Birləşmiş Ştatlar cümə günü işğalçı Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatı üçün Ukraynaya geniş şəkildə qadağan olunmuş kaset bombaları tədarük edəcəyini açıqladı.
Bu bombalar 800 milyon dollarlıq paketə daxildir. Bir çox ekspertlər və hüquq müdafiəçiləri kasset bombalarının yardım paketinə salınmasını beynəlxalq hüquqa zidd hesab edirlər. ABŞ-ın siyasi dairələrində də bu məsələyə münasibət birmənalı deyil.
NATO baş katibi Yens Stoltenberq isə hərbi alyansın gələn həftə keçiriləcək sammitdə Ukraynanın təşkilata üzvülüyünün necə yaxınlaşdıracağını müzakirə ediləcəyini deyib.
Litva paytaxtı Vilnüsdə 11-12 iyul tarixlərində keçirləcək NATO sammiti ərəfəsində Qərb ictimaiyyətində fərqli bir həyəcan var.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, sayca 4-cü olan bu sammit ona görə bu qədər əhəmmiyyət daşıyır ki, xeyli vaxtdır müzakirə olunan bir sıra vacib məsələlərin yekun həllini tapması gözlənilir.
“AzPolitika.info”-nun “Reuters”ə istinadla verdiyi məlumata görə, müzakirəsi planlaşdırılan mövzulardan birincisi Ukraynanın alyansa üzvlük məsələsidir.
Görünür ki, bir çox hüquq müdafiəçiləri və xüsusilə də, ayrı-ayrı ölkələrdə siyasətçilərin hökumətlərə çağırışlarından sonra, Qərb dövlətləri də özlərində müəyyən cəsarət tapıblar.
Bundan əvvəl əsas prioritet Rusiyanı “qəzəbləndirməmək” idisə, artıq gündəmdə olan əsas hədəf “Rusiyanı geri oturtmaq”dır. Çox güman ki, Rusiya rəhbərliyinin tez-tez nüvə təhdidləri artıq Qərbdə ciddi təlaş yaratmır və daha qətiyyətli addımlar atmalı olduqlarını anlayırlar.
Lakin bu qərar hələ verilməyib və yekdilliklə qəbul edilməsinə də şübhələr var. Çünki Ukraynanın alyansa qəbul edilməsi heç də bütün üzvlər tərəfindən birmənalı qarşılanmır.
Ukrayna üzvlüyə qəbul edilməsə də belə, bu ölkə üçün təhlükəsizlik təminatları məsələsi zirvə görüşündə masada olan əsas mövzulardan biri olacaq.
Müharibə bitdikdən sonra da Rusiyanı yeni hücumlardan saxlamaq üçün Kiyevə yardımların davam etdirilməsi alyansın gündəmində mühüm yer tutur.
Digər gündəlikdə olan məsələ Baltikyanı ölkələrdə NATO kontingentinin gücləndirilməsi və bu ölkələrin müdafiə qabiliyyətinin artırılmasıdır.
Burda əsas məsələ təkcə Baltikyanı ölkələrin yox, NATO-nun şərq cinahlarının təhlükəsizliyidir. Bu məqsədlə Polşaya diqqətin artırılması, habelə Aralıq dənizində təhlükəsizliyi və koordinasiyanı artırmaq üçün Kipr məsələsi ilə də bağlı müəyyən müzakirələrin gedəcəyi gözlənilir. Həmçinin, Türkiyə və Yunanıstan arasında gərginliyi azaltmaq üçün də NATO rəhbərliyinin konkret təşəbbüslər atacağına dair gözləntilər var.
Digər tərəfdən, İsveçin də alyansa üzvlüyü müzakirə məsələsi olacaq. Düzdür, Stokholmun verdiyi vədləri yerinə yetirməməsi, terrorçuları hələ də hmayə etməsi səbəbindən Türkiyə və Macarıstan İsveçin üzvlük ərizəsini bloklayıblar. Ancaq NATO rəhbərliyi bu istiqamətdə bir kompromisə nail olmağa çalışacaq.
Digər bir məqam da Kiyevə silah dəstəyinin artırılması ilə bağlıdır. Ukraynadakı müharibə onu göstərdi ki, Qərbin silahları nə qədər müasir olsa belə, istifadəyə yararlı sursatların həcmi elə də böyük deyil. Bu səbəbdən, çox güman ki, silah-sursat ehtiyatının daha da yaxşılaşdırılması müzakirə mövzularından biri olacaq.
Həmçinin NATO üzvlərinin hərbi xərclərinin minimum 2 faizə çatdırılması üçün konkret addımların atılması gözlənilir. Çünki bəzi üzv-ölkələr hələ də ÜDM-lərinin 1,2-1,4 faizi qismində hərbi büdcə planlaşdırmaqdadırlar.
Müttəfiqlər ümid edir ki, bu kimi qərarlar Rusiyanı daha ehtiyatlı addımlar atmağa sövq edər.
Rüfət Əhmədzadə
AzPolitika.info

Şərhlər