Qəbələdə dəbdəbəli villa fantastik qiymətə satışa çıxarılıb.

"AzPolitika.info"  "yenisabah"-a istinadla xəbər verir ki, Qəbələ şəhəri “Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında yerləşən villa alıcıya nə az-nə çox, düz 12 milyon manata təklif olunur.

500 sot torpağın içində tikilən, 1800 kv/m sahəsi olan dəbdəbəli mülk 2 mərtəbədən və 11 otaqdan ibarətdir.

İqamətgah eksklüziv mebellər, çilçıraqlar və rəsm əsərləri ilə tam təchiz olunub. Həyətində dekorativ ağaclar və meyvə ağacları var.

Evin qapalı və açıq hovuzu, saunası, kinoteatrı və idman zalı da var. Satıcı 12 milyonluq villanı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını da qeyd edib.

Mülkün sahibinin kimliyi də gizli saxlanılır. 

Məlumatda onun Rusiyada yaşayan azərbaycanlı iş adamlarından birinə məxsus olduğunun güman edildiyi bildirilir.

"AzPolitika.info" xatırladır ki, daha əvvəllər "Chenot palace health wellness” sağlamlıq mərkəzinin yanında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin möhtəşəm  villasının olduğuna dair məlumatlar yayılıb. Hətta Ramiz Mehdiyev ailəsi ilə birlikdə ilk dəfə həmin villaya gələrkən qızının "bu bizim Fransadakı daçamıza oxşayır ki..." dediyi də bildirilirdi. 

Ərazidə belə möhtəşəm ikinci villanın tikildiyinə dair hər hansı məlumat yayılmayıb. Bu baxımdan satışa çıxarılan bu villanın Mehdiyevlərə məxsus olduğu istisna deyil.

"AzPolitika.info"