Məlum olduğu kimi, Kreml Ukraynanın PUA-lardan istifadə edərək, Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdə cəhd etdiyini iddia edib.

Kremldən verilən açıqlamada deyilir ki, sözügedən hücum Vladimir Putinə sui-qəsd cəhdi kimi qiymətləndirilir. Kremlin bəyanatında qeyd olunub ki, hərbçilər və xüsusi xidmət orqanları radar sistemlərini işə salıb və beləcə hər iki PUA-nı zərərsizləşdiriblər. Açıqlamada hadisənin 9 May - Zəfər Bayramı öncəsi planlaşdırılmış terror aktı olduğu da bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov hadisə zamanı Putinin Kremldəki iqamətgahında olmadığını açıqlayıb. Rəsmi Kiyev isə sözügedən hücumun Ukrayna tərəfindən edilmədiyini bəyan edib.

Qeyd edək ki, Kremlə hücumda iştirak edən hər iki PUA zərərsizləşdirilsə də, ortaya bir sıra cavabsız suallar çıxıb.

Hadisəyə dair paylaşılan kadrlarda “Spasskaya” qülləsindəki saatdan belə görünür ki, ilk hücum yerli vaxtla gecə yarısı 02:30-da, ikinci hücum isə bundan təxminən 15 dəqiqə sonra baş verib.

Videoda Qırmızı Meydandan keçən ikinci PUA-nın Kremlin damında partladığı görünür. Qeyd edək ki, hadisənin səhəri günü yayılan yeni görüntülərdə Kremlin damında heç bir zədə olmadığı ortaya çıxıb.

Halbuki, ötən gün verilən açıqlamada guya partlayışdan sonra Kremlin damında yanğın başladığı bildirilmişdi. Eyni zamanda, dronların “vurulandan” sonrakı görüntüləri yayımlanmayıb. Hansı ki, bu görüntülər Kreml üçün dronların hansı ölkənin istehsalı olduğunu nümayiş etdirməyə, həmçinin, “Qərbin xain hücumunu ifşa etməyə” çox yarayardı.

Yəqin ki, dünənki hadisədən sonra ilk ağla gələn sual həmin PUA-ların radarlara görünmədən Moskvaya qədər necə gəlib çatması olub. Məlumat üçün qeyd edək ki, Ukrayna sərhədindən Rusiyanın paytaxtı Moskvaya ən yaxın məsafə 450 kilometrdir. Bu məsafəni qət etmək üçün həmin PUA-lar müasir tələblərə cavab verməli, texniki imkanları – idarəetmə radiusu, havada qalma müddəti, partlayıcı maddə ilə qət etdiyi məsafə yüksək olmalıdır. Müqayisə üçün bu gün Ukrayna ordusunun ixtiyarında olan “Bayraktar TB2” PUA-ları idaəretmə məntəqəsindən maksimum 150 kilometr radiusda fəaliyyət göstərə bilirlər.

Başqa bir versiyaya görə, bu PUA-lar Qərb kəşfiyyatı tərəfindən Rusiya ərazisindən havaya qaldırıla bilər. Amma təbii ki, bu, sadəcə ehtimaldır və bu barədə heç bir fakt yoxdur.

PUA-larda partlayıcı maddə olubmu?

Maraq doğuran digər sual Kreml sarayının üzərində vurulan PUA-nın növü ilə bağlıdır. Bu barədə məlumat paylaşılmasa da, yayılan görüntülərdə PUA-nın kiçik ölçülü döyüş vasitəsi olduğu görünür. Hərbi analitiklər hesab edirlər ki, həmin PUA-larda partlayıcı maddə olmayıb. Çünki görüntülərdə baş verən partlayışın həcmi kiçik olub.

Hadisə zamanı Kremlin damında iki nəfər olub

Hadisə zamanı iki nəfərin Kremlin damına qalxdığı görünür. Bu barədə dəqiq məlumat olmasa da, ehtimallara görə, həmin şəxslər hərbçi olub və əllərində PUA əleyhinə silahlarla sarayın üzərinə qalxaraq, hücumun qarşısını almaq istəyiblər. Lakin onlar sarayın üzərində olarkən, artıq PUA-lar zərərsizləşdirilib.


Ən çox ehtimal olunan versiya bu hücumun Kreml tərəfindən planlaşdırılan növbəti əməliyyat olmasıdır. Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti son vaxtlar hava hücumundan müdafiə sistemlərini gücləndirib. Məsələn, 2023-cü ilin yanvar ayından Kreml ətrafında təhlükəsizlik tədbirləri daha da artırılıb, ərazidə “Pantsir” zenit-raket kompleksləri quraşdırılıb. Bu baxımdan, iki dronun hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi və birbaşa “Kremlin ürəyi üzərində” partlaması və ya vurulması, eyni zamanda kameralara düşməsi çox çətindir.

Hadisə Moskvada sıradan bir olay kimi qarşılanıb

Təəccüblüdür ki, Kremldə baş verənlər Moskvada sıradan bir hadisə kimi qarşılanıb. Hücuma baxmayaraq, Kreml Muzeyinə və sarayın yanındakı bağa giriş məhdudlaşdırılmayıb. Üstəlik, hadisənin baş verdiyi Serafimoviç küçəsində qalan sakinlər həmin gün heç bir fövqəladə halla qarşılaşmadıqlarını, hadisə barədə televiziyadan məlumat aldıqlarını deyiblər.

E. Bəyməmmədli

“AzPolitika.info”