Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında böyük səs çoxluğu ilə qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 2023-cü ilin 11 yanvar tarixindən etibarən qüvvəyə minib.
Bu qanun layihəsi siyasi partiyaların mövcudluğu ilə bağlı özündə bir sıra müddəaları əks etdirir. Yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının beş min nəfərə qədər artırıldığı, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağa qoyulması kimi müddəalar var.
Sözügedən qanun layihəsində ən çox müzakirə olunan və əksər partiyaların gələcək taleyini şübhə altına alan əsas məsələlərdən biri isə üzvlərin sayı ilə bağlıdır. Belə ki, partiyalar dövlət orqanının reyesterində qeydiyyata düşmək və əvvəlki fəaliyyətini davam etdirmək üçün qanunun qəbul edildiyi gündən 180 gün ərzində ən azı beş min üzvü barədə məlumat təqdim etməlidir.
Qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmədiyi göstərilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında qeyd olunan məlumatlara əsasən hazırda Azərbaycanda 59 siyasi partiya fəaliyyət göstərir. Onlardan 8-i 1992-ci ildə, 6-sı 1993-cü ildə, 3-ü 1994-cü ildə, 7-si 1995-ci ildə, 3-ü 1998-ci ildə, 3-ü 1999-cu ildə, 2-si 2000-ci ildə, 4-ü 2002-ci ildə, 8-i 2005-ci ildə, 2-si 2007-ci ildə, 2-si 2008-ci ildə, 2-si 2009- cu ildə 2-si, 2011-ci ildə 1, 2020-ci ildə 7, 2021-ci ildə 2, 2022-ci ildə isə 1 partiya qeydə alınıb.

Qeyd edək ki, müvafiq qanun qüvvəyə mindikdən sonra 8 siyasi partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Sabiq deputat Xanhüseyn Kazımlının təsis etdiyi Azərbaycan Sosial Rifah Partiyası, 1995-ci ildən fəaliyyət göstərən Azərbaycan Təkamül Partiyası, 1994-cü ildən qeydiyyata alınan Azərbaycan Naminə Alyans Partiyası, 1992-ci ildən qeydiyyata alınan Birlik Partiyası, 2001-ci ildən yaradılan Azərbaycan Azad Respublikaçılar Partiyası, 2002-ci ildə qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və son olaraq ötən gün 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) fəaliyyətlərinə son vermələri haqqda bəyanat yayıblar.
Fəaliyyətlərini dayandıran siyasi partiyaların yaydıqları bəyanatlar əsasən oxşar olub. Bu partiyalar beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun artdığını, daxili siyasətdə əhalinin sosial rifahının strateji prioritet kimi qəbul edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu əsas gətirərək, özlərini buraxıblar.
Son vaxtlar siyasi kulislərdə qarşıdakı 3 aylıq müddətdə daha 15-20 partiyanın fəaliyyətini dayandıracağı, həmçinin bir sıra partiyaların birləşəcəyi ilə bağlı qızğın müzakirələr gedir. Mətbuatda səsləndirilən iddilara görə, artıq Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və AĞ Partiya birləşməklə bağlı müzakirələrə başlayıb. Adları çəkilən partiyaların Milli İstiqlal Partiyasında birləşəcəyi, təşkilata rəhbərliyin Arzuxan Əlizadəyə həvalə olunacağı, digər 3 partiyanın sədrlərinin isə AMİP-də müavin postunda yer alacağı bildirilir.
Xatırladaq ki, müstəqillik dövründə Azərbaycanda bir neçə dəfə kiçik partiyaların böyük partiyalara birləşməsi təcrübəsi var. Məsələn, 1995-ci ildə Tamerlan Qarayev və Rövşən Qənbərin rəhbərlik etdiyi partiyalar Müsavat Partiyasına, 2021-ci ildə isə 6 partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası. Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası) Yeni Azəraycan Partiyasına qoşulub.

Bu mövzuyla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “AzPolitika.info”-ya şərhində bildirib ki, qanunun müəyyən tələbləri bu gün bəzi partiyalar üçün problemə çevrilib: “Elə partiyalar var ki, özü yoxdur ancaq sədri və ətrafında 100-200 nəfər adam var. Partiya kimi Azərbaycanın siyasi gündəmi ilə bağlı mətbuatda və digər yerlərdə çıxışlar edir. Sanki ortada bir partiya var, əslində isə yoxdur. Partiya ciddi şəkildə ölkənin ictimai-siyasi həyatında iştirak etməli, sözünü deməli, mətbuat orqanına sahib olmalı və bəzi seçkili orqanlarda iştirak etməlidir. Ona görə də hazırkı qanununla bağlı tələblər artdıqca, sadalanan bu tələblərə cavab verməyən bəzi partiyalar sıradan çıxırlar. Bu, normal bir haldır”.
“Hazırkı partiyaların əkəsriyyəti eyni kökdən, xəttdən gələnlərdir. Amma onlar şəxsi iddialar səbəbindən bir-birindən ayırılaraq, düşmənə çeviriliblər. İmkan olarsa, partiyalar birləşəcəklər, imkan olmasa da fəaliyyətlərini dayandıracaqlar. Yerdə qalan partiyalar isə daha güclü olacaqlar və Azərbaycanın ictimai-siyasi həyatında daha aydın bir mühit yaranacaq. Nə qədər partiyanın qalacağını demək bir az çətindir. Amma mənim fikrimcə, hazırda qeydiyyatda olan partiyaların sayı yarıba-yarı azalacaq”,-deyə S. Rüstəmxanlı bildirib.
Onu da qeyd edək ki, hazırda Azərbaycan cəmiyyətinin siyas partiyalara marağı və inamı kifayət qədər aşağı səviyyədədir. 59 partiyanın olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında aktiv işirak edən partiyalar barmaqla sayılacaq qədər azdır. Üzvlük məsələsini bir kənara qoysaq, bu gün əksər partiyaların varlığı ilə yoxluğu heç kimə məlum deyil. Məsələn, Kəndli Partiyasının sonuncu açıqlaması 2021-ci ilin avqustunda Qurban Bayramı ilə bağlı təbrik, Tərəqqi Partiyasının sonuncu açıqlaması 2021-ci ilin yanvarında keçmiş sədr Çingiz Sadıqovun ölümünün 6 illiyi ilə bağlı paylaşım, yaxud Azərbaycan Vətənpərvərlər Partiyası ilə bağlı son məlumat 2021-ci ilin iyul ayında olub.
Bundan əlavə, 59 partiyadan 40-nın rəsmi internet ünvanı belə yoxdur. Bu partiyaların fəaliyyəti, üzvlük və digər məsələlərlə bağlı məlumat almaq üçün alternativ mənbələr üzrə axtarış etmək lazımdır.
Rəsmi saytları olan partiyalarla bağlı ümumi vəziyyət də ürəkaçan deyil. Saytı olan partiyalarda da standart informasiyalardan və qlobal xəbərlərdən savayı hər hanı yeni məlumata rast gəlmək mümkün deyil.
Partiyaların fəaliyyətsizliyindən xəbər verən digər bir məqam isə odur ki, 2022-ci ildə MSK-nın rəsmi saytında qeydiyyatda olan 59 partiyadan 22-si həmin il üzrə maliyyə hesabatı təqdim etməyib.Qanunvericiliyə uyğun olaraq, siyasi partiyalar yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. Qeyd edək ki, maliyyə hesabatında, üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı, həmçinin siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği qeyd edilir.

Real Partiyasının idarə heyyətinin üzvü Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, ilk baxışda Azərbaycanda siyasi partiyaların sayının kifayət qədər çox olduğunu demək mümkündür: “Hazırda 60-a yaxın partiya var, amma bu sayda ideoloji cərəyan yoxdur. Yeni qanunun tələblərinə uyğun olaraq onlardan bəziləri fəaliyyətini dayandırır, bəzilərinin isə birləşəcəyi gözlənilir. Amma təəssüf ki, bu partiyalar hər hansı ideoloji platforma, tezislər əsasında yox, saya görə birləşirlər. Ancaq saya görə birləşən partiyaların ideoloji bir platformada bir araya gəlmə ehtimalları çox aşağı olacaq”.
N. Cəfərli qeyd edib ki, artıq Azərbaycanda proporsional seçki sisteminə keçid etmək üçün zaman yetişib: “Hesab edirəm ki, parlament seçkiləri tamamilə proporsional qaydada keçirilməlidir. Bu, ölkədə sivil siyasi müstəvinin daha da genişlənməsi, möhkəmlənməsi və institutlaşması üçün çox vacib bir addım olar. Proporsional seçkilərdən sonra artıq Azərbaycanda hansı partiyaların ayaqda qalacağı məlum olacaq. Partiyanın fəaliyyət göstərməsi ilə bağlı qərarı Ədliyyə Nazirliyi yox, seçici verməlidir. Partiyaların sayı təkcə qanunun tələbləri ilə yox, həm də siyasi prosesin nəticəsinə görə müəyyən edilməlidir”.
“Əsas istəyim ondan ibarətdir ki, Azərbaycanda sağlam siyasi rəqabət mühitinin yaranması bir qanunun tələblərinə görə yox, seçicinin verdiyi qərara görə olsun. Yeni seçkilərdən sonra 15 və ya 20 partiya minimum təsir imkanlarına sahib olacaqsa, seçkilərdə aktivlik göstərəcəklərsə o partiyaların ayaqda qalması daha doğrudur. Çox güman ki, bu yolla getsək, siyasi səhnənin təbii təmizlənməsinin şahidi ola bilərik”,-deyə o, bildirib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanda partiyaların fəaliyyəti üçün əlverişli mühit və şərait mövcuddur: “Üzvlərinin sayını göstərməklə partiyaların yaradılması və qeydiyyatıyla bağlı qanun 90-cı illərin əvvəllərində qəbul edilib. Bundan sonra Azərbaycanda siyasi partiyalar yaranamağa başladı. Lakin reallıq bundan ibarət idi ki, 50 dən yuxarı partiyanın xeyli hissəsi Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər fəallıq göstərə bilmirdilər. Onlar təşkilatlanma baxımından çox məhdud imkanlara malik idilər və üzvlərinin də sayı çox az idi. Bu qanun qüvvəyə mindikdən sonra ayrı-ayrı partiyalar doğru olaraq müəyyənləşdirdilər ki, onların tələblərə uyğun olaraq qeydiyyata alınmaq imkanları yoxdur. Bu səbəbədən də öz fəaliyyətlərini dayandırmaq qərarına gəldilər. Düşünürəm ki, bu, son deyil. Biz bundan sonra da bu cür partiyaların bəyanatlarının şahidi olacağıq”.
F. Ağamalının sözlərinə görə, gələcəkdə bir neçə partiyanın böyük partiyalar ətrafında birləşməsinin şahidi ola bilərik: “Konkret olaraq üzvlərinin sayı az olan, ictimai-siyasi proseslərdə kifayət qədər fəal görünməyən partiyaların daha fəal və strukturlu partiyada birləşmə hallarını görmürük. Ancaq gələcəkdə partiyaların birləşməsini də görə bilərik. Kiçik bir araşdırma aparsaq görərik ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən partiyaların sayı 10-a yaxındır. Güman edirəm ki, Azərbaycanda maksimum 10 -15 partiya qeydiyyata alınacaq”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;" mövzusunda hazırlanmışdır.


Şərhlər
Azərbaycanda 3 sanballı partiya movcuddur.Buda bizim kimi ölkəyə bəsdir.