Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli tərəfi döyüş gedən bölgələrdə böyük texnogen qəzaların baş vermə ehtimalının yüksək olmasıdır. Kaxovka SES-in partladılması yalnız ətraf ərazilərə təsir edibsə, Zaporojye Atom Elektik Stansiyasında törədiləcək qəzanın miqyası ölçüyəgəlməz səviyyədə böyük olacaq.
Bundan başqa, ruslar Krım yarımadasının müdafiəsi tədbirləri çərçivəsində böyük həcmdə amonyak saxlanılan ”Krımskiy titan” zavodunun ərazisini minalayıblar. Burada baş verəcək hər hansı partlayış böyük fəlakətə yol açacaq.
“Azpolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” saytı “Krımı yandırılmış torpağa çevirmək istəyirlər: rus işğalçıları nə düşünürlər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik: ”Rus işğalçılarının zəbt etdiyi yarımada uzun müddət ərzində bir növ Putinin “qırmızı xətti” sayılırdı, amma indi hər şey Krımın mütləq azad olunacağına doğru gedir. Artıq Rusiya hərbçiləri də buna şübhə etmirlər.
Hər yeri və hər şeyi minalayırlar
Son zamanlar yarımadada vəziyyət getdikcə gərginləşir. Ukrayna ordusunun Krıma daxil olmasının qarşısını kəsmək üçün işğalçıların ərazini kütləvi şəkildə minalamağa başlamasına dair çoxsaylı sübutlar var. Məsələn, Krım Tatar Xalq Məclisinin üzvü İskəndər Barıyevin sözlərinə görə, yarımadanın şimal hissəsində yerləşən Krasnoperekopski rayonunda bütün ərazi artıq minalanıb.
İşğalçılar Xerson vilayətinin Geniçesk rayonunda yerləşən Çonqar Nəzarət Keçid Məntəqəsinin “genişləndirilməsi”nin də “qayğısına” qalıblar. Hətta bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin də məlumat verib. O,deyib: "İndi biz onun genişləndirilməsi üzərində işləyirik. Planlaşdırılan müddətin başa çatdırılma tarixi sentyabrın 1-dir, lakin biz hər şeyi qrafikdən öncə yerinə yetirmək istəyirik".
“Obozrevatel.com”-un istinad etdiyi mənbələrin sözlərinə görə, əslində söhbət Nəzərət Keçid Məntəqəsinin möhkəmləndirilməsindən gedir. Mənbə bildirib: ”Rusiya Krımı və Xerson vilayətini öz ərazisi hesab edir. Əgər belədirsə, onda Krımın ərazisi niyə genişləndirilir? Onlar özləri-özlərinə zidd hərəkətlər edirlər. Əslində, məsələnin mahiyyəti ondan ibarətdir ki, işğalçılar Krıma gedən yolda mövqelərinin gücləndirilməsi istiqamətində işlər aparırlar”.
Rusiyanın Armyanskda yerləşən “Krımskiy titan” kimya zavodunda böyük texnogen fəlakət hazırladığına dair həyəcanlı xəbərlər gəlir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, işğalçılar fəaliyyətdə olan zavodun sexlərini, onun ərazisini, çöküntü çənlərini minalayırlar.

Rusiyalıların “Krımskiy titan” müsəssisəsində hazırladıqları teror aktı süni texnogen fəlakət anlamına gələcək. ”Krımskiy titan” zavodunun soyuducu avadanlıqlarında 200 ton texnoloji amonyak istifadə olunur. Ukrayna Baş kəşfiyyat İdarəsindən bildirirlər ki, zavodda partlayış olduğu təqdirdə küləyin istiqamətindən asılı olaraq amonyak buludu yarım saatdan sonra bütün yaxın əraziləri bürüyəcək. Bu, ilk növbədə işğal altında olan Armyansk, Krasnoperekopski rayonu və eləcə də Xerson vilayətinin cənub rayonları üçün təhlükəlidir.
Qaçmazdan əvvəl hər şeyi məhv et...
Putinin Ukrayna ərazisində hansısa “sanitar zona” yaradılması ilə bağlı verdiyi utanmaz bəyanatı rus işğalçılarının mənfur niyyətlərindən xəbər verir.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, müharibədə məğlub olan işğalçılar qaçacaqlar və Krım ərazisindəki obyektlər də daxil olmaqla müxtəlif müəssisələri məhv edəcəklər. Podolyak həmçinin vurğulayıb ki, Kreml diktatoru “insanlığa qarşı iri miqyaslı cinayət törətmək niyyətini birbaşa nümayiş etdirir”.
Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov da Armyanskdakı “Krımskiy titan” müəssisəsinin sıradan çıxarılması ssenarisinin mümükün olduğunu bildirib. A.Yusov qeyd edib ki, Rusiya işğalçıları bunu iki səbəbdən edirlər: ”İlk növbədə bu, şantaj ola bilər, çünki onların bir sıra hərəkətlərı nümayiş xarakterlidir. Bu, terrorçuların şantajının davamıdır və biz bunu Zaporojye Atom Stansiyasında və digər obyektlərdə görürük. Həmçinin, onlar geriyə çəkilən və ya qaçan zaman müəssisələrin sıradan çıxarılması ssenarisini nəzərdən keçirirlər. Putin Ukraynanın sənayesizləşdirilməsini və genosid praktikasını Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin bir hissəsi hesab edir və bunu da gizlətmir”

Müxbirimizin kəşfiyyatdakı həmsöhbətləri hesab edirlər ki, Rusiya ordusu bunun üçün ən pis ssenariyə hazırlaşır. Söhbət etdiyimiz zabitlərdən biri mövcud vəziyyəti belə şərh edib: ”Hələlik səsləndirilməsi mümkün olmayan müəyyən siqnallar var. Amma bir şey aydındır: bəzi rusiyameyilli krımlıların “Putin bizi qoruyacaq” fikirləri xəyaldan başqa bir şey deyil. Rusiya Prezidenti çox asanlıqla minlərlə rusiyalını ölümə yollayaraq, onları faktiki “top yeminə” döndərib və onun yarımadanın əhalisinin taleyi barəsində narahatlıq keçirməsini düşünənlər ən azından sadəlövhdürlər. Əksinə, indi təhlükə Krımda yandırılmış torpaq taktikasından istifadə etməyə hazır olan rus işğalçılarından gəlir. Bizim vəzifəmiz isə bunun qarşısını almaqdan ibarətdir.”
Bu arada krımlılar artıq “işğalçıların əhvalının dəyişdiyini” deyirlər. Müxbirimizin Krımdakı bir həmsöhbəti deyib: ”Rusiya hərbçiləri son bir neçə həftə ərzində Rusiya Federasiyasına daha tez-tez bağlama göndərməyə başlayıblar. Əlbəttə, burada söhbət hərbi yox, şəxsi yüklərdən gedir ki, bunların da həcmləri son günlər xeyli artıb. Onlar əşyaları sanki axırıncı günmüş kimi çıxarırlar. Hamı ukraynalıların qaçılmaz əks-hücumundan danışır. Biz isə gülümsəyərək gözləyirik. İşğalçılar əldə etdiklərini və ya çırpışdırdıqlarını xilas etməyə çalışırlar”.

Bizim həmsöhbətlərin dediklərinə görə, işğalçılar son günlər Krım ərazisində diversantlar axtarmağa başlayıblar və buna görə də sənədlərin yoxlanılmasını sərtləşdiriblər. Bu məqsədlə yollarda hamını saxlayırlar.
Ukrayna Milli Müqavimət Mərkəzindən verilən məlumata görə, Kerç körpüsündəki giriş məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Onlar indi sürücü və sərnişinlərin sənədlərini və avtomobilləri ciddi yoxlayırlar. Hələ üstəlik telefonlara müdaxilə edir, brauzerləri, sosial şəbəkələrdəki abunələrə, həmçinin Ukrayna saytlarına giriş əngəlini aşan “VPN”-nin olmasına baxırlar. Krımda yaşayan ukraynalı vətənpərvərlər deyirlər: ”Bütün bunlar artıq sonun başlanğıcına oxşayır. Yarımadanın azad edilməsi sabah olmasa da, bu, bir neçə aydan və ya bir ildən sonra qaçılmazdır və buna tam əminlik var.”
V. Nəsibov
“AzPolitika.info”

Şərhlər