“Hər şeydən danışdı və heç nə demədi”. Fevralın 21-də Vladimir Putinin maraqla gözlənilən Federal Məclisə müraciətini qısa olaraq bu cür xarakterizə etmək olar. Uzun, şablon, darıxdırıcı və sıxıcı təsir bağışlayan bu çıxış zalda oturanların bəzilərinin sifətindəki saxta sevinc və təbəssüm, bəzilərininsə ikrah və kədər cizgilərilə müşayiət olundu...

Putinin çıxışının böyük hissəsi az qala Brejnevin taxıl, pambıq planları, sosialist öhdəliklərinin yerinə yetirilməsinə dair Kommunist Partiyası qurultaylarındakı çıxışlarını xatırlatdı. Onun çıxışı az qala 50 dəfə saxta, əvvəlcədən hazırlanmış bir qrupun təşkil etdiyi alqış və ayaq üstə alqış səhnələrilə kəsildi. Bircə o vaxtkı “Kommunist” qəzetində dərc edilən mətn və mötərizədə yazılan “alqışlar”, “sürəkli alqışlar” və s. kimi qeydlər çatışımırdı...

Ancaq ən əsası odur ki, Putin bu çıxışında Rusiya cəmiyyətinə Kremlin nə istədiyini, hədəfinin nə olduğunu, Ukraynadakı müharibənin nə zaman, necə, hansı həddə başa çatacağını, qarşıya qoyulan konkret hədəfin nə olduğunu, bir sözlə, nəyə “qələbə” deyiləcəyini belə açıqlamadı. Daha doğrusu, açıqlaya bilmədi və bilməzdi də. Çünki bunu özü də düz-əməlli bilmir. Ümumilikdə isə Putin Rusiya cəmiyyətinə gələcəyi yox, keçmişi göstərdi və vəd etdi.

Çoxları Putinin ümumi səfərbərlik və Ukraynaya rəsmən müharibə elan edəcəyini, sərhədləri bağlayacağını, iqtisadiyyatı hərbi relslərə salacağını, bir sözlə eskalasiyanı artıracağını və stavkaları bir qədər də qaldıracağını düşünürdü. Lakin bu, olmadı və yəqin ki, ola da bilməzdi. Niyə?

Birincisi, bu qərarların hər biri əhalinin böyük hissəsi üçün qeyri-populyar və qeyri-məqbuldur. Buna görə də mütləq Putin hakimiyyətinin əleyhinə işləyəcəkdi, onun onsuz da zəifləyən nüfuzunu daha da zəiflədəcək və hətta fəlakətli həddə çatdıracaqdı.

İkincisi, Putin belə riskli addımlara getsəydi belə, bunları gerçəkləşdirmək üçün resursları yetməyəcəkdi. Hələ sentyabrda, səfərbərliyin ilk dalğasında orduya çağırılanların əhəmiyyətli hissəsi nə silah-sursatla, topla, tankla təmin olunub, nə də normal təlim keçib. Bu adamlar hələ də əsasən Rusiyanın Ukrayna ilə sərhəd ərazilərindəki çöllərində çadırlarda, idman zallarında və s. yaşayır, nə normal geyimlə, qida ilə, nə də silahla təmin olunurlar. Həmçinin, rus ordusu bu müharibədə böyük sayda zabit korpusu itirdiyindən, səfərbər edilənləri hərbi bölüklərdə komplektləşdirmək və idarə etmək üçün kiçik və orta zabit heyəti belə yoxdur.

Çoxları Putinin nüvə şantajının növbəti mərhələsi kimi nüvə qanunvericiliyində, Rusiyanın nüvə doktrinasında dəyişiklik barədə qərarlar verəcəyini və sözügedən müraciətində bunu səsləndirəcəyini düşünürdü. Bu, o demək idi ki, Rusiya özü üçün nüvə silahından istifadə şərtlərini genişləndirə bilərdi. Lakin Putin bu formal addımı da atmağa cəsarət etmədi.

Görünür, ABŞ başda olmaqla, Qərbin Rusiyanın nüvə silahına əl atacağı təqdirdə hansı cavabı alacağı barədə xəbərdarlığı, eləcə də Çin və Hindistanın Kremlin nüvə şantajı ilə bağlı sərt mövqeyi öz sözünü deyib.

Putinin Rusiyanın çıxdığını elan etdiyi nüvə sazişinə gəlincə, bu saziş 2010-cu ildə, Dmitri Medvedevin prezidentliyi dövründə bağlanıb. Lakin artıq neçə illərdir ki, zatən işləmir. Putin bütün dünyanın gözü qarşısında neçə illərdir ki, “Sarmat”, “Paseydon” kimi yeni nüvə raketlərinə dair “cizgi filmləri” göstərməklə, dünyanı yeni nüvə silahı ilə hədələməklə məşğuldur. Digər yandan nüvə potensialına qarşılıqlı şəkildə nəzarət və inspeksiya tədbirləri onsuz da xeyli vaxtdır ki, həyata keçirilmir. Yəni, Putin bu bəyanatı ilə Rusiyanın bir növ ölü bir müqavilədən imtina etdiyini elan etmiş oldu. Ancaq o, buna da tam cəsarət etmədi. Yəni, sazişdən çıxdığını yox, onda iştirakını dayandırdığını, bir növ “dondurduğunu” bəyan etdi.

Nüvə sınaqları barədə bəyanatına gəlincə, burada da hansısa yeni, radikal, cəsarətli addımdan söhbət gedə bilməz. Belə ki, Putin öz müvafiq strukturlarını nüvə sınaqlarına hazır vəziyyətdə olmağı tapşırsa da, yenə bir gözü ilə ABŞ-a baxdı. Bəyan etdi ki, yalnız ABŞ nüvə sınağı keçirəcəyi təqdirdə, Rusiya da belə bir addım atacaq. Hansı ki, ABŞ-ın belə bir niyyətdə olduğuna dair heç bir siqnal olmayıb və yoxdur.

Baydenə gəlincə, əlbəttə ki, bəşəriyyət üçün həlledici əhəmiyyət kəsb edən indiki tarixi məqamda ABŞ-ın başında daha gənc, populyar, qətiyyətli, iradəli, xarizmatik, təmiz reputasiyalı, yüksək natiqlik bacarığı olan və s. bir Prezident olsaydı, daha yaxşı olardı. Bu halda bəlkə də Putin kimi birisi heç Ukraynaya, yaxud başqa bir suveren ölkəyə qarşı belə açıq işğalçılıq savaşına cəsarət etməzdi. Ancaq olan budur və özlərini demokratik dünyanın tərkib hissəsi hesab edənlərin faktiki lideri Co Bayden sayılır...

Qeyd edək ki, Baydenin Varşavadakı çıxışı bir növ Putinə cavab kimi qəbul olundu. Ancaq bu çıxışdansa, onun Kiyevə gözlənilməz səfəri daha əhəmiyyətli və həlledici gediş sayıla bilər. Bu kifayət qədər cəsarətli addımdan sonra bəlkə də Bayden heç Varşavada çıxış etməsəydi də olardı. Ancaq yenə də etiraf etməliyik ki, Baydenin Polşadakı çıxışı Putinin müraciəti ilə müqayisədə yığcam olmaqla yanaşı, daha konkret, dəqiq və təsirli oldu.

Putinin az qala iki saatlıq çıxışında danışdığı nağıllar və aşağı keyfiyyətli yalanlarla müqayisədə Baydenin cəmi 20 dəqiqəlik çıxışında ən azından Qərbin konkret olaraq nə istədiyi, nəyə nail olacağı, məqsəd və hədəfləri dəqiq göstərilmiş oldu. Rusiya xalqına müraciət edən Bayden dedi ki, ABŞ və Qərb Rusiyaya hücum etmək, onu məhv etmək fikrində deyil və bu müharibə Putinin müharibəsidir. Onu dayandırmaq da Putinin əlindədir.

Baydenin çıxışındakı ümumi tezislərə gəlincə, bunları xüsusi qeyd etmək olar: “Ukraynaya kömək etməkdən yorulmayacağıq”, “Rusiyanın cinayətlərinə görə cavab verməsi üçün lazım olan hər şeyi edirik. Biz bu müharibənin başlanmasında günahkar olanları məsuliyyətə cəlb edəcəyik. Biz müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədənləri cəzalandıracağıq”, “Əgər Rusiya bircə NATO ölkəsinə hücum edərsə, bu, bütün bloka hücum kimi qiymətləndiriləcək. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, “Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq...”

Ümumilikdə isə Baydenin Kiyevə, ardınca da Varşavaya səfər etməsi, soyuq və açıq havada minlərlə sadə polşalının qarşısında Putin kimi kağızdan oxuyaraq yox, birbaşa çıxış etməsi, hətta oradakı uşaqlarla ünsiyyəti, şəkil çəkdirməsi Putindən fərqli olaraq, nə koviddən, nə sui-qəsddən, nə də digər təhlükələrdən çəkinməməsi açıq göstərdi ki, üstünlük kimin tərəfindədir...

Cəlal Məmmədov

“AzPolitika.info”