Bu gün - martın 1-i elm, təhsil sahəsi üzrə tanınmış ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyevin doğum günü – 60 illik yubileyidir.

Etibar müəllim Azərbaycan ictimaiyyətinə həm də “kitab adamı”, ölkədə ən çox kitab oxuyan şəxslərdən biri kimi tanınır. Mediada, sosial şəbəkələrdə daim kitabı, elmin inkişafını təbliğ edir, onun populyarlaşmasının vacibliyini vurğulayır. Bu xətti onun parlament fəaliyyətində də görmək mümkündür.

Qeyd edək ki, E.Əliyev bu tribunada təhsilin, elmin problemlərini davamlı olaraq qaldıran yeganə millət vəkilidir.

Etibar Əliyevlə yubiley ərəfəsində söhbət edib 60 yaşın təəssüratlarını, cəmiyyətdə gedən ictimai müzakirələrlə bağlı fikirlərini və gələcək planlarını öyrəndik.

- Etibar müəllim, 60 illik yubileyinizi təbrik edirik. Sizin üçün 60 yaş nə deməkdir, hansı hislər var bu yaşda...

- Bəzən insanları yaş qrupuna görə fərqləndirəndə onillikləri önə çəkirlər. Biz 60-cı illərin nəsliyik. Sovet vaxtı təhsil almışıq. Şagird olduğumuz dövr təbaşir dövrünə düşüb. Yataqxana həyatı görmüşük. Ağ-qara göstərən televizor dövründən “iPhone” dövrünə gəlib çatmışıq. Bunları yaşamaq baxımından bizim nəsli şanslı nəsil saymaq olar. Aristotelin metafizika əsəri bu sözlərlə başlayır: “İnsan təbiəti etibarı ilə öyrənməyə can atan varlıqdır”. Öyrənmək üçün yaş fərqi yoxdur. Ancaq hiss edirəm ki, öyrənmək işində xeyli geri qalmışıq. Burada, əlbəttə ki, zamanı dəyərləndirə bilməməyimizin böyük rolu var.

- Yəqin ki, həyata keçməmiş arzular, planlar var, bu yaşdan gələcək necə görünür, insanın fiziki imkanları və ruh halı bir-birini tamamlayırmı?

- Erməni vandalları bizi Qərbi Azərbaycandan çıxardandan sonra mən qarışıq hamımız işğal olunmuş ərazilərimizin azad olunmasını arzu etmişik. Torpağı işğal altında olan insan hər gün ruh düşgünlüyündə yaşayır. Ruh düşkünlüyü fiziki imkanları da zəiflədir. 44 günlük müharibən sonra qazandığımız qələbə həyata baxışımızı dəyişdi. Qələbəmiz bizdə böyük ruh yüksəkliyi yaratdı.

Nobel mükafatı laureatı Tomas Mannın maraqlı fikri yadıma düşdü: “Ruh həyatın özünətənqididir. Həm də Ruh həyatın pərəstişkarıdır: Ruh həyatı ələ sala-sala ələ almaq istəyir”. Yaşadığımız əsr futuristik proqnozları alt üst-edir. Bəşəriyyəti qəflətən COVİD-19 virusu yaxalayanda hamını bir şey – bu bəladan qurtarmaq düşündürdü (gülür). Həmin amansız virusdan yaxasını qurtaranlardan biri də mən oldum...

- Prioritetləriniz dəyişibmi, bundan sonra nələr etmək istəyirsiz? Fəaliyyətiniz təhsil, elm, kitabla bağlıdır. Bu sahələrdə hansı islahatlar görmək istəyirsiz?

- Məncə prioritetlərin dəyişməsi yaşla bağlı deyil. Biz az oxuduğumuz kimi az da yazırıq. Gənc nəsil isə bizdən əsər, söz gözləyir. Narsizim, yəni özünəvurğunluq çox təhlükəlidir. Təəsüflər olsun ki, biz cəmiyyətdə addımbaşı narsistlərə rast gəlirik. Bu şəxslərin gənc nəslin yetişməsinə də mənfi təsirləri var.

Bilik qazanmağa meylli insanlar ömürlərinin sonuna qədər oxuyurlar. Azad Mirzəcanzadə kimi. Bunu tərgitmək mümkün deyil. Böyük Argentina yazıçısı Borxes ahıl yaşında görmə qabiliyyətini itirmişdi. Hər gün bukinistdən bir nəfər gəlib ona 2 saat kitab oxuyardı. Bunun özü də mükəmməl nümunədir. Bu gün yeganə məqsədimiz istedadlıları rəğbətləndirmək olmalıdır. Müəllimlər, intellektuallar, alimlər azərbaycanlı uşaqların potensialının açılması üçün əllərindən gələni əsirgəməməlidirlər. Azərbaycan xalqı tarixən istedadlı xalqdır və insan kapitalının inkişafı hamımızı düşündürməlidir. Harda yaşamasından asılı olmayaraq müəllim pessimistdirsə, demək işlər yaxşı getmir.

- Bir neçə kitabın müəllifisiz, yeni kitablar haqqında düşünürsüzmü? Pedoqoji fəaliyyət haqda necə?

- “Elmin tarixi” kitabının üzərində işləyirəm. Qərbi Azərbaycanın Vedi rayonunun İmadəddin Nəsimi adına orta məktəbinə ithaf etdiyim “Məktəbli fəlsəfəsi” kitabımın tirajı 2 aya qurtardı. Xalq olaraq uşaqlarımızın təhsilinə pul xərcləməyə üstünlük veririk. Ancaq pul təhsildə əsas meyar olmamalıdır. Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsilin fəlsəfəsi” dərsini tədris edəcəm. Düşünürəm ki, gələcəyin müəllimləri üçün fəlsəfə maraq kəsb edəcək.

- Son 3 ildə millət vəkilisiniz, həyatınızda, baxışlarınızda hansı dəyişikliklər olub?... 

- Mən bitərəf kimi seçkiyə qatılıb seçilmişəm. Parlamentdə xeyli dəyərli insanlarla tanış olmuşam. Həyatımda dəyişikliklə bağlı onu deyə bilərəm ki, evə bazarlığı yenə də özüm edirəm. Pencəyimi kimyəvi təmizləməyə verməyi qəbahət saymıram. Yadımdadır, əvvəllər parklarda yaşlı insanlar qəzet alıb oxuyur və oxuduqlarını başqalarına danışardılar. Qəzetin mövcud durumunun insanların həyatına təsiri danılmazdır. Yaşlı nəsil sosial şəbəkələrdə yazılanlarla maraqlanmır. Kitab mağazalarından biri mənim çox kitab aldığıma görə müəyyən məbləğdə güzəştlər edib. Kitab mağazalarına əsasən gənclər gəlir. “Z” nəslini tənqid etməyimizə baxmayaraq, kitab mağazalarını onlar yaşadırlar. Onlarla kitab barədə söhbət maraqlı alınır. Deputat seçildikdən sonra endirimdən imtima etməmişəm. Mağaza rəhbərinin də mənə baxışı dəyişməyib.

- Daim vətəndaşlarla ünsiyyətdə olan bir deputatın nəzərində Azərbaycan necə görünür?

- Vətəndaşların böyük kəsimi işlə bağlı müraciət edirlər, elə idarə və təşkilatlar var ki, xahişimizi dərhal yerinə yetirirlər. Məncə, bundan böyük məmnunluq yoxdur. Vətəndaşların bir qismi diplom almaq xatirinə özəl ali məktəbləri bitiriblər. İxtisaslarına uyğun heç bir bacarıqlara sahib olmayıblar. Onların xahişini də etmək çox çətindir. Seçildiyim ərazidə bir peşə məktəbinin yaradılması çox vacib məsələdir. 

- Sosial şəbəkələrdə yubileyinizlə bağlı çoxsayl təbriklər yazılır. Cəmiyyətin şəxsinizə münasibətindən razısızmı?

- Təbrik edənlərə təşəkkürümü bildirirəm. Məncə, doğum günü ilə bağlı təbriklər səmimiyyət əlamətidir və bütün səmimi şəxslərə təşəkkürümü bildirirəm. Mən həmişə fikir dartışmasının tərafdarı olmuşam. Fikirlərimə münasibət sərgiləyənlərə də minnətdarlığımı bildirirəm. Zaman isə Kantın təbiri ilə desəm, səssiz mişardır. Bu mişarın artıq səsini eşidirəm.

Rasim Əliyev

“AzPolitika.info”