Son dövrlər bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də boşanmaların sayı getdikcə artır. Boşanmanın səbəbləri isə müxtəliflik təşkil edir. Bu gün ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr və s. amilləri qeyd edə bilərik.

Dövlət Statistka Komitəsinin (DSK) aprel ayında açıqladığı hesabata görə, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb. DSK-nin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Maraqlısı odur ki, əvvəllər boşanan insanlar daha çox müzakirə mövzusu olur, cəmiyyət bu boşanmalara təəssüf hissi keçirirdisə, indi həyat yoldaşı ilə sözü üst-üstə düşməyən gənclər ilk andaca özlərini məhkəmə salonlarına “vururlar”.

Boşanmaların hər ötən gün artan statistika ilə davam etməsi isə ortaya bir neçə suallar çıxarır. Həmin sulların başında isə boşanma sayının niyə artması durur. Niyə boşananların sayı hər ötən gün artır və bunun əsas səbəbləri nələrdir?

Bu mövzuyla bağlı psixoloq Gülər Məmmədova “AzPolitika.info”-ya şərhində bildirib ki, ailə - cəmiyyətdə nümunəvi, statusu bəlli olan insanların bu mühitə daha ciddi yanaşan bir qurumudur: “Təəssüf ki, bəzən ailə quran tərəflər bunun məsuliyyətini daşıya bilmirlər. Bir çox insanlar ailə qurarkən nəzərə almır ki, iki şəxsin bir yerdə harmoniyasının yaranması üçün müəyyən bir müddət keçməlidir. Bu müddət ərzində insanlar xarakterlərinin bir-birini tamamlayıb-tamamlamamasını anlamalıdırlar. Onlar çətin situasiyalarda bağlılıqlarını təsdiq etməlidirlər”.

Psxioloq qeyd edir ki, bəzi insanlar həqiqətən də sağlam formatda ailə qurmurlar: “Bəzi insanlar valideyn məcburiyyəti ilə, qarşı tərəfin var-dövlətinə, imkanına və digər səbəblərə görə ailə həyatı qururlar. Amma növbəti mərhələdə mehribançılıq yarada bilmirlər. Bu səəbdən də ailə dağılmalı olur. Təbii ki, burada başqa səbəblər də mövcuddur. Məsələn, hər iki tərəfin yola getməməsi, idarə olunmaq istəməməsi, ailə konsepsiyası haqqında məlumatın olmaması və s. Digər tərəfdən, insanlar son zamanlar çox səbirsiz olublar. Sanki heç kim məsuliyyət daşımaq istəmir. Yəni, ümumilikdə götürsək, insanlar daha sərbəst, müstəqil olmaq istəyirlər. Onların hər hansı bir işinə qarışanda, müdaxilə edəndə konflikt yaradırlar”.

Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i nikah bağlayana qədər bir-birini sevərək evləndiklərini etiraf edirlər. Digərləri isə təsadüfən, sevmədən, müəyyən məqsəd güdərək evləndiklərini bildirirlər. Məhz buna görə də bəzi nikahların müddəti cəmi 4-7 ay və ya 1 il davam edir. Beynəlxalq araşdırmalara görə, kişilər və qadınların boşanma səbəblərində də müəyyən fərqliliklər mövcuddur:

Kişilər üçün boşanmanın ilk 5 səbəbi:

1. Kənar müdaxilə;

2. İkili münasibətlər;

3. İqtisadi problemlər;

4. Xəyanət;

5. Ailədaxili vəzifə və öhdəliklər.

Qadınlar üçün boşanmanın ilk 5 səbəbi:

1. Zorakılıq;

2. Pis vərdişlər;

3. Xəyanət;

4. İkili münasibətlər;

5. Cinsi həyat.

Ailə qurarkən çox zaman gənclərin gözləntiləri çox fərqli, lakin reallıqda yaşadıqları tamamilə fərqli olur. Bu baxımdan tərəflər öncədən qarşılıqlı istəkləri barədə ətraflı danışmalı, bir-birlərinin istəklərinə uyğun olaraq davranmağı öyrənməlidirlər.

Ailədaxili münasibətlərdə ən böyük çatışmazlıq gənclərin nəinki qarşı tərəfi, hətta özlərini belə yaxşı tanımaması, öz xarakterlərinə dərindən bələd olmaması, vahid həyat prinsiplərinin və fərdi istəklərinin olmamasındadır. Məlum məsələdir ki, özünə bələd olmayan insan qarşısındakı insanı da tanımaq iqtidarında ola bilməz. Təbii ki, bu tip insan ailə qurarkən öz seçimində yanılacaq.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanmışdır.