GÜNAHKAR VASİF TALIBOV YOX... ARAZ ÇAYI İMİŞ! – DSX İrana torpaq verildiyini təsdiqlədi, amma...

“AzPolitika.info” saytının yanvarın 19-da dərc etdiyi “Vasif Talıbov İrana torpaq satıb? - Naxçıvanın 21 hektar torpağı il yarım əvvəl İrana verilib!” sərlövhəli araşdırma rezonans doğurub. Araşdırma saytımızda on minlərlə oxucu tərəfindən oxunub, habelə sosial şəbəkələrdə, başqa informasiya resurslarında dəfələrlə paylaşılıb, yüzlərlə şərhlər yazılıb. (bax: https://azpolitika.info/?p=702567

Araşdırmada bildirilir ki, təxminən il yarım əvvəl Naxçıvan MR Şərur rayon Ərəbyengicə kəndi istiqamətində Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb. Belə ki, qeyd olunan istiqamətdə İranla Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

“AzPolitika.info” faktla bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) informasiya sorğusu ilə müraciət etmişdi. Adıçəkilən qurum sorğumuzu cavablanıdırıb. 

DSX bildirir: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan MR-nın Şərur rayonunun Ərəbyengicə və Diyadin kəndləri istiqamətində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhəd xəttinin dəyiş-məsi barədə sorğunuza cavab olaraq aşağıdakıları bildiririk:

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd rejimi SSRİ və İran arasında 02 dekabr 1954-cü il tarixli “Sərhəd və maliyyə məsələləri üzrə Sazişə” və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərə və xəritələrə, eləcə də 14 may 1957-ci il tarixli “Sərhədin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi haqqında Müqavilə”yə əsasən müəyyən edilmişdir.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhəd xətti yuxarıda qeyd edilən sənədlərə tam uyğundur və sərhəd xəttinin keçmə yerlərində hər hansı bir dəyişiklik baş verməmişdir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri - 2014-cü ilin 12 noyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandum”a və həmin Memorandumun tərkib hissəsi olan “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə ye¬tirilməsi haqqında Təlimat”a əsasən həyata keçirilir.

Qeyd edilən Memorandum Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1154-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.

Araz çayının təbii səbəblərdən dəyişmiş su axınının çayın əsl yata¬ğına qaytarlması məqsədilə 2016-cı ildən başlayaraq hər iki tərəfin aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin çoxsaylı görüşləri keçirilmiş, bu görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq 2020-ci ildə müvafiq məcranizamlama və sahilbərkitmə işlərinə başlanılmışdır, hazırda bu işlər davam etdirilir”.

Dövlət Sərhəd Xidmətinin təqdim olunan məlumatında barəsində danışdığımız istiqamət üzrə konkretlik olmasa da, belə anlaşılır ki, həmin ərazidə və başqa yerlərdə Araz çayı nə vaxtsa təbii səbəblərdən yatağını dəyişdirib, nəticədə 2016-ci ildən başlayaraq hər iki dövlətin nümayəndələri görüşlər keçirib, daha sonra çayın yatağına qaytarılması qərara alınıb.

Yerli sakinlər isə bildirirlər ki, il yarım əvvəl Şərur rayonu istiqamətində İrana verilmiş torpaq hissəsi ən azı son 30 ildə Azərbaycanın dövlət sərhədləri hüdudlarında olub. Yəni 1989-ci ilin sonlarında İranla sərhədlər açıldıqdan keçən 30 ildən artıq müddətdə Araz çayının yatağında təbii səbəblərdən hər hansı dəyişiklik baş verməyib. Yalnız təxminən il yarım əvvəl İran tərəfi çayın əsas qolunun önünü kəsərək onu Azərbaycan tərəfə yaxın çökəkliyə yönəldib, nəticədə 21 hektara yaxın ərazi qonşu ölkənin hüdudlarına daxil edilib. 

Sual oluna bilər: əgər həqiqətən də Araz çayı nə zamansa məcrasını dəyişərək İran ərazisinə daxil olmuşdusa, SSRİ-nin vaxtında Tehran niyə bu məsələni qaldırmamış və öz torpağını tələb etməmişdi?!

Bundan başqa müstəqil Azərbaycanın və Sovet Azərbaycanının ərazi hüdudlarını göstərən bütün elektron xəritələrdə həmin ərazi Azərbaycan Respublikasının tərkibində göstərilir.

Qısası, DSX-nın açıqlamasından isə belə anlaşılır ki, Araz çayı nə vaxtsa ... yolunu azıb, İran ərazisinə daxil olubmuş. Başqa sözlə, İrana torpaq verilməsində günahkar Vasif Talıbov yox, Araz çayı imiş. Bu çay xalqımızı, böyük Vətənimizi iki hissəyə böldüyü azmış kimi, arada özünü o yan-bu yana vurmaqla, şıltaqlıq da edirmiş... 

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar