“Virus infeksiyasının II dalğası artıq sönmək üzrədir. Davamlı yüksək temperatur, güclü əzələ-oynaq ağrısı və sürəkli öskürək - bunlar dalğaya xas əsas klinik əlamətlərdir. Lakin ikili ağırlaşma və aşağı tənəffüs yollarının fəsadlaşma riski, praktik olaraq müşahidə edilmir. Odur ki, diaqnostikada səhvə yol verilməməlidir. Yəni, antibiotik və antiviral preparatlardan, xüsusən insanlar arasında “sistem” adlandırılan mürəkkəb tərkibli venadaxili inyeksiyalardan istifadə olunmamalıdır. Əks hal, immunitetin geridönməz süstlüyü və viral infeksiyaların növbəti sıçrayışları zamanı ağır və bərpaolunmaz nəticələrə səbəb ola bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev son vaxtlar ölkədə yayılmış xəstəliklə bağlı özünün “Facebook” səhifəsində yazıb.
O, bildirib ki, viral infeksiyada gözlənilən üçüncü - sonuncu dalğa, fevralın üçüncü ongünlüyünə təsadüf etməlidir: “Bu dalğa dinamik gedişli olub, Bahar bayramında sönmə mərhələsinə qədəm qoyacaq. Üçüncü dalğa yüksək kontagiozluq, daha mülayim gediş, 2-3 gün davam edən subfebril və qismən febril temperaturla, yəni yüngül soyuqlama əlamətlərilə özünü göstərməlidir”.
M.Qəniyevin sözlərinə görə, viral infeksiyada növbələşən sıçrayışlar, fəsli dəyişikliklə əlaqədar olaraq, pandemiyaya qədərki illərdə də müşahidə edilib və gələcəkdə də ediləcək.
“Bu təbiətin dəyişməz qanunudur. Bu halın hazırkı yoluxmada insanları qorxudan yeganə fərqi, klinik gedişinin nisbətən ağır, sağalma müddətinin isə uzun çəkməsidir”, - tibb elmləri doktoru deyib.

O, səbəbləri belə sıralayıb:
“Birincisi, pandemiya dövründə tətbiq olunmuş uzunmüddətli sərt karantin;
İkinci ən mühüm səbəb isə, COVİD 19-la bağlı son 3 ildə insanların beyninə yeridilən ölüm qorxusudur. Bu stress halı, tək virusa yoluxma deyil, həm də əksər xəstəliklərin artması və ölümün çoxalmasına səbəb oldu. Çünki intensiv stress, qanda kortizolun miqdarını kəskin artırır.
Paralel olaraq, böyrəküstü vəzin beyin maddəsindən “simpatin”in ifrazı sürətlənir. Stress hormonu olan kortizol, limfositar aktivlik və toxuma makrofaqlarını inaktivləşdirmək, eləcə də T-killerləri neytrallaşdırmaqla, immun fəallığı süstləşdirir. Simpatinin tərkib komponenti olan və 85:15 faiz nisbətində dəyərləndirilən adrenalin-noradrenalin nisbəti, visseral orqanların ekstremal fəallığına səbəb olur, limfositlərdə oksigen aclığı törədərək, onların lokal sahədə ölümünü törədir.
Kortizol və simpatinin summativ təsiri, son olaraq, immunitetin total süstləşməsini törətdiyindən, təkcə virusa yoluxma deyil, həm də hipertenziya, infarkt, insult, astma, 12 barmaq bağırsaq xorası, onkoloji xəstəliklər, xüsusən süd vəzinin xərçəngi və bir çox genikoloji xəstəliklərin artımına səbəb olur. Necə ki, hazırda Biz də bunun əsiriyik”.
Musa Qəniyev sonda qeyd edib ki, immunitetdə yaranan süstlük və inertlik halı, günəşin ekliptik vəziyyətində ardıcıl baş verəcək növbəti iki- yay və qış “gündönümündən” sonra tam bərpa olunacaq.
“Yəni qorxu, gərginlik və stressə heç bir əsas yoxdur”, -professor vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər