Berlin iifrat sağçıların təhlükəli yüksəlişi qarşısında nə etməlidir?
Britaniyanın nüfuzlu "The Economist" jurnalı Almaniyada ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının rekord göstəricilərə imza atması və ölkənin siyasi səhnəsində yaratdığı dərin böhranla bağlı geniş analitik məqalə dərc edib.
"AzPolitika" xəbər verir ki, nəşr Saksoniya-Anhalt torpağında keçirilən son seçkilərdə AfD-nin 44% səs toplayaraq tarixi uğur qazanmasını nəinki Almaniya, ümumən İkinci Dünya Müharibəsindən sonra Avropada bərqərar olmuş demokratik konsensusun çatlaması kimi qiymətləndirib. Məqalədə qeyd olunur ki, Bundestaqın hazırkı Kansleri Fridrix Mersin rəhbərlik etdiyi mərkəzçi koalisiya iqtisadi durğunluq, inflyasiya, enerji böhranı və miqrasiya problemləri fonunda seçicilərin etimadını sürətlə itirməkdədir.
Nəşrin təhlilçiləri diqqəti ən təhlükəli məqamlardan birinə - ifrat sağçılarla radikal islamçılar arasında yaranmış "özünüqidalandıran zəncirvari reaksiyaya" yönəldirlər: "İfrat sağçılar və radikal islamçılar bir-birinə hava və su kimi möhtacdırlar. İslammeylli radikallar avropalı müsəlmanlara 'bu ölkədə sizə yer yoxdur, Avropa sizə nifrət edir' təbliğatını aparır. AfD kimi partiyaların uğurları və onların açıq islamofob ritorikası bu təbliğatın doğruluğunu radikalların nəzərində 'sübut edir'. Nəticədə müsəlman icmalarının inteqrasiyası dayanır, paralel cəmiyyətlər yaranır, bu isə sağçıların xeyrinə yeni seçici kütləsi və daha kəskin nifrət ritorikası formalaşdırır".
Məqalədə vurğulanır ki, ənənəvi alman partiyalarının AfD-ni təcrid etmək üçün uzun illər tətbiq etdiyi "siyasi divar" mexanizmi artıq sistemin özünə qarşı işləməyə başlayıb.
"The Economist" yazır ki, ifrat sağçıları hökumətdən kənarda saxlamaq üçün ideological baxımdan bir-birinə zidd olan mərkəzçi və sol partiyaların qurduğu "süni koalisiyalar" idarəetməni iflic edib. Cəmiyyət idarəetmədəki səmərəsizliyi, qərarsızlığı gördükcə daha kəskin şəkildə radikallara tərəf meyllənir. Yəni AfD-ni təcrid etmək cəhdi onun reytinqini azaltmır, əksinə, onu yeganə "real müxalifət" kimi seçicinin gözündə cazibədar edir.
Almaniya siyasi elitasında son vaxtlar AfD-nin Konstitusiya Məhkəməsi yolu ilə qanundankənar elan edilməsi çağırışlarına toxunan nəşr, bu addımın fəlakətli nəticələr verəcəyi barədə xəbərdarlıq edir.
Ölkə seçicilərinin 20-30%-dən çoxunun səsini alan bir partiyanı qadağan etmək milyonlarla alman vətəndaşına "sizin rəyiniz sayılmır" mesajı verməkdir;
Partiyanın bağlanması sağçı hərəkatı yox etməyəcək, sadəcə onları daha nəzarətsiz və radikal küçə/yeraltı qruplaşmalarına çevirəcək.
Bəs rəsmi Berlin və Fridrix Mers hökuməti bu ağır vəziyyətdən çıxmaq üçün hansı strateji addımları atmalıdır?
Jurnal çıxış yolunu 3 ana sütunda görür:
Miqrasiya və təhlükəsizlik siyasəti tamamilə yenilənməlidir: Sağçıların ən çox istismar etdiyi qeyri-leqal miqrasiya, sığınacaq sistemindəki boşluqlar və inteqrasiya olunmayan icmalar məsələsində mərkəzçi partiyalar təşəbbüsü ələ almalıdır. Dövlət sərhəd nəzarətini və leqal/qeyri-leqal miqrasiya arasındakı sərt fərqi hüquqi müstəvidə bərpa etməli, bu mövzunu ifrat sağçıların monopoliya formasında istismar etməsinə imkan verməməlidir.
Almaniya iqtisadiyyatının durğunluqdan çıxarılması, enerji qiymətlərinin aşağı salınması, biznes üzərindəki vergi yükünün və ləngidici bürokratiyanın azaldılması mütləqdir. Seçici ancaq öz cibində, gündəlik həyatında və kommunal xərclərində real rahatlıq gördükdə radikal populizmə marağını itirəcək.
Məqalədə qeyd olunur ki, AfD-nin bələdiyyə və yerli idarəetmə səviyyəsində məsuliyyət götürməsinə şərait yaradılmalıdır. Çünki yalnız real idarəetmə və icraat məsuliyyəti qarşısında qaldıqda bu tür populist partiyaların pafoslu vəddlərinin puç olduğu bəlli olur.
Məqalənin yekununda xüsusi olaraq vurğulanır ki, Almaniya Avropa İttifaqının həm iqtisadi, həm də siyasi dayaq sütunudur. Avropanın ən böyük iqtisadiyyatında ifrat sağçıların hakimiyyətə gəlməsi, parlamenti iflic etməsi və ya Aİ-nin daxili bazarına, avro zonasına şübhə ilə yanaşan qüvvələrin güclənməsi təkcə Berlinin deyil, bütün Avropa İttifaqının gələcəyini dərin sual altına qoyur.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər