“BU İDEYA MƏNƏ MƏXSUSDUR...” – “Hədəf Kursları”nın rəhbəri Bakı Şəhər Təhsil İdarəsini ideya oğurluğunda ittiham edir

“Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi “Ortaq Türk Dünyası Məktəbliləri arası Tarix Olimpiadası” təpədən dırnağa qədər ideya, fikir, məzmun oğurluğudur. Bir neçə dost deyir ki, zəng edin, məktub yazın, nazirliklə, təhsil idarəsinin rəhbəri ilə danışın. Danışmayacam, elə fikrimi burdan bildirəcəyəm! Əgər geridönüş olmazsa, daha dərin mətləbləri izah edərək, Elm və Təhsil nazirinə açıq məktub yazacağam və mübarizəmi hüquqi yollarla davam etdirəcəyəm. Amma ümid edirəm ki, hələlik bu işdə qabağa verilən Bakı Şəhər Təhsil İdarəsi yanlışını başa düşəcək və geridönüş edəcək”.

Bunları "Hədəf Kursları"nın rəhbəri, tanınmış pedaqoq Şəmil Sadiq Bakı Şəhər Təhsil İdarəsini ideya oğurluğunda ittiham etdiyi açıqlamasında qeyd edib.

Ş.Sadiq açıqlamasını “Feysbuk” üzərində yayıb. Bildirib ki, türk dünyası məktəbliləri arasında olimpiadanın keçirilməsi ideyası ona məxsusdur. “Mənim layihəmin adı TİO adlanır - Türk İnteqrasiya Olimpiadası. Məzmunu haqda nazirə yazdığım məktubdan bir-iki cümləni əlavə edirəm: “Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin hazırlanıb istifadə edilməsinə dəstək, Türk dünyası məktəblilərinin ortaq bilgisinin formalaşması və qiymətləndirilməsinə, inteqrasiyasına xidmət etmək, gənclərin məktəb yaşlarından qardaş xalqların nümayəndələri ilə təhsil vasitəsi ilə tanış olması, inteqrativ tapşırıqlar vasitəsi ilə intellektlərini yarışdıraraq türk xalqlarının “İşdə, Dildə, Əməldə” birliyinin fərqində olmasını, ortaq mədəniyyətə sahib olduqlarını əyani şəkildə təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Digər tərəfdən də Azərbaycan türk dövlətlərini birləşdirən mədəniyyətə, coğrafiyaya və baxışa sahib bir ölkədir. İstər Orta Asiya, istərsə də Anadoluda yaşayan türklərin Azərbaycanda birləşərək, ortaqlaşaraq inkişaf etməsi tarixi baxımdan da öz təsdiqini tapır.

Cənab Nazir, bu mövzuda Sizə ikinci müraciətimdir. Birinci məktubumuza ARTİ tərəfindən verilən tövsiyələri nəzərə alaraq layihəni yenidən işləyib sizə təqdim edirəm. Şəxsən mən və “Hədəf” komandası özümüzü buna hazır hiss edir, bu istiqamətdə müəyyən cəhdlər edirik. Çıxışlarınızın birində dediyiniz kimi, Siz təkcə dövlət məktəblərinin yox, həmçinin özəl məktəblərin də nazirisiniz. Məhz bundan ruhlanaraq ümid edirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olaraq TİO-nun keçirilməsi üçün bizə lazımi dəstəyi verəcəksiniz. Bu arzumuzda, əsasən, layihənin məzmunu, təşkili ilə bağlı dəstək gözləntisi var. Beynəlxalq təhsil təcrübəsinə sahib olan biri kimi Siz də etiraf edərsiniz ki, beynəlxalq arenaya çıxmaq və müraciətlər etmək üçün “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir” ifadəsi layihənin etibarlılığını və sanbalını ən yüksək səviyyədə təqdim edir ki, bu da bizə həm beynəlxalq tərəfdaşların, həm də sponsorların layihəyə cəlb edilməsində ciddi şəkildə motivasiya verəcək.”

Ş.Sadiq bildirir ki, layihəni Ümummili Liderin 100 illik yubileyinə həsr ediblər və Şuşada keçirməyi planlaşıdırıblar. “Azərbaycandan və Türk dünyasından 19 nəfərlə danışıb, məktublaşıb, Fəxri Məsləhət Şurasını da müəyyənləşdirmişdik. Təəssüflə qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsi boyundan hündürə tullanaraq Beynəlxalq Olimpiada keçirir. Sizcə də çox gülməli deyil? Adından da göründüyü kimi, işi, vəzifə səlahiyyətləri Bakı Şəhərinin təhsili ilə məşğul olmaqdır. Görünən odur ki, Bakı şəhər təhsilinin problemləri bitib, keçib nazirliyin əvəzindən beynəlxalq olimpiadalar keçirməyə. Həm də ona görə narahatam ki, əllərinə-üzlərinə bulaşdıracaqlar. Necə ki, 2015-ci ildən keçirdiyim “Oxu günü” layihəsi Təhsil Nazirliyi tərəfindən rəsmiləşdirildi, dövlət tədbirləri içinə salındı və son iki ildə heç bir iş də görülmür. Bizim də qol-qanadımızı sındırdılar, əlimizi üzdük”.

Ş.Sadiq daha sonra bildirir ki, layihəni nazirlikdə hamıya göndərib. “Ən son deyilən o olub ki, nazir bəyənib və sizinlə görüşəcək. Bu, fevral ayında olmalı idi. Ümid edirəm ki, həmin şəxslər Emin müəllimə hadisəni bir də xatırladar. Hələ də geridönüş gözləyirəm, ümid edirəm ki, gec deyil!”

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar