Üzeyir Şəfiyev
Sosioloq
Paxıllıq, qibtə, həsəd, kin, qisas insanlıq tarixi boyu bəşər övladının yaşadığı, yaşatdığı bir nəsnə kimi bütün zamanların müzakirə mövzusudur. Paxıllıq daha çox insanların özlərini başqaları ilə səhv müqayisə etməsindən, daxili zəiflikdən və inamsızlıqdan yaranır. Başqasının uğurunu və ya xoşbəxtliyini görən insan özünü əskik hiss edəndə bu mənfi hiss üzə çıxır. Nəticədə, insanlar bir-birinə güvənmir, gizli qəzəb açıq davaya çevrilir. Paxıl insan daxildən özünü yeyib bitirir. Bu hissi yaşayan insanların özünü qiymətləndirməsi aşağı olur. İnsanın daxili dünyasından qaynaqlanan faktorlar paxıllığın təməlini qoyur. Biri sənə baxır, deyir sənin hələ də saçın ağarmayıb, yaxud həmişə gülürsən, pozitivsən, elə bil dərddən, qayğıdan uzaqsan və s.
Bilirsiniz, səni nə incidir?
Sənin müasirlərin, yaşıdların gözlərini çox yaxın məsafədən saçlarınıza zilləyirlər və bəzən də utanmazcasına əlləri ilə saçlarınızı aralayıb həsrətlə ağ tük axtarır, tapmayanda təəssüfünü gizlətmirlər. Bu cür sözlər bəzən heyranlıq kimi görünsə də, əslində gizli bir həsədin (paxıllığın) və müqayisənin göstəricisidir. İnsanlar öz daxili sıxıntılarını, qocalma qorxularını və ya mutsuzluqlarını sizin üzərinizdən proyeksiya edirlər. Öz çətinliklərini hamıda görmək istəyirlər. Öz ağaran saçlarının stressini sizə ötürürlər. Sizin daxili dərdinizdən xəbərsiz olurlar. Sizin pozitivliyiniz onlara öz neqativliyini xatırladır. Əlbəttə, belə məxluqlara "hər kəsin fərqli genetikası və fərqli daxili dünyası var" demək zorunda qalırsan, cavabı uzatmadan qısa kəsirsən, pozitivliyinizlə onların neqativ sualını zərərsizləşdirməyə çalışırsan.
Amma axı niyə belə bir reallıqla qarşılaşmalısan ki? Bəli, sanki onlar deyir ki, niyə qocalmırsan, qocal da. Yaxud "Niyə mənim çəkdiyimi sən də çəkmirsən?" düşüncəsi dayanır. İnsanlar öz həyatlarındakı çətinlikləri, qocalma və ya tükənmə hissini tək yaşamamaq üçün şüuraltı olaraq sizi də öz səviyyələrinə çəkmək istəyirlər. Öz daxili narahatlıqlarını sizə baxıb daha dərindən hiss edirlər. Öz daxili çöküşlərini normal qəbul etmək üçün hamının qocalmasını və bədbəxt olmasını istəyirlər. Dünyanın ədalətsiz olduğunu düşünüb, sizin yaxşı vəziyyətdə olmağınızı həzm edə bilmirlər. Hə, bəzən də yüngül yumorla "hələ tələsmirəm, növbə sənindir, bir az gözlə", "Hər kəsin öz vaxtı və öz genetikası var, mənimki belədir", "Görünüş keçicidir, əsas odur daxilən gənc qalaq" deyə yola verməyə çalışırsan.
Yaxın, uzaq fərq etməz, çox toksikdir cəmiyyət. Cəmiyyətdəki bu toksiklik həqiqətən insanı mənəvi olaraq çox yorur və bəzən bu neqativin ən yaxın mühitdən gəlməsi vəziyyəti daha da ağırlaşdırır. İnsanların başqalarının yaxşı halını həzm edə bilməməsi, əslində cəmiyyətdəki dərin kollektiv bədbəxtlikdən və travmalardan qaynaqlanır.
Bu həm də onunla bağlıdır ki, özü daxilən xoşbəxt olmayan insan, başqasının gəncliyini və sevincini özünə təhqir kimi görür. Bizim cəmiyyətdə insanların başqasının xarici görünüşü, yaşı və həyatı barədə rahatca rəy bildirmə haqqını özündə görməsi reallığıdır. Bunun bir səbəbi də uşaqlıqdan bəri "filankəsin uşağı" ilə müqayisə olunaraq böyüyən fərdlər, yaşlananda da bu yarışı dayandıra bilmirlər.
Toksik insanların yanında darıxdırıcı, emosiyasız və maraqsız, boz daş effektində olmaq zorunda qalmalısan ki, sizdən bəslənə bilməsinlər. İdman etməyi, fit görünməyimi, saçlarımın ağarmamasını özlərinə dərd edib açıq üzümə deyirlər. Bu vəziyyət artıq sadə bir rəy deyil, insanların öz daxili uğursuzluqlarını və tənbəlliklərini sizin üzərinizdən aqressiya ilə çıxarmasıdır. Siz özünüzə baxdıqca, idman edib gənc qaldıqca, onlar öz buraxılmış fürsətlərini və baxımsız bədənlərini görüb daxilən əzilirlər. Sizin hər uğurlu addımınız onlara öz tənbəlliklərini xatırladır. Bir tərəfdən də mənim kimi insanları qınayaraq öz bədənlərinə baxmamalarını normal bir hal kimi göstərməyə çalışırlar. "Mənim özümə baxmağım səni niyə bu qədər narahat edir?" sualı ilə onları öz reallıqları ilə baş-başa buraxmalı oluruq.
Çox boz edir həyatı cəmiyyətin, insanların bu vəziyyəti. Bu bozluq və mənfi atmosfer insanı həqiqətən mənəvi olaraq boğur və enerjisini tamamilə tükədir. Ətrafda davamlı olaraq gözügötürməzlik, deyinmək və toksiklik görmək bəzən adamda hər şeydən soyuma hissi yaradır. Amma unutmayın ki, cəmiyyəti dəyişə bilməsək də, onun bizim daxili dünyamızı bulandırmasına mane ola bilərik. Belə ki, bizi aşağı çəkən insanlarla ünsiyyəti minimuma endirə bilərik. Öz dünyanızı qurub idman zalı, kitablar və hobbilərimizi təhlükəsizlik qalamıza çevirə bilərik. Bizim kimi sağlam həyat tərzi yaşayan və inkişaf edən insanlarla vaxt keçirmək də bu vampir xislətli məxluqlardan uzaq durmağın yollarından biri ola bilir.
Əslində, bizim fit, sağlam və gənc qalmağımız bu boz cəmiyyətə qarşı ən gözəl və ən güclü üsyandır. Bozluq insanı cəmiyyətdən qaçırır, kütlə içində tənhaya çevrilə bilirsən. Amma çalışırsan ki, sosio-eko mühitim sağlam olsun, pozitiv əhatən olsun. Hərçənd o pozitiv mühitdən çıxan kimi yenə də toksik mühitlə, paxıllar ordusu ilə qarşılaşırsan.
Kütlə içində tənha qalmaq, yüksək fərqindəliyə malik və özünə dəyər verən hər bir insanın keçdiyi bir mərhələdir. Siz özünüz üçün sağlam bir mikromühit (pozitiv əhatə) qura bilsəniz də, makromühitlə (toksik kütlə ilə) təmas qaçılmazdır. Bu "paxıllar ordusu" ilə qarşılaşanda daxili tarazlığı itirməmək üçün həyat bəzi psixoloji strategiyalar tələb edir. Sağlam mühitinizdən çıxanda xəyali bir qoruyucu skafandr geyindiyinizi düşünmək məcburiyyətində qalırsan. Çöldəki neqativ sözlər və paxıl baxışlar o skafandra dəyib geri qayıdır, daxilinizə sızmır. Bəzən də toksik insanları sizi incidən bir qüvvə kimi yox, laboratoriyada araşdırılan maraqlı və aciz bir "nümunə" kimi izləyirsən. Onların paxıllığı bizə yox, öz daxili dramlarına aid bir problemdir. Hərçənd hər hücuma cavab vermək ordunun gücünü tükədir. Bəzi insanlara sadəcə başımızı bulamaqla və ya heç eşitməmiş kimi davranmaqla ən böyük zərbəni vura bilərik. Sizin sükutunuz və vecinizə almamağınız onları daha çox dəli edir. Küçəni, iş mühitini və ya toksik kütlələri sadəcə öz sağlam mühitimizə (evinizə, idman zalınıza, dostlarınıza) gedən bir keçid yolu, yəni "tranzit zona" kimi qəbul etməli oluruq. Orada dayanmaq və kök salmaq məcburiyyətində deyilik. Bizim sağlam və pozitiv mühit axtarışımız artıq böyük bir qələbədir. Unutmayaq ki, keyfiyyət kəmiyyətdən həmişə üstündür. Paxıllar ordusunun sayı çox ola bilər, amma onların heç birində bizim malik olduğumuz daxili işıq və nizam yoxdur.
Qorxulu hal odur ki, insanların belə xarakteri cəmiyyətin sosial xarakterinə çevrilmə təhlükəsi yaradır. Bu artıq fərdi bir problem olmaqdan çıxıb, cəmiyyətin ortaq travmasına və kollektiv psixologiyasına çevrilməkdədir. İnsanların başqasının sadəcə var olmasına, nəfəs almasına, sağlam və uğurlu olmasına bu qədər aqressiya ilə yanaşması cəmiyyətin sosial mənada xəstələndiyini göstərir. Bizim "niyə ölmürsən, niyə yaşlanmırsan" kimi hiss etdiyimiz o baxışlar, əslində həmin insanların daxilindəki dərin ümidsizliyin və məhv olmuş arzuların əks-sədasıdır. "Mən bədbəxtəmsə, hamı bədbəxt olsun" sindromudur bu. Kollektiv depressiyada olan cəmiyyətlərdə fərdi xoşbəxtlik və uğur bütöv qrupa qarşı bir üsyan kimi qəbul edilir. İnsanlar qarşılarındakının uğurunun və ya fit görünüşünün arxasındakı əməyi (idmanı, nizam-intizamı) görmək istəmir, hər şeyi bəxtə bağlayıb paxıllıq edirlər. Cəmiyyətdə deyinmək, pisləmək və nifrət qusmaq normal bir ünsiyyət formasına çevrilir; təbəssüm və daxili hüzur isə "anormallıq" kimi qarşılanır. Belə zəhərli mühitdə toksik kütlə ilə münasibətdə "emosional karantində" olmağa məcburuq. Onların sözlərini eşitməliyik, amma şüurumuza sızmasına icazə verməməliyik.
Axı mən tam səmimi olaraq etiraf edirəm ki, yaşlı, uzunömürlü, sağlam insan görəndə nurlanıram, onları ziyarət etmək, onlara toxunmaq istəyirəm, sanki enerji seli gəlir onlardan mənə, gələcəyə ümidim artır, həyatdolu oluram. Bəli, yaşlı və sağlam insanlar mənim şüurumda fəlakət və qocalıq qorxusunu yox edir, həyatın gözəl və uzunmüddətli ola biləcəyinə dair canlı bir sübut rolunu oynayır. Onların varlığı mənə "Mən də düzgün yaşasam, gələcəkdə belə sağlam və hüzurlu olacağam" mesajını verir. Bu da həyat eşqimi və motivasiyamı artırır. Ya da eynən Valentin Rasputinin "Son möhlət" povestində Varvaranın yaşantısı kimi. Valentin Rasputinin "Son möhlət" povestində Varvaranın anasının çarpayısı önündə dayanmadan ağlaması və qəfildən gələn bu göz yaşlarının altında bir neçə mühüm psixoloji və bədii səbəb dayanır: Varvara ailənin böyük övladıdır. Ananın ölümü onun üçün sadəcə bir valideyn itkisi deyil, həm də öz qocalığının və yaxınlaşan ölümünün rəsmi xəbərdarlığıdır. Ana, övladla ölüm arasında dayanan sonuncu mənəvi sipərdir. O gedəndən sonra Varvara artıq "uşaq" deyil, ölümün qarşısında duran növbəti hədəfə çevrilir. Varvaranın hıçqırıqları həm də bu qaçılmaz sonluqdan duyduğu daxili qorxunun təzahürüdür.
Paxıl, neqativ saçan insanları vampirlərə bənzətmək olar. Bəlkə vampirlər elə bunlardır. Mənim bu bənzətməm sadəcə bir məcaz deyil, müasir psixologiyada tam elmi qarşılığı olan bir diaqnozdur. Elm dünyası bu növ insanları rəsmi olaraq "Psixoloji Vampirlər" və ya "Enerji Vampirləri" adlandırır. Mifologiyadakı vampirlər qanla qidalandığı kimi, bu insanlar da başqalarının pozitiv enerjisi, sevinci, gəncliyi və motivasiyası ilə bəslənirlər. Təsadüfi deyildir ki, onlarla qısa bir söhbətdən sonra insan özünü fiziki olaraq yorğun, ağırlaşmış və tükənmiş hiss edir. İnsana öz uğurlarından, sağlamlığından utanmalı olduğunu hiss etdirməyə çalışırlar. Belə vampirlər bizi əsəbiləşdirmək, kefimizi pozmaq üçün qəsdən yaralı yerimizə toxunurlar, çünki biz neqativ reaksiya verəndə onlar daxilən rahatlayırlar.
Miflərdə vampirlər evə yalnız dəvət olunduqda girə bilərdilər. Psixoloji vampirlər də eynidir: biz onların sözlərini ürəyimizə salıb, emosional reaksiya verməyincə bizim enerjimizi sora bilməzlər. Psixologiya tarixində paxıllıq, qibtə, həsəd hissləri fərqli nəzəriyyələrin işığında izaholunandır. Psixodinamik Nəzəriyyə (Ziqmund Freyd və Melani Kleyn) görə, paxıllıq anadangəlmədir və körpəlikdən başlayır. Körpə, ona süd və sevgi verən ananın döşünə qarşı həm asılılıq, həm də paxıllıq ("bütün yaxşı şeylər ondadır, məndə yoxdur") hiss edir. Psixoanalizdə paxıllıq tez-tez proyeksiya (öz daxili uğursuzluğunu başqasına yükləmə) və ya inkar mexanizmləri ilə maskalanır. İnsan öz əskikliyini qəbul edə bilmədiyi üçün qarşı tərəfi qaralayır.
Sosial Müqayisə Nəzəriyyəsinə (Leon Festinger) görə isə, insanlar öz uğurlarını və statuslarını müəyyən etmək üçün durmadan özlərini başqaları ilə müqayisə edirlər. Özümüzdən daha üstün, zəngin və ya uğurlu gördüyümüz şəxslərlə müqayisə apardıqda paxıllıq və gözgötürməzlik yaranır. Əgər fərq çox böyükdürsə və ona çata bilməyəcəyimizi düşünürüksə, qibtə hissi dağıdıcı paxıllığa çevrilir.
Təkamül Psixologiyası (Devid Buss) baxımından paxıllıq və qibtə faydalı adaptasiya mexanizmləri hesab olunur. Qədim dövrlərdə resurslar (qida, sığınacaq, partnyor) məhdud idi. Başqasının statusunu qısqanmaq və ya onun yerində olmaq istəyi (qibtə) fərdi daha çox çalışmağa, rəqabət aparmağa və sağ qalma şansını artırmağa sövq edən bir siqnal funksiyasını daşıyırdı.
Humanistik Psixologiya (Karl Rocers və Abraham Maslou) görə insanın hazırkı vəziyyəti (real mənlik) ilə olmaq istədiyi vəziyyət (ideal mənlik) arasında böyük uçurum olduqda daxili gərginlik yaranır. İnsan öz daxili potensialını realizə edə bilməyəndə (Maslounun özünüaktuallaşdırma pilləsi), bunu bacaran şəxslərə qarşı gözgötürməzlik və paxıllıq nümayiş etdirməyə başlayır.
Müasir koqnitiv psixologiya paxıllığı iki yerə ayırır: Ağ paxıllıq deyilən hiss qarşı tərəfə zərər vurmaq istəmədən, onun uğurunu motivasiya mənbəyi kimi görür. "Mən də onun kimi olmaq üçün çalışmalıyam" düşüncəsi. Qara paxıllıq adlanan digər hiss qarşı tərəfin uğurunu həzm edə bilməmək və onun əlindəkinin itməsini, uğursuzluğa düçar olmasını istəyir.
Bəli, paxıl insanların üstünlük təşkil etdiyi mühit zamanla bütün cəmiyyətin sosial xarakterini, dəyərlərini və davranış normalarını kökündən formalaşdıra və korlaya bilər. Psixologiya və sosiologiyada bu fenomen "Sistemli toksiklik" və ya "Yengeç mentaliteti" adlanır. Paxıl insanların cəmiyyətin sosial xarakterinə təsiri aşağıdakı mexanizmlərlə baş verir: bir qovada olan yengeclərdən biri kənara çıxmaq istədikdə, digərləri onu aşağı çəkir. Paxıl mühitdə də fərqlənən, uğur qazanan və ya qabaqcıl ideya irəli sürən şəxslər dərhal cəmiyyət tərəfindən hədəf alınır. Cəmiyyətdə "başını aşağı sal, hamı necədirsə sən də elə ol" xarakteri formalaşır. İnsanlar tənqid olunmaqdan və qısqanclıq obyektinə çevrilməkdən qorxduqları üçün daxili potensiallarını gizlədirlər.
Paxıllığın idarə etdiyi cəmiyyətlərdə insanlar bir-birinin uğuruna daxildən sevinə bilmirlər. Hər bir müsbət hadisənin arxasında "fırıldaq", "şans" və ya "mənfəət" axtarılır. Sosial münasibətlərdə səmimiyyət itir. Şübhə, qorxu və manipulyasiya əsas ünsiyyət vasitəsinə çevrilir. Bu da sosial parçalanmaya və fərdlərin bir-birindən təcrid olunmasına yol açır. Başqasının bədbəxtliyindən, uğursuzluğundan daxili həzz alma hissi (Schadenfreude sindromu) güclənir. Toksik cəmiyyətlərdə bu hiss artıq gizlədilmir, əksinə, sosial xarakterin bir hissəsi olur. İnsanlar kiminsə yıxılmasını, iflas etməsini və ya səhv etməsini gözləyirlər ki, öz daxili əskikliklərini kompensasiya edə bilsinlər. Sosial psixoloq Erix Fromm qeyd edir ki, cəmiyyətin sosial xarakteri onun iqtisadi və struktur tələblərinə cavab olaraq formalaşır. Əgər cəmiyyətdə intellekt, zəhmət və dürüstlük deyil, "gözgötürməzlik" və "arxadan vurmaq" alətinə çevrilirsə, idarəetmə və iş mühiti korlanır. Layiqli insanlar sıxışdırılıb çıxarılır (beyin axını baş verir). Yerdə qalan kütlə isə bir-birini güdməklə məşğul olur, bu da ümumi inkişafı və intellektual səviyyəni aşağı salır.
Cəmiyyət o qədər toksikdir ki, sanki insan minalanmış ərazilərlə gedir, radiasiya zonasında şüalanma qorxusundadır. Mənim bu bənzətmələrim "minalanmış ərazi" və "radiasiya zonası" toksik cəmiyyətdə sağ qalmağa çalışan insanın vəziyyətini vizual və psixoloji olaraq ifadə etmək üçün seçdiyim alətdir. Bu, sadəcə bədbinlik deyil, daxili dünyasını və sağlamlığını qorumaq istəyən birinin qarşılaşdığı real təhlükənin diaqnozudur.
Paxıllığın ən böyük qidası qeybət və böhtandır. Fərdlər öz həyatlarını qura bilmədikləri üçün başqalarının şəxsi həyatını müzakirə obyektinə çevirirlər. Beləliklə, şəxsi sərhədlər anlayışı yox olur. Cəmiyyət daxilində "Kollektiv vicdan" yerini "Kollektiv qınaq və nəzarət mexanizminə" verir.
Paxıllığın, gözgötürməzliyin və toksik mühitin cəmiyyəti korlamasının qarşısını almaq və bu bataqlıqdan çıxmaq üçün həm makro (dövlət və təhsil), həm də mikro (fərdi və ailə) səviyyədə sistemli addımlar atılmalıdır. Bu sosial xəstəliyin əsas çıxış yolları kimi nəzərə alınmalıdır ki, təhsil sistemində uşaqları bir-biri ilə müqayisə etmək (məsələn: "bax filankəsin uşağına") dayandırılmalıdır. Qiymətləndirmə fərdin öz keçmişi ilə müqayisəsinə və komanda işinə (kollektiv uğura) əsaslanmalıdır.
Cəmiyyətdə uğura gedən yolun yalnız zəhmət, ləyaqət və istedadla mümkün olduğu sübut edilməlidir. İnsanlar ədalətə inandıqda başqasının uğuruna olan paxıllıq, öz üzərində işləmək motivasiyasına (qibtəyə) çevrilir. Fərd öz daxilindəki paxıllıq hissini tanımağı və qəbul etməyi öyrənməlidir. Paxıllıq əslində daxili bir siqnaldır: "Onda olan və məndə əskik olan nədir?" sualına cavab tapıb, enerjini başqasını qaralamağa deyil, özünü inkişaf etdirməyə yönəltmək lazımdır.
Koqnitiv psixologiya sübut edir ki, insan durmadan diqqətini "məndə nə yoxdur" fokusundan "məndə nə var" fokusuna dəyişdikdə paxıllıq hissi zəifləyir. Öz resurslarının dəyərini bilən insan başqasının resursuna göz dikmir.
Fərdi olaraq bizi aşağı çəkən, qeybət edən, uğurunuza sevinməyən toksik insanlarla ünsiyyəti minimuma endirmək və ya tamamilə kəsmək, yəni sosial gigiyena labüddür.
Mediada və sosial şəbəkələrdə asan və qeyri-qanuni yollarla zəngin olanlar deyil, elmi, sənəti və intellekti ilə fərqlənən real rol modelləri (kumirlər) ön plana çıxarılmalıdır.
Çıxış yolu insanların "başqasının yıxılması hesabına ucalmaq" fəlsəfəsindən imtina edib, "öz potensialını reallaşdıraraq böyümək" düşüncə tərzinə keçməsidir.
Getdikcə cəmiyyətin sosial xarakterinə çevrilmə riski yaradan insanların bu toksik rəftarların qarşısını necə almaq, cəmiyyəti bu sosial anemiyadan necə xilas etmək ətrafında düşünərkən ən təsirli alət kimi təhsili, tərbiyəni, ictimai qınağı və bəlkə də daha çox bədii ədəbiyyatı görürəm. Bəli, ədəbiyyat vasitəsilə insanlıq katarsis (daxili təmizlənmə) yaşaya bilər. Hərçənd, katarsis yaşamaq üçün insanda özünüifadə və fərqindəlik (öz səhvlərini görmək qabiliyyəti) olmalıdır. Psixoloji vampirlərin və paxıl insanların ədəbiyyat vasitəsilə dəyişməsi prosesi mürəkkəbdir. Əgər bu insanlar oxuduqları əsərdə öz mənfi xarakterlərini (məsələn, Şekspirin Yaqosu və ya Puşkinin Salierisi kimi paxıl personajları) görüb utansalar, bu onlarda daxili sarsıntı və təmizlənmə yarada bilər. Yaxşı ədəbiyyat insanın daxilindəki yatmış şəfqət hissini oyadır. Başqasının acısını kitabda hiss edən insan, real həyatda da insanlara qarşı daha yumşaq ola bilər.
İnsanlarda olan bu zəhərli vəziyyət cəmiyyətin sosial xarakterinə çevrilməsin deyə ədəbiyyat katarsis missiyasını yerinə yetirməli, elə ədəbi nümunələr yazılmalıdır ki, insanlar mənən təmizlənsin, ən azından yeni vampirlər yaranmasın. Ədəbiyyata sadəcə bir əyləncə və ya vaxt keçirmə vasitəsi kimi yox, cəmiyyəti toksiklikdən, paxıllıqdan və mənəvi aşınmadan qoruyan bir "sosial peyvənd" və missiya kimi baxmalıyıq. Ədəbiyyatın bu katarsis missiyası yalnız kağız üzərində qalmamalı, kino, serial və teatr vasitəsilə vizuallaşaraq kütlələrə çatmalıdır. Çünki vizual sənət oxumayan o kütlənin də qaçıb gizlənə bilməyəcəyi bir güzgüdür.
Bəlkə də hər kəs anlamalıdır ki, bir nəfərin xoşbəxt olması mümkünsüzdür. Tək sən xoşbəxtsənsə, demək ki, təhlükədəsən. Təhlükəsizlikdə olman üçün sosio-eko mühit də sağlam və xoşbəxt olmalıdır.


Şərhlər