyirdim ki, nəhayətdə Putinin təşəbbüsü ilə ilin sonunda əhəmiyyətli görüş və nəticə əldə oluna bilər. Təəssüflər olsun ki, bunun şahidi olmadıq, İrəvan növbəti şansı əldən vermiş oldu və bütün bunların nəticəsinə də gec-tez qatlanmalı olacaq.

- Hazırda Xankəndi-Şuşa yolunda azərbaycanlı fəalların etiraz aksiyası davam edir, belə görünür ki, aksiya uzanacaq. Amma hələlik nəticə əldə edilməyib. Bununla bağlı yaxın dövr üçün gözləntiləriniz nədir?

- Mən siyasətdən, rəsmiyyətdən və diplomatiyadan uzaq bir Azərbaycan vətəndaşı kimi istəyimi və gözləntimi dilə gətirmək istəyirəm. Düşünürəm ki, aksiyanın tərkibi genişlənməli və daha sərt tələblər qoyulmalıdır. Biz ekoloji fəlakət, milli sərvətlərin talanması ilə paralel olaraq hamımızı narahat edən tələbləri də irəli sürməliyik. Daha konkret desəm, bu gün ermənilərin nəzarətində olan tarixi ərazilərimizdə suverenliyimizin təmin edilməsi, bu ərazilərin köklü sakinləri olan bizlərin oraya qaytarılması, oradakı separatçı və terrorçuların, eləcə də Xankəndində qanunsuz olaraq yaşayan Ruben Vardanyan və onun kimilərin ərazimizdən çıxarılması və həbs olunması məsələsi gündəmə gətirilsin.

Həmçinin, Xankəndi yolunun üzərində, Ermənistan-Azərbaycan sərhədində gömrük postunun və sərhəd keçid məntəqəsinin yaradılması, bizim Dövlət Yol Polisinin, Daxili Qoşunların əməkdaşlarının bu yol üzərində nəzarətinin təmin edilməsi məsələsinin ciddi şəkildə qaldırılması lazlmdır. Çünki bu yol bizimdir, bizim ərazimizdir. Heç kim erməniyə dədə-babalarının görmədiyi bu yolu elə-belə tikməyib. Yəni, narazılığımız və nigarançılığımız təkcə ekologiya və milli sərvətlərimizlə bağlı deyil.

-Görünən budur ki, Ermənistan tərəfi iki ilə yaxındır sülh sazişinin imzalanmasından, sərhədlərin müəyyən edilməsindən, Zəngəzur yolunun açılmasından müxtəlif bəhanələrlə boyun qaçırır, zamanla beynəlxalq situasiyanın onun xeyrinə dəyişəcəyinə ümid edir. Biz isə tələsirik və problemin qəti həllinə çalışırıq. Mövqelər fərqlidir. Sizcə, bu məsələlərin danışıqlar yolu ilə həlli gözləniləndirmi?

- Biz istəyirik ki, irəli sürdüyümüz məsələlər sülh yolu, dinc danışıqlar vasitəsilə həllini tapsın. Ancaq ermənilərin hərəkətləri, bəyanatları və fəaliyyətləri göstərir ki, bu, dinc yolla olmayacaq. Dekabrın 25-də cinayətkar Vardanyan və ətrafındakıların Xankəndində təşkil etdikləri mitinqdə səsləndirilən fikirləri hamımız gördük. Vardanyan müharibəyə, döyüşə, qan tökülməsinə çağırışlar etdi. Onun ətrafındakılar və çıxış edənlər də ondan geri qalmadılar. Görünən budur ki, onlar sülh dilində deyilənlərdən heç nə anlamırlar və ya anlamaq istəmirlər.

Əslində, bunu tarix də göstərib. 28 il ərzində nə qədər danışıqlar getdi, nəticəsi nə oldu, nə həll olundu? Heç nə. Əvəzində, 2020-ci ilin sentyabrında güc tətbiq etdik və böyük əraziləri işğaldan azad etdik. İndi biz öz ərazilərimizdə yerdə qalan tör-töküntülərə qarşı müharibə etmək fikrində deyilik və bunu da səsləndirmirik. Ancaq öz ərazimizdə kök salan həmin yaramazlara və separatçı cinayətkarlara qarşı öz konstitusiyamıza, beynəlxalq hüquqa və BMT nizamnaməsinə uyğun olaraq istənilən vaxt anti-terror əməliyyatları keçirmək hüququna malikik. Gedişat da onu göstərir ki, artıq biz bunu etməliyik. Belə görünür ki, edəcəyik də. Çünki bunların belə qudurğanlığına artıq dözmək, tab gətirmək mümkün olmayacaq. Üstəlik, bunlar da yola gələn məxluq və ünsür deyillər, onları başa salmaq üçün güc dilində danışmalısan. Yəqin ki, belə də olacaq.

Rasim Əliyev

“AzPolitika.info”