Kremlin Qarabağdakı qulbeçəsi, erməni milyarder Ruben Vardanyan yenə Ermənistan hakimiyyətini tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, Belarusun “Güc faktoru” televiziya layihəsinə açıqlama verən Vardanyan Paşinyan hakimiyyətini Qarabağda qalan ermənilərin və ümumilikdə dünya ermənilərinin maraqlarını satmaqda ittiham edib.
O, deyib ki, Ermənistandakı hakim siyasi qüvvə Qarabağda qalan erməniləri Ermənistandakı ermənilərdən ayırmağa çalışır və bunu ölkəni xilas edilməsi niyyəti ilə əlaqələndirir: “Əgər belə bir yanaşma varsa, bunu xalqdan soruşmaq lazımdır. Buna dair bir nəfərin, yaxud bir partiyanın qərar verməyə ixtiyarı yoxdur... Bəyanat səsləndirilir ki, Cavaxkda (Cavaxetiya-red.), Qlendeyldə (Kaliforniyada şəhər-red.) yaşayan ermənilərlə digər yerlərdə yaşayan ermənilər arasında fərq yoxdur. Bu, qəbuledilməz yanaşmadır. Hamıya aydındır ki, artıq bu, siyasi, yaxud hakimiyyət məsələsi yox, milli məsələdir”.
Vardanyan iddia edib ki, halkimiyyətin bu yanaşması təkcə hazırkı durumu deyil, ermənilərin gələcəyi üçün də təhlükəlidir.
Qeyd edək ki, Vardanyan bunları deyərkən bir neçə gün əvvəl Ermənistandakı hakim partiyanı parlamentdə təmsil edən deputat, tanınmış iş adamı Qurqen Arsenyanın söylədiklərini nəzərdə tutur. Belə ki, Arsenyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan üçün Qarabağda yaşayan ermənilərlə Gürcüstanın Cavaxetiyasında, ABŞ-ın hansıa ştatında, yaxud Avstraliyada yaşayan ermənilər arasında fərq olmamalıdır. Yəni, onlar hər bir halda xarici ölkədə yaşayan ermənilərdir. Arsenyan bu fikrini onunla əsaslandırıb ki, hazırkı Ermənistanı saxlamağın, onun gələcək təhlükəsizliyini təmin etmnəyin yeganə yolu məhz bu yanaşmadır. Çünki əks halda digər ölkələrlə münasibətlərdə məlum problemlər və Ermənistanın özünün varlığı üçün təhlükə yaranır. Rusiyanın emissarı və Qarabağdakı “şeytan barmağı” olan Vardanyan isə təbii olaraq, bu yanaşma ilə razılaşmır.
Digər yandan, Gürcüstanın rəsmi adı Cavaxetiya olan bölgəsini erməni toponimi ilə əvəzləyərək, “Cavaxk” adlandıran Vardanyan həm də qonşu Gürcüstana “dil uzatmış” olub. Onun fikrindən belə nəticə çıxır ki, Ermənistan hakimiyyəti təkcə Qarabağda yox, həm də Gürcüstanda yaşayan ermənilərə tam başqa münasibət göstərməli, yəni, onları separatizmə həvəsləndirməlidir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər