“Müharibənin bitməsinin yalnız üç variantı var. Birincisi, biz qalib gəlirik və Ukrayna dövlətçiliyi qalır. Belədə Ukrayna regionda dominantlığı ələ keçirir, ordumuz modernləşdirilir və effektiv ordu yaradılır”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak müharibənin mümkün bitmə variantlarını Ukrayna televiziyasına şərh edərkən deyib.

Podolyak bildirib ki, qələbə çalacaqları təqdirdə Rusiya ilə Ukrayna arasında demilitarizasiya zonası yaradılacaq və hətta Rusiyanın nüvə potensialına beynəlxalq nəzarət həyata keçiriləcək.

Onun dediyinə görə, ikinci variant Ukraynanın məğlubiyyətidir: “Bu zaman Ukrayna sadəcə, yavaş-yavaş öləcək. Üçüncü varianta görə, biz məğlub olmuruq, amma aramızda təmas xətti, yəni, “Minsk-3” razılaşması yaranır. Bu isə o deməkdir ki, Ukrayna daha yavaş-yavaş öləcək”.

Podolyak deyib ki, qələbədən fərqli olan bütün variantlar Ukraynanın tədricən məhvinə səbəb olacaq. Ona görə də ukraynalılar ya qələbə çalmalı, ya da Ukraynanın dövlət kimi mövcudluğunu unutmalıdırlar.

“AzPolitika.info”