“Azı 200 ailənin yaşadığı bu rayon uzun illərdir su sarıdan korluq çəkir. Əvvəllər rayon camaatının üzləşdiyi əsas problem suvarma suyu ilə bağlı idisə, indi vəziyyət daha acınacaqlı və dözülməz bir hal alıb. Sədərək rayonunun sakinləri sözün əsl mənasında su üzünə həsrət qalıblar. Rayona 10 ildən çoxdur içməli suyun çəkilməsinə başlanılsa da, işlər yarımçıq şəkildə dayandırılıb. Əkin-biçin sahələrindən isə danışmağa dəyməz. Əkin sahələri yağış yağandan-yağana suvarılır, quraqlıq düşəndə isə məhv olur. Belə çətin şəraitdə nə əkin-biçinimiz qalıb, nə də həyatyanı yerlərdəki meyvə bağlarımız”.
Bunları Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakinləri “AzPolitika.info”-ya ünvanlandıqları şikayət məktubunda bildiriblər.
Rayon sakinləri artezian quyularının bir çoxunun quruduğunu, bu səbəbdən də içməli su sarıdan problem yaşadıqlarını qeyd edirlər:“Uzun illərdir kənd camaatı, xüsusən də qadınlar və uşaqlar yük arabalarıyla və əllərində kilometrlərlə məsafə qət edərək bu quyulardan evlərinə içməli su daşıyırlar. Lakin son illər yaşanan quraqlıq səbəbindən artezianlardakı suyun səviyyəsi xeyli azalıb, bir çoxu isə qəzalı vəziyyətə düşüb”.
“Yaxınlıqda içməli su olmadığından hər gün yağışlı, qarlı, isti havalarda su daşıyırıq. İllərdir içməli suya olan ehtiyacımızı bu formada ödəyirik. Dövlət qurumları isə illərdir bu məsələni həll edə bilmir. Naxçıvanın digər rayonlarında və əksər kəndlərində su- kanalizasiya sistemi qurulsa da, sabiq sədr Vasif Talıbov və onun rayonumuzdakı korrupsioner təmsilçilərinin işyarıtmaz fəaliyyəti ucbatından Sədərəyin gələcək taleyi üçün həyati önəm kəsb edən bu problem aradan qaldırılmayıb. Təəssüf ki, ölkə rəhbərliyinin strateji baxımdan olduqca önəmli hesab etdiyi, Ümumilli lider Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək rayonunda bu gün hətta dəhşətli su böhranı yaşanır”,-deyə məktubda bildirilir.

Məlumat üçün qeyd edək ki, hələ 2012-ci ildə dövlət vəsaiti hesabına Sədərək rayonuna su və kanalizasiya xətlərinin çəkilişinə başlanılsa da, bu günə qədər əhali içməli su ilə təmin olunmayıb. Sözügedən layihəyə əsasən Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkilməli idi. Son hesabatda bildirilir ki, bu 10 ildən artıq müddət ərzində cəmi 129 kilometr içməli su və 95,3 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.

Bu müddət ərzində görülən işlərdən belə nəticəyə gəlmək olar ki, bu gedişlə yerli sakinlər hələ uzun müddət su üzünə həsrət qalmalı olacaqlar. Ona görə ki, bu illər ərzində ayrılan milyonlarla dövlət vəsaiti mənimsənildiyindən işlər yarımçıq qalıb və nəticədə layihənin təhvil verilmə müddəti naməlum bir tarixə qədər ertələnib...
Onu da qeyd edək ki, səriştəsiz dövlət nümayəndələrindən ümidini üzən yerli əhali uzun illərdir içməli suya olan tələbatını “Bulaqbaşı” adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin etməyə çalışır. İllərdir uşaqlar və qadınlar əl arabaları ilə kiolmetrlərlə məsafədə yerləşən və artıq qurumaq üzrə olan bu artezianlardan su daşıyırlar. İçməli su kimi, suvarma suyu da rayonun başlıca problemi olaraq qalır.

Sədərəkdə təbii su mənbəyi olmadığından suvarma əsasən 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Bu kanallarla verilən su isə birbaşa icra başçısının və nümayəndələrinin, eləcə də onlara yaxın adamların əkin sahələrinə yönləndirilir. Hazırda su olmadığından insanların şəxsi həyətyanı torpaq sahələrindəki meyvə-tərəvəzləri də məhv olmaqdadır.
Digər tərəfdən, əhalinin böyük əksəriyyəti məişətdə istifadə etdikləri suyu öz ciblərindən pul verərək alırlar. Bu isə zatən gəlirləri məhdud olan hər ailəyə ay ərzində azı 50-60 manata başa gəlir. Bundan əlavə, məhəllələrdəki artezianlar üçün hər ay əhalidən qanunsuz pul yığıldığı halda, artezianda baş verən nasazlıqlar vətəndaşların öz aralarında topladıqları vəsait hesabına aradan qaldırılır.

Sədərək tarixən kənd təsərrüfatı rayonu kimi tanınıb. Sovet dönəmində yerli əhalinin əsas dolanışığ mənbəyi taxılçılıq, meyvə-tərəvəzçilik, maldarlıq və xüsusən də üzümçülük olub. Ancaq uzun illər yaşanan su probleminə görə, Sədərəkdə kənd təsərrüfatı sahəsi tamamilə sıradan çıxıb. Su olmadığından həyatyanı sahələrdə yaradılan istixanalar, həmçinin əkin sahələrindəki ailə təsərrüfatları da məhv olub. Bu acınacaqlı vəziyyətin fonunda, heç bir gəlir mənbəyi olmayan rayon sakinləri təbii olaraq kütləvi şəkildə Sədərəyi tərk etməyə çalışırlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Sədərək əhalisinin sayı 22 min 700 nəfər olub. Ancaq təbii ki, uzun müddət Talıbovun “xanlığına” çevrilən Naxçıvanda bu statistika reallığı əks etdirə bilməz. Reallıq isə budur ki, hazırda ölkənin ən kiçik ərazi vahidi olan Sədərəyin əhalisi 10 mindən belə aşağıdır. Təəssüf ki, bu gün də əhalinin sayı durmadan azalır. Sədərəyə səfər edən zaman onlarla sahibsiz ev, boş məhəllə, yarı uçuq vəziyyətdə olan tikililər görmək mümkündür.
Görünür Sədərək rayonunun timsalında digər əksər rayonlarımızda da mövcud olan və getdikcə ölkənin dayanıqlı inkişafına daha çox mane olan bu vəziyyyəti aradan qaldırmağın yeganə həll yolu inzibati ərazi dəyişikliyinə getməkdir. Artıq uzun illərdir İcra Hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsi bunun bariz sübutudur.
Hazırda yerli İcra Hakimiyyətləri büdcəyə əlavə yük yaradan və yerli özünüidarəetmə orqanlarının inkişafına imkan verməyən bir idarəetmə formasına çevrilib. Hökumət İcra Hakimiyyətini və icra başçısı statusunu ləğv etməklə büdcəni əlavə yükdən xilas edə, paralel olaraq yerli bələdiyyələrin inkişafı ilə dövlət büdcəsinə əlavə daxilolmalara nail ola bilər.
Xatırladaq ki, mətbuatda bir müddətdir əsas idarəetmə formasının Prezidentin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacağıyla bağlı xəbərlər dolaşır. İddialara görə, yerli idarəetmə forması 14 iqtisadi regionu əhatə edəcək və bütün məsələlər birbaşa Prezidentin nəzarətində olacaq.
Şübhəsiz ki, bu dəyişiklik fonunda, əksər rayonlarımızda yaşanan bu xoşagəlməz hallar müəyyən qədər aradan qalxa bilər. Elə Sədərək camaatı da illərdir heç bir xeyir görmədikləri icra başçılarından tez bir zamanda qurtularaq, mövcud problemlərinin aradan qaldırılmasını arzulayırlar…
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Sədərək--qədim ərikli sədd olan bu yert,doğrudan da Azərbaycanın gözəl guşələrindən biridir."Cin təndiri", "Ucubiz","Qırmızılar" deyilən onlarla yaddaş yerlərinin muncuqlandığı bu yerlərin özünəməxsus romantikası var.Adamlar mehriban və qonaqpərvərdirlər.Məşhur "qovurmaları" ilə qonaqları sevindirən bu diyarda 1999-cu ildə oldum və "Qəhrəman Sədərək" sənədli filmini hazırladıq.İki artezian quyusu var idi.Qızlar-gəlinlər obaşdandan gecəyə kimi o quyuların başından əskik olmurdular.Pal-paltar,yer kökü gətirib yuyurdular.Təəssüf ki strateji cəhədən vacib olan bu yerə hələ də qayğı göstərilməyib.