Xaricdə yaşayan Türkiyə vətəndaşları sabahdan etibarən 14 may 2023-cü ildə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı səsvermədə iştirak edə biləcəklər.
“AzPolitika.info” xəbər verir ki, Ali Seçki Şurası (YSK) tərəfindən 73 ölkədə və 156 xarici nümayəndəlikdə seçki komitələri yaradılıb. Xarici seçicilər üçün sabahdan başlayacaq səsvermə prosedurunun mayın 9- na qədər davam edəcəyi bildirilir.
Məlumata görə, xaricdə qeydiyyatda olan 3 milyon 416 min 98 seçici var. İlk dəfə səs verəcək seçicilərin sayı isə 277 min 646 nəfərdir.
Xaricdə səsvermə prosesi başa çatdıqdan sonra səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsiz şəraitdə diplomatik kuryerlər tərəfindən Türkiyəyə gətiriləcək. Bu səslər Xarici Dairə Seçki Şurasının sədri tərəfindən Ankaradakı mərkəzdə saxlanılacaq.
Türkiyədə 14 may saat 17.00-da səsvermə prosesinin tamamlanmasının ardından digər sandıqlarla birlikdə açılacaq. Səslərin hesablanması və verilməsi Xaricdə Dairə Seçki Şurasının sədrinin nəzarəti altında həyata keçiriləcək.
Qeyd edək ki, xaricdə ən çox seçici Almaniyada, ən az isə Braziliyadadır. Ən çox seçicinin olduğu ölkələr bunlardır:
1. Almaniya – 1 501 152
2. Fransa – 397 086
3. Hollandiya – 286 753
4. Belçika – 154 443
5. Şimali Kipr – 140 111
6. ABŞ – 134 246
7. Böyük Britaniya – 127 281
8. Avstriya – 111 659
9. İsveçrə - 105 820
10. Avstraliya – 53 902
Qeyd edək ki, Azərbaycanda 11 min 36 nəfər bu səsvermədə iştirak edəcək.
“AzPolitika.info”

Şərhlər