AZƏRBAYCAN DİASPORUNUN MƏSKUNLAŞMA COĞRAFİYASI – Hansı ölkələrdə təsir imkanlarımız daha genişdir?

Müasir dövrün tələbləri diaspor və lobbiçilik fəaliyyətini dövlətlərin inkişafında əsas amillərdən birinə çevirib. Beynəlxaq təcrübə göstərir ki, diaspor və lobbiçilik fəaliyyəti güclü olan ölkələr siyasi arenada öz xeyrlərinə qərarlar qəbul etdirə, həmçinin başqa dövlətlərin onlara qarşı loyal münasibətlər sərgiləmələrinə nail ola bilirlər. Ona görə də hazırda diaspor fəaliyyətinin genişlənməsi dövlətin dünyadakı nüfuzunun və təsir imkanlarının artması anlamına gəlir.

Təbii olaraq bütün ölkələr kimi Azərbaycan da diaspor fəaliyyətini inkişaf etdirməyə çalışır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran mühim vəzifələrdən biri də xarici ölkələrdə yaşayan vətəndaşlarımızın təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın dünyanın 65 müxtəlif ölkəsində 570 diaspor təşkilatı fəaliyyət göstərir. Son statistik məlumatlara görə, dünyanın 5 qitəsində, 70 ölkəsində ümumilikdə 50 milyondan çox Azərbaycan türkü yaşayır. Hazırda Amerika qitəsində 1,5 milyon, Avropada 3 milyondan artıq, Afrikada 50 minə yaxın, Asiya qitəsində 45 milyon, Avstraliya qitəsində və Okeaniyada isə 10 min nəfər Azərbaycan türkü yaşayır.

Bəs Azərbaycan diasporunun say baxımından qitələr və ölkələr üzrə təsir imkanları hansı səviyyədədir?


Amerika

Azərbaycan türkləri daha çox Amerika qitəsinin şimal, mərkəzi və cənub hissələrində məskunlaşıblar. Onların sayı ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada 27 minə çatır. Həmçinin, Honduras, Qvatemala, Peru kimi ölkələrdə də Azərbaycanl türkləri çoxluq təşkil etdiyi bildirilir.

Qeyd edək ki, Amerika qitəsində yaşayan Azərbaycan türlərinin əksəriyyəti Güney Azərbaycandan köçmüş insanlardır. 1970-ci ildən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bəzi azərbaycanlıların bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

Avropa

Azərbaycan diasporunun yayılma coğrafiyasına və sayına görə geniş olduğu ikinci qitə Avropa hesab olunur. Son statistik rəqəmlərə görə, Ukraynada, Belarusda, Almaniyada, Böyük Britaniyada, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada, Polşada, İspaniyada, Avstriyada, Albaniyada və Finlandiyada məskunlaşan Azərbaycan türklərinin sayı ümumilikdə 1 milyon nəfərdir. Təkcə Çexiyada 25 mindən çox Azərbaycan türkünün yaşadığı bildirilir.

Digər Qərb ölkələrində məskunlaşan Azərbaycan türklərinin sayı isə müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasında dəyişir. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan Azərbaycan türklərinin əksəriyyəti Türkiyədən və Cənubi Azərbaycandan köç edən soydaşlarımızdır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransada məskunlaşan azərbaycanlılar isə Cənubi Azərbaycandan, eləcə də ölkəmizdən köçənlərdir.

Asiya

Azərbaycan diasporunun say baxımından çoxluq təşkil etdiyi birinci qitə Asiyadır. Təkcə İran İslam Respublikasının əsarətində olan Güney azərbaycanda 35 milyondan artıq soydaşımız yaşayır. Eyni zamanda, Əfqanıstan, Pakistan, İordaniya, İndoneziya, Yəmən, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya və İraqda on minlərlə, Azərbayan türkü yaşayır.

Afrika

Afrika qitəsində yaşayan Azərbaycan türklərinin sayı ümumilikdə 50 min nəfərə yaxındır. Soydaşlarımız əsasən Misir və Əlcəzairdə məskunlaşdıqları bildirilir.


Avstraliya

Son məluatlara görə, Avstraliya qitəsində 10 minə yaxın Azərbaycan türkü yaşayır.

Azərbaycan türklərinin məskunlaşdığı əsas ölkələr isə bunlardır:

ABŞ – 1 000 000;

Albaniya – 12 000;

Almaniya – 30 000;

Avstraliya – 8 000;

Belçika – 13 000;

Belarus – 6 600;

Çexiya – 25 000;

Estoniya – 1 800;

Finlandiya - 11 600;

Fransa - 70 000;

Gürcüstan - 600 000;

İndoneziya - 44 600;

İran İslam Respublikası - 30 000 000;

İrlandiya – 4 000;

İspaniya - 14 000;

İsveç - 20 000;

İsveçrə - 15 000;

Kanada – 174 000;

Küveyt – 18 000;

Qazaxıstan – 90 000;

Qırğızıstan- 16 000;

Latviya – 1 700;

Litva – 1 500;

Macarıstan 26 000;

Meksika - 26 000;

Moldova – 5 000;

Monqolustan – 4800;

Polşa – 10 000;

Portuqaliya – 8 000;

Rusiya – 2 000 000;

Səudiyyə Ərəbistanı - 40 000;

Slovakiya – 2 000;

Tacikistan – 13 400;

Türkiyə - 3 000 000;

Türkmənistan – 33 300;

Ukrayna - 500 000;

Yaponiya - 10 000;

Yeni Zelandiya - 2 000;

Yunanıstan - 12 400.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar