“Türkiyə və Azərbaycan birgə Hava Komandanlıq və İdarəetmə Sisteminin yaradılması iki ölkə arasında strateji müttəfiqliyin üst səviyyəyə qaldırılmasıdır. Bu o deməkdir ki, Türkiyənin hava sahəsinin pozulması Azərbaycanın, Azərbaycanın hava sahəsinin pozulması isə Türkiyənin hava sahəsinin pozulması demək olacaq və iki dövlət hava sahəsinin pozucularına qarşı birgə mübarizə aparacaqlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə və Azərbaycan arasında birgə Hava Komandanlıq və İdarəetmə Sisteminin (HAKİM) yaradılması layihəsini şərh edərkən bildirib.
Xatırladaq ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib.
“HAKİM Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən mühüm layihələrdən biridir. Bu layihə ilə, hər iki ölkənin Hərbi Hava Qüvvələri Azərbaycanın hava məkanına nəzarət etməklə yanaşı, birgə əməliyyatlar həyata keçirmək imkanı əldə edəcək. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq “İki dövlət, bir millət, bir hava məkanı” kimi qoyduq", - Görgün vurğulayıb.
E.Şahinoğlu Prezident İlham Əliyevinin Azərbaycan ordusunun Silahlı Qüvvələrinin kiçik modelinə çevrilməsi ilə bağlı tapşırığını xatırladır: “İki ölkə arasında birgə Hava Komandanlıq və İdarəetmə sisteminin yaradılması bu siyasətin tərkib hissəsidir. Növbədə iki ölkənin birgə hərbi texnikasının istehsalını genişləndirməsidir. Türkiyənin “Bayraqdar” şirkəti ilə imzalanan razılaşmaya görə Azərbaycanda pilotsuz uçuş aparatlarının istehsalına başlanılmalıdır. Azərbaycan Türkiyənin pilotsuz təyyarəsi olan “Qızıl Alma” layihəsinə də maraq göstərir. Azərbaycan və Türkiyə ABŞ təcrübəsindən faydalana bilərlər”.
Politoloq misal kimi ABŞ-ın modern “F-35” hərbi təyyarəsinin istehsalını müttəfiqləriylə birgə həyata keçirdiyini göstərir. “Bu təyyarənin müxtəlif hissələri fərqli ölkələrdə istehsal olunur.
“Qızıl Alma” təyyarəsinin hansısa hissəsinin Azərbaycanda istehsalını həyata keçirmək mümkündür. Bu iki dövlətin hərbi sənaye komplekslərinin də vahid sistemə çevrilməsinə şərait yaradacaq”, - ekspert vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Bəli, ABŞdan alınan SON xəbərə görə hər iki dövlət və vətəndaşlarına qarşı etnik ayrıseçkili münasibət davam edir? Əski DQMV sovetliyində heç bir erməni qalığı qala bilməz və Ermənistanın mühakimə edilməmiş deport zoruna adekvat təcili olaraq RF sülhməramlıları onları operativ-təhlükəsiz təxliyə etməlidirlər!