BU ŞƏXSLƏRƏ VERİLƏN TƏQAÜDLƏR ARTIRILDI - Prezidentin fərmanları + SİYAHI (Yenilənib)

Bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanlarla bir çox kateqoriyadan olan insanların təqaüdləri artırılıb.  

Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

***

20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Bununla bağlı da Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

**

"Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmanla müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

- orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

- orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat.

***

Bundan əlavə, Prezidentin imzaladığı başqa bir Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilib.

***

Prezident İlham Əliyev əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər elmlər doktoru elmi dərəcəsinə görə Prezidentin təqaüdü 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat idi.

***

Prezidentin imzaladığı digər Fərmanla Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

***

Prezidentin imzaladığı növbəti Fərmanla, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib.

***

Başqa bir Fərmanla 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib.

***

Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilib.

***

Bundan əlavə, fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat müəyyən edilib.

***

Bundan əlavə, Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamı ilə doktorant və tələbələrin də təqaüdləri artırılıb. Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.

Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün - 400 manata,

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün - 240 manata çatdırılır.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

magistratura səviyyəsi üzrə akademik göstəriciləri

- 91-100 bal olan tələbələr üçün - 195 manata,

- 71-100 bal olan tələbələr üçün - 160 manata,

- 51-100 bal olan tələbələr üçün - 110 manata çatdırılır;

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri :

- 91-100 bal olan tələbələr üçün - 175 manata,

- 71-100 bal olan tələbələr üçün - 145 manata,

- 51-100 bal olan tələbələr üçün - 100 manata çatdırılır;

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:

91-100 bal olan tələbələr üçün- 100 manata,

71-100 bal olan tələbələr üçün - 80 manata,

51-100 bal olan tələbələr üçün - 66 manata çatdırılır;

Peşə təhsili müəssisələrində akademik göstəriciləri:

"5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün - 100 manata,

"4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün - 80 manata,

"3" - "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün - 66 manata çatdırılıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-01-13 12:50:50

Müharibə əlillərinə təyin edilmiş müavinətlərin sonrakı "həftə-becər",yəni faizlərlə müəyyən edilməsi haqsızlıqdır.

Son yazılar