Çərşənbə axşamı ABŞ İranın Pekindəki müdafiə attaşesi də daxil olmaqla, İran, Çin materiki və Honq Konqda ondan çox fiziki şəxs və qurumu İranın raket və hərbi proqramları üçün satınalma şəbəkəsini idarə etməkdə günahlandıraraq sanksiya tətbiq edib.
“Reuters” xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, bu şəbəkə əməliyyatlar həyata keçirib və İranın Müdafiə Nazirliyi və silahlı qüvvələrin Logistika Agentliyi (MODAFL) də daxil olmaqla, İranın ballistik raket inkişafında əsas iştirakçıları üçün həssas və kritik detalların və texnologiyanın satın alınmasına şərait yaradıb.
Vaşinqtonun Tehrana təzyiqlərini artırdığı bir vaxtda sanksiyalara məruz qalanlar arasında İranın Pekindəki müdafiə attaşesi Davud Damqani də var. O, xəzinədarlıq departamenti tərəfindən MODAFL-in törəmə şirkətləri də daxil olmaqla, İranın son istifadəçiləri üçün Çindən hərbi satınalmaların koordinasiyasında ittiham olunur.
ABŞ maliyyə nazirinin terror və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında deyib ki, Birləşmiş Ştatlar İranın ballistik raket istehsalına və digər hərbi proqramlarına gizli dəstək verən qeyri-qanuni transmilli satınalma şəbəkələrini hədəfə almağa davam edəcək.
İranın Nyu-Yorkdakı BMT-dəki missiyası və Çinin Vaşinqtondakı səfirliyi şərh tələblərinə dərhal cavab verməyib.
Çin və İran 2021-ci ilin martında uzunmüddətli iqtisadi və siyasi müttəfiqliklərini gücləndirmək üçün 25 illik əməkdaşlıq sazişi imzalayıb. ABŞ-ın bu ixracı dayandırmaq üçün nəzərdə tutulmuş sanksiyalarına baxmayaraq, Çin İran neftinin əsas alıcısı olub.
Hədəf alınanlar arasında İranın Müdafiə Sənayesi Təşkilatına (DIO) bağlı olan P.B.Sadr. Co şirkəti, həmçinin, DIO-nun bir qolu olan Kimya Sənayesi və Materialın İnkişafı Qrupunun (CIDMG) bir hissəsi olan Parchin Chemical Industries (PCI) də var. Həm PCI, həm də P.B.Sadr əvvəllər ABŞ tərəfindən sanksiyalara məruz qalıb. PCI raketlər üçün döyüş sursatı, partlayıcı maddələr və bərk yanacaq istehsal edir. ABŞ hər zaman bəyan edib ki, PCI raket yanacaqlarının hazırlanmasında istifadə olunan hissələrin alınmasında əsas vasitəçi kimi çıxış edib. Eyni zamanda PCI Çin mərkəzli təchizatçılardan ballistik raket yanacaqlarının istehsalında istifadə olunan yüz minlərlə dollar dəyərində sentrifuqa ehtiyat hissələrinin alıcısı kimi xidmət edib.
Çin şirkəti Zhejiang Qingji Ind. Co. Ltd də sanksiyaya məruz qalanlar cərgəsindədir. ABŞ maliyyə nazirliyi onu P.B.Sadr ilə vasitəçi olaraq PCI-yə yüz minlərlə dollar dəyərində sentrifuqalar və digər avadanlıq və xidmətlər satmaqda günahlandırıb.
Maliyyə Nazirliyinin on milyonlarla dollar dəyərində ikili malların satışı ilə məşğul olmaqda ittiham etdiyi Hong Kong Ke.Do International Trade Co., Limited və Çində yerləşən Qingdao Zhongrongtong Trade Development Co., Ltd. də sanksiyaya məruz qalanlar arasındadır.
AzPolitika.info


Şərhlər