SABİQ KOMİTƏ SƏDRLƏRİ NECƏ 10 MİN MANAT PENSİYA ALIR? - Sosial Müdafiə Fondundan və ekspertdən açıqlamalar

Əkrəm Həsənov: “Məmurların maaşları gizli saxlanılır...”

Azərbaycanda 2023-cü ilin əvvəlindəki artımlardan sonra minimum pensiya 280, orta pensiya məbləği isə 423 manat təşkil edir. Amma vaxtı ilə yüksək dövlət vəzifələrində, hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində çalşmış elə şəxslər var ki, bu rəqəmlərdən dəfələrlə, hətta 10 dəfələrlə yüksək pensiya alır.

Xatırladaq ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya alan şəxslər olduğuna dair məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.

Yüksək pensiya alan sabiq məmurların kimliyinə gəlincə, məsələn, ötən ay media ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudovun 6000 manatdan artıq pensiya aldığını yazmışdı.

“Qaynar.info” saytının yazdığına görə, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri, gömrük general-polkovniki Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Ondan əvvəl sözügedən komitənin sədri olmuş digər general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.

2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytnantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara isə 8300 manata yaxın pensiya verilir. Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.

Məlumdur ki, pensiyaların məbləği vətəndaşın çalışdığı illərdə aldığı əməkhaqqından formalaşan pensiya kapitalına uyğun olaraq müəyyənləşir. Mövcud qanunvericiliyə uyğun olaraq, elektron sistemdəki pensiya kalkulyatoruna müraciət etdikdə, belə görünür ki, 10 000 manatdan artıq  pensiya almaq üçün təxminən 1.5 milyon(!) manat pensiya kapitalı formalaşmalıdır.

Doğrudur, Azərbaycanın pensiya qanunvericiliyi olduqca mürəkkəbdir və hesablama qaydaları da aydın və birmənalı deyil. Buna baxmayaraq, görəsən, doğrudanmı sözügedən məmurlar bu qədər pensiya kapitalı toplayıblar və toplayıblarsa, bunu necə ediblər və onların maaşları nə qədər olub?...

Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixində təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir.

2020-ci ilin məlumatına əsasən yüksək rütbəli dövlət məmurlarının maaşları aşağıda kimi müəyyən edilib:

Baş nazir – 2 460 manat;

Baş nazirin birinci müavini – 2 160 manat;

Baş nazirin müavini – 2 060 manat;

Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1 925 manat…

Bundan əvvəlki illərdə maaşların kifayət qədər aşağı olduğunu nəzərə alsaq, o zaman sual yaranır ki, eks məmurların aylıq 10 min manat pensiya almalarına imkan verən kapitalı necə formalaşıb?

Mövzuyla bağlı sual verdiyimiz deputat, iqtisadçı Vüqar Bayramov bu barədə danışmadı və sualları Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ünvanlamağı məsləhət gördü.

Adıçəkilən qurumdan isə saytımıza bildirdilər ki, pensiyaların məbləği fərdi məlumatlar olduğuna görə açıqlana bilməz.

Tanınmış hüquqşünas Əkrəm Həsənov isə “AzPolitika.info”-ya şərhində bildirib ki, şəxsin gələcəkdə nə qədər pensiya alacağı, onun aldığı əmək haqqından asılıdır: “Qanunvericilikdə bəzi məmurlar və dövlət qulluqçularıyla bağlı müəyyən fərqlər var. Lakin buna baxmayaraq, onların da aldıqları maaş əsasında pensiyalarını hesablamaq mümkündür. Amma məsələ burasındadır ki, Azərbaycanda məmurların maaşları gizli saxlanılır. Bizə yalnız prezidentin (15000 manata qədər) deputatların, hakimlərin və Ombudsmanın maaşı məlumdur. Digər şəxslərinin nə qədər maaş aldığı məlum deyil”.

Ekspert qeyd edir ki, bu barədə Prezidentin Fərmanı olsa da, bu fərman dərc olunmayıb: “Ölkə başçısının dövlət qulluqçularının maaşını özündə ehtiva edən 1 mart 2022-ci il tarixli Fərmanı heç yerdə dərc olunmayıb. Halbuki Konstitusiyaya əsasən nəinki Prezidentin fərmanları, normativ hüquqi aktlar belə dərc olunmalıdır”.

“Dövlət başçısı özü dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçiləridir. Əgər belədirsə, biz bu xidmətçilərə nə qədər maaş ödədiyimizi bilməliyik. Bütün dünyada məmurların nəinki maaşı, bütün gəlir və xərcləri bəyan olunur. Bizdə də belə bir qanun var. 2005-ci ildə qəbul olunan qanunla gəlirlər bəyan olunmalıdır. Amma həmin qanuna görə, o bəyannamənin formasını Nazirlər Kabineti təsdiq etməlidir. Nazirlər Kabineti isə 18 ildir ki, bir neçə səhifəlik formanı təsdiq edib ortalığa qoya bilmir”, - ekspert vurğulayıb.

Ə.Həsənov hesab edir ki, pensiyalar da şəffaf olmalıdır: “Axı, söhbət özəl şəxslərin gəlir və xərcindən getmir. Məmurun maaşı büdcədən gəlir, onu da xalq ödəyir. Deməli, xalq bu barədə məlumatlı olmalıdır”.

Göründüyü kimi, sabiq iri ranqlı məmurların nəinki işlədikləri dövrdə topladıqları milyonların, sahibləndikləri varidatın, bizneslərin, hətta vəzifədən çıxdıqdan sonra aldıqları yüksək pensiyaların da qaynaqlarını müəyyənləşdirmək asan deyil və az qala “dövlət sirri” kimi gizlədilir...

Elvin Bəyməmmədli

“AzPolitika.info” 

635x100

Şərhlər

Pensiyaçı 2023-02-26 18:10:52

Pensiya t'əinatında bu yaramazlıqlara,haqsızlıqlara.özbaşınalığıara,.,insnlara qarşı ayrıseçkiliyiə möhtərəm Prezident;, birinci xanım niyə nəzə yetirmirlər.?İşlədikləri müddətdə artıq maaş,rüşvət.korrupsiya və hələ 10 000 manat pernsiya! Bu nə deməkdir? Onlara 10 000 manat nə məqsədlə verilir? Hanı Konstitusiya.vətəndaş hüququ.bətabərlik?

qaraguruh 2023-02-25 11:56:49

наказанием за гражданскую пассивность является влас злодеев-и поэтому из истории и издолеко видится близкий гибел того государство где закон не имеет силы и находятся под чьей либо властью

Vətəndaş 2023-02-24 22:51:48

Milyardlar bəs etmir hələ 10000 də pensiya. Yazıq kasıb neyləsin bəs? Uşaq pulu yox,pensiya 250 manat. Bahalaşma da bir tərəfdən. Özləri üçün işləyirlər,xalq üçün yox,xalq heç veclərinə də deyil.

Афиг 2023-02-24 21:52:38

bunlara neçə pensiya yazıla bilər ki,hələ yaşı 50-ni təzə keçib,bu o demkdir məmurlar xalqı qoyun yerinə qoyub,adımızı da "kütlə" deyə çagırırlar

Prnsiyaçı 2023-02-24 20:29:22

Pensiya təminatında müxtəlif hesablamaların tətbiqi heç bir halda məqbul sayıla bilməz.Bu isan haqlarına və demokratiyaya həqarətdir.Hər bir ölkə vətəndaşı iş dövründə tutduğu vəzifəyə görə müəyyən edlmiş maaşı alır.Pesiyaya çıxdıqda isə maaşına və dövlət qanunlarına uyğun olaraq bütün vətəndaşlara verilən fhesablama qaydası tətbiq edilməlidir.Yoxsa işlədiyi müfddətdə rüşvət,talançılıqla,korrupsiya ilə məşğul olmaq,pensiyaa çıxdıqda isə vətəndaşlardan fərqli dəfələrlə yüksək pensiya təmin edilmək qanunsuzdur və insan haqlarına ziddir.Biri 250-300 manat alır,yaşaya bilmir,digəri yığdıqları milyonlar bir tərəfə,2000-3000 manat pensiya alır.Bunu necə qanuni saymaq olar?r

N.Seyfeli. 2023-02-24 17:53:47

Cox mucerred pensiya sistemimiz var! helelik 3 kataqoriya uzre proporsional olaraq pensiya hesablanmali ve olke uzre orta emek haqqiinin80% qeder hesabat aparilsin. yuksek vezifete ishleyib, yaxshi edib, indi gel qoshul bize. Eger daha mukemmel olsun deye devet etsinler bir ela model yaradaq.

Oxucu 2023-02-24 10:12:50

10000 manat pensiya almaq üçün işçinin maaşı təxminən 20000 manat olmalıdır Yəni,hər bir işçi aylıq 25% (3%+22%) sosial sığorta haqqı ödəyir Deməli, 20000x0.25%=5000 hər ay 5000x12=60000 illik 60000x25 il staj=1500000 1500000:144=10416 manat

Rasim Quliyev 2023-02-23 21:34:04

Yaxsidi eee.Vezifede olanda ogra dene ki,1 manat rusvet olsa ishden cixacam.200000 minle tuturlar deyir 1 manat 200000 yeqin 0.20 qepikdir da.Sonra ishden cix hele utanmaz utanmaz pensiyada al.Ogurladiglari 777 nesli yese qurtarmaz.DGK-Dovlet Nehrem komitesi .Day dayin varsa Demek senkn gomrukde Coreyin var

Roma 2023-02-23 18:11:13

Mən tam əminəm ki, ən düzgün pensiya sistemi SSRİ-də olub, belə ki, pensiyalar arasında nisbət 1-in 2-yə də olmayıb. Yəni minimal pensiya 70 manat (minimum ə/haqqı 70 manat idi), maksimal pensiya 120 manat idi və sonradan buna 10% də əlavə olunaraq 132 manat oldu. Bundan başqa çox az sayda, fərdi pensiyalar da vardı ki, (personalnı pensiya adlanırdı, dövlət qarşısında xüsusi xidmətləri olmuş vətəndaşlara şamil olunurdu) bunun da məbləği 180 manat idi. Göründüyü kimi hətta fərdi pensiya ilə minimal pensiya arasında belə fərq 1-in 3-ə də deyil. Bax sosial ədalət budur, gəlib qocalıq yaşına, qayğıya ehtiyacımız, həkimə, dərmanlara möhtac olduğumuz yaşa catdıqda nə üçün birinin pensiyası dərmana belə çatmadığı bir vaxt digəri xan kefində yaşamalıdır. Çox pensiya alan vaxtı ilə yüksək ə/haqqı alıb və yaxşı da yaşayıb, az alan isə gücnən, zülm ilə yaşayıb və indi də bu davam edir. Müxtəsəri bizim pensiya sistemimiz çox bərbad vəziyyətdədir. Yuxarı mələğ pensiyalar limitləşdirilməlidir və 1-2 min manatı keçməməlidir. Buna son qoyulmalıdır.

İsmayıl 2023-02-23 17:43:19

1,500 manat maaşı olan məmurlara bir baxın hələ ! Hər birinin 5-10 maşını,evi,obyektləri,şirkətləri və daha nələr..

Son yazılar