DEPUTATA SUİ-QƏSDİN SİFARİŞİ İRANDAN VERİLİB? – Rəsmi Tehran hələ də susur, İran mediası isə...

İslam İnqilabı Keşikçiləri Korupusu (İİK) teleqram kanalı martın 28-i, saat 23.08-də deputat Fazil Mustafanın öldürüldüyünə dair xəbər yayıb.

“Turan” agentliyinin xəbərinə görə, həmin məlumatda qeyd olunub: "Anti-İran və anti-İslam bəyanatları ilə tanınan Azərbaycan parlamentinin üzvü Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb".

Agentlik bildirir ki, bu məlumat internetdə sui-qəsddən yarım saat sonra yayılıb.

“Hələ Azərbaycan KİV-ləri və bir çox dövlət orqanları bu barədə bilmirdilər. Həmin vaxt Mustafanın vəziyyəti haqqında da heç nə məlum deyildi. Bütün bunlar İran xüsusi xidmət orqanlarının və İran casuslarının bu sui-qəsddə əli olmasının dolayı dəlilidir. Bu məlumatda azərbaycanlı deputata verilən xarakteristika da öz sözünü deyir”,- “Turan”nın xəbərində vurğulanır.

Xatırladaq ki, Fazil Mustafaya qarşı törədilmiş cinayət əməli ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi açılıb. Qurum hadisəni "terror aktı" kimi qiymətləndirib.

Hadisə baş verdikdən dərhal sonra media və sosial şəbəkələrdə terror aktının İran xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyinə dair versiyalar səsləndirilib. Ekspertlər Fazil Mustafanın İrandakı molla rejiminin ardıcıl tənqdiçisi kimi tanınmasına və onun yerli mediadakı çıxışlarının bəzi dini qrupların trol hücumuna məruz qalmasına diqqət çəkirlər.

Cinayətin zamanlaması da mütəxəssislərin diqqət yetirdiyi əsas məsələlərdəndir. Xatırladaq ki, martın 28-i Azərbaycan xüsusi xidmət orqanlarının yarandığı gündür, həmin tarix Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Azərbaycan ordusu İranla dövlət sərhədlərinin işğalda olan 130 kilomertlik hissəsini azad edib. Həmçinin, İranın Qarabağ ərazisindən maneəsiz istifadə etməklə Ermənistanla saxladığı qeyri-qanuni ticarət əlaqəsini kəsib. Habelə 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq rəsmi Bakı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını, bütövlükdə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını tələb edir. Tehran bu tələbi özünün qırmızı cizgilərinin pozulması hesab edir və Ermənistanı hərbi, iqtisadi, siyasi cəhətdən dəstəkləməklə onu Azərbaycan qarşısında gücləndirməyə çalışır.

Azərbaycanın İsraillə əlaqələrini sıxlaşdırması, xüsusən müdafiə və təhlükəsizlik sahəsində əlaqələrini gücləndirməsi, 30 ildən sonra Təl-Əvivdə səfirlik açmağa qərar verməsi də İrandakı fars rejimini qıcıqlandırır. Bu ölkənin hərbi və siyasi rəsmiləri Bakının Təl-Əviv əlaqələrinin İranın təhlükəsizliyini təhdid etdiyini iddia ediblər.

44 günlük müharibə zamanı Azərbaycana Türkiyənin hərbi-siyasi dəstəyi, Ankaranın Cənubi Qafqazda nüfuzunun güclənməsi, 2021-ci ildə imzalanan Şuşa bəyannaməsi də fars rejiminin yuxularını qaçırır.

Konkretləşdirsək, regionda güc balansının dəyişməsi, Azərbaycanın beynəlxalq güc mərkəzləri ilə birbaşa əlaqələrinin güclənməsi Tehranın mövqelərini sarsıdıb. İran bu tendensiyanın qarşısını almaq üçün müxtəlif təzyiq üsullarından, açıq və gizli təhdidlərdən istifadə etməklə Bakını yolundan döndərməyə cəhd edir.

Azərbaycanda xüsusi xidmət orqanlarının fəallaşması (DTX, DİN bu ölkəyə bağlı bir neçə qrupu ifşa edib -red.) müxtəlif təxribat cəhdləri İran rejiminin çabalarının bir hissəsini təşkil edir.

Sonda qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi, Xarici İşlər Nazirliyi və digər qurumları deputat Fazil Mustafaya qarşı törədilmiş terror aktının İran xüsusi xidmət orqanlarının sifarişi ilə baş verdiyinə dair məlumatlara heç bir reaksiya bildirməyiblər...

Rasim

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar