Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.
“AzPolitika" "Musavat".com-a istinadla xəbər verir ki, döyülən şəxs təqsirləndirilənlərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb.
Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələnlərin avtomobilini vuraraq qaçıb. Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.
Məlumata görə döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.
***
Bu gün səhər Bakıda nəqliyyatın sıx hərəkət etdiyi küçələrin birində sərnişinlər və sürücülərin iştirakı ilə kütləvi dava-dalaş baş verib.
“AzPolitika” sosial şəbəkələrdə yayılan görüntülərə istinadla xəbər verir ki, bir qrup şəxs avtomobilə hücum edərək onun içərisindəki şəxsləri döyüb.
Kütləvi davanın yol hərəkəti qaydalarının pozulmasına görə baş verdiyi ehtimal olunur. Nəticədə 99 BZ–500 markalı minik avtomobilinə ciddi zərər vurulub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır: "Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".
Hadisə anının görüntülərini təqdim edirik:
“AzPolitika.info”


Şərhlər
Kişi oğlanlardır...Yaxşı ediblər, o da azdır.