Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir.

Əxlaqi-mənəvi mədəniyyət bütün mənəvi təsəvvürlər və normalar sistemini deyil, cəmiyyətin insanlar tərəfindən mənimsədiyi mənəvi təcrübənin bir hissəsini, əxlaqi-etik biliklərin yalnız praktik olaraq həyata keçirilən həcmini əhatə edir. Əxlaqi-mənəvi mədəniyyətin bu iki səviyyəsi qarşılıqlı şəkildə əlaqədardır. Cəmiyyətin mənəvi inkişaf səviyyəsi bir çox hallarda şəxsiyyətin mənəvi mədəniyyətinin kamilliyi ilə müəyyən edilir. Digər tərəfdən, vətəndaş cəmiyyətinin mənəvi mədəniyyəti nə qədər zəngin olsa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi üçün bir o qədər çox imkan yaranır.

Ümummilli Lider Heydər Əliyev mənəvi tərbiyədə, yüksək mənəviyyat tərbiyəsində ümumbəşəri dəyərlərlə yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mənimsənilməsinə birinci dərəcəli yer verirdi

"Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq: budur vətənpərvərlik", - deyə Ulu Öndər bildirmişdir.

Heydər Əliyev milli-mənəvi dəyərlər və vətənpərvərlik hissinin qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət verirdi. L.N.Qumilyov yazır ki, milli-mənəvi, əxlaqi sahədə bu qazanılanlar "imperativə" çevrilir və zamanca "passizm" adlanan duyğu formasını qazanır. Bunun mahiyyəti ondan ibarətdir ki, etnik birliyin hər bir fəal qurucusu özünü əcdadlarının tutduğu xəttin davamçısı və ona nə isə əlavə edəcək şəxs kimi hiss edir. Yeni nə isə edilən bir şey onu ifadə edir ki, keçmiş itməmiş və o, insanın özündədir və odur ki, ona nə isə əlavə etməyə dəyər. Bununla da keçmiş itmədən indidə toplanır və gələcəyə doğru hərəkət edərək yaşayır. İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşmasını, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir. Ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.

"Heydər Əliyev ili" çərçivəsində böyük dövlət adamı müxtəlif rakurslardan araşdırılır, onun barəsində çoxlu yazılar yazılır. Dahi şəxsiyyətin fenomeni bitib-tükənməz bir xəzinə olduğu üçün üfüqdə hələ yeni baxış bucaqlarının şahidi olacağımız şübhə doğurmur. Tarixi şəxsiyyətin fəaliyyətinin ən maraqlı dövrlərindən biri də SSRİ-də böyük səs-küyə səbəb olmuş birinci hakimiyyəti dövrüdür.

Heydər Əliyevin birinici hakimiyyət dönəmi kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1960-1970-ci illəri ölkəmizin həyatında intibah dövrü adlandırsaq, yanılmarıq. Həmin dövrü xarakterizə etmək üçün SSRİ-də olan proseslərə diqqət etmək zəruridir. Stalinin ölümündən sonra SSRİ-də şəxsiyyətə pərəstişin zərərləri haqqında açıq danışılırdı. Nikita Xruşşovun hakimiyyətə gəlməsi ictimai-siyasi mühitdə qismən loyallıq yaratmışdı. Bu, müttəfiq respublikalara da sirayət edirdi. Belə şəraitdə artıq Azərbaycanda ictimai-siyasi mühitdə canlanma yaranmışdı. 

Ədəbiyyatımızda özünəməxsus yeri olan 60-cılar nəsli məhz bu dövrdə təşəkkül tapmağa başlamışdı. Belə bir mühitdə Azərbaycan ziyalısına sahib çıxacaq, onu himayə edərək qoruyacaq milli vətənpərvər bir siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət Uca Allahın hökmü ilə Azərbaycana bəxş edilmiş böyük dövlət adamı Heydər Əliyev idi. Heydər Əliyevin böyüdüyü Naxçıvan mühiti Azərbaycan ədəbiyyatına Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əziz Şərif və onlarla başqa şəxsiyyətləri bəxş etmişdir. Belə bir ziyalı mühitindən çıxmış Heydər Əliyev artıq 1950-ci illərin ortalarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifə tuturdu.


Heydər Əliyevin DTK-də rəhbər vəzifə tutması ilə həmin dövrə qədər yalnız qeyri-millətlərdən təşkil olunan xüsusi xidmət orqanlarına milli kadrların yerləşdirilməsinə başlanıldı. Həmçinin milli vətənpərvər ziyalıların himayə edilməsi qabarıq şəkildə özünü göstərdi. Akademik Ziya Bünyadov, eks-prezident Ə.Elçibəy, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Abbas Zamanov və digər ziyalılar ayrı-ayrı vaxtlarda öz müsahibələrində bu məsələyə toxunmuşlar.

Həmin dövrdə Qarabağın Azərbaycandan alınması ilə bağlı proseslərin genişlənməsi heç kimə sirr deyil. Heydər Əliyev Qarabağ məsələsi ilə bağlı ziyalıları qəbul edərkən həmin dövr barəsində maraqlı məlumatlar verərək bildirmişdi ki, 1967-ci ildə o, DTK-nin sədri olarkən Xankəndidə avtomobilə benzin tökərək 3 nəfər azərbaycanlı gənci vəhşicəsinə qətlə yetirmişdilər. 

DTK-nin sədri kimi bu hadisələri araşdırmaq üçün 15 gün orada qaldığını deyən Heydər Əliyev qeyd edirdi ki, həmin dövrlərdə də ermənilər Qarabağla bağlı iddia qaldırmış, lakin müxtəlif vasitələrlə onların qarşısı alınmışdır. Heydər Əliyevin Qarabağ problemi ilə bağlı açıqladığı bir fakt isə ziyalıların təəccübünə səbəb olmuşdu. Çünki bu barədə Heydər Əliyev ilk dəfə danışırdı. 

Heydər Əliyev deyirdi: "1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olunmuşdu, onun sədri Brejnev idi, biz komissiyanın üzvləri idik. Mən Azərbaycan nümayəndəsi idim. Vaxtaşırı komissiyanın müzakirələri keçirdi. Bunları da o vaxt Mərkəzi Komitənin katibi vardı - akademik Ponomaryov, o aparırdı. Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə mən Moskvaya, komissiyanın iclasına gəldim. Gördüm, xeyli ərizə gəlib ki, "Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır".

Gördüm ki, Ponomaryov deyir bunu komissiyanın müzakirəsinə qoymaq lazımdır - ermənilər ona da təsir göstərirdilər. Elə bu faktın özü ki, komissiyanın müzakirəsinə buraxılsın, başa düşürsünüzmü, bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Yenə də getdim rəhmətlik Brejnevin yanına. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu".

SSRİ-də Heydər Əliyev epoxası

Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilməsi və plenumda çıxışı SSRİ-ni silkələdi. Heydər Əliyev plenumda sovetlər birliyindəki çatışmazlıqlardan danışdı. SSRİ-də rüşvətxorluğun olması barəsindəki fikirləri isə ittifaq rəhbərliyində şok effekti yaratdı. 


Heydər Əliyevin çıxışı xarici radiostansiyaların manşet xəbərinə çevrildi. Bu, SSRİ rəhbərliyini narahat etməyə bilməzdi. Lakin Heydər Əliyev öz mövqeyindən geri çəkilmədi. O, əqidəsinə sadiq şəxsiyyət idi. O, bütün hallarda insanları vicdan normaları ilə yaşamağa səsləyirdi. Qapalı sovet mühitində bunu etməyin nə demək olduğunu o dövrü yaşamış hər kəs başa düşür. Həmin dövrün hakim ideologiyası kommunist ideologiyası idi. Heydər Əliyev kimi irimiqyaslı siyasi xadim təbii ki, öz mənəvi-əxlaqi dəyərlər sistemini yaradan konsepsiyasını hakim ideologiyanın pərdəsi altında vermək zorunda idi.

Heydər Əliyev fenomeninin sirri nədə idi? Sovet partiya xadimlərindən onu nə fərqləndirirdi? Stereotipləri dağıtması onu fərqləndirən əsas səciyyəvi xüsusiyyət idi. O, eyniliklərin dalınca getmirdi. İdeoloji quruluşun naqisliklərini cəsarətlə tənqid edirdi. Təbii ki, yeknəsəkliyin, ideoloji boşluğun olduğu bir sovet mühitində Heydər Əliyev kimi orijinal fikirli, özünəməxsus bir siyasi lider qısa müddətdə fenomenə çevrildi. O, öz şəxsi nümunəsi ilə əqidəsini ortalığa qoydu.

Ən gözəl nümunə şəxsi nümunədir

Heydər Əliyev sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən övladları öz yaşıdları ilə birlikdə sadə bir həyat tərzi keçirir, sinif yoldaşlarından heç nə ilə fərqlənmirdilər. Heydər Əliyev vəzifədən sui-istifadə edərək özünə dəbdəbəli həyat tərzi keçirən şəxslərlə mübarizə aparırdı. Bu baxımdan Heydər Əliyevin "Vicdanımızın normaları ilə" adlı tarixi müsahibəsində maraqlı məqamlar yer almaqdadır. 


O vaxt neft sənayesi sahəsində vəzifə daşıyan bir şəxsin toy şənliyi bütün SSRİ-yə səs salmışdı. Müxbirin Heydər Əliyevə bu mövzuda sualına cavabında Ulu Öndər vətəndaşları sadəliyə və vicdan norması ilə yaşamağa səsləmişdi: "Bəli, o hadisə ictimaiyyətin nəzərini cəlb etmiş və bizi bu cür halların təbiəti üzərində dönə-dönə düşünməyə vadar etmişdi. Təsəvvür edin: Bakının neft rayonunda fabrik mətbəxi bir neçə gün müştərilərin üzünə bağlanmışdı. Ona görə ki, burada təmtəraqlı toya hazırlıq görülürdü, sonra isə toy edilmişdi. Yüzlərlə qonaq toplaşmışdı, bir çoxları nə bəyi tanıyırdı, nə də bir-birini. Şəhərin bəzi məşhur işçiləri, alimlər, incəsənət xadimləri bir növ "toy generalları" rolunda idilər. Orkestr gurlayır, dinamiklər deyilən sağlıqları ətrafa yayırdı. 

Aşağıda, kiçik bir meydançada xudmani köşədə hər kəsin öz rütbəsinə və vəzifəsinə görə hansı məbləğdə hədiyyə gətirdiyi dəqiqliklə hesablanırdı. "Xalq ənənəsi" budurmu! Bir sözlə, toyun miqyası, dəbdəbəsi, toy sahiblərinin lovğa bəy ədaları bütün şəhərə səs salmışdı: baxın, görün biz nə qədər varlıyıq, nə qədər hörmətli, nə qədər səxavətli, nə qədər adlı-sanlıyıq. Təntənənin səbəbkarı, partiya uzvlüyunə namizəd, Artyomneft idarəsi komsomol komitəsi katibinin muavini, atası isə birliyin baş direktorunun muavini idi, bu böyük idarənin bütün ticarət və ictimai iaşə müəssisələri, o cümlədən adı çəkilən fabrik mətbəxi onun ixtiyarında idi. Yeri gəlmişkən, deyim ki, bəzi dairələrdə belə bir "xəstəlik" çox geniş yayılmışdır: başqalarının qarşısında öz qəlbinin genişliyi ilə, öz alicənablığı, əmək yaradıcılığı ilə deyil, müftəxorluğu, "kara gələn" tanış və dostları ilə, kimi isə haraya isə "düzəltmək", dəbdəbəli mənzil, "qıt" mal "tapmaq" qabiliyyəti ilə öyünmək, özlərini gözə soxmaq xəstəliyi. Görürsən ki, ikimərtəbəli bağ imarəti, maşın bəziləri üçün həyatda müvəffəqiyyətin meyarına çevrilir, az qala göylərdə günəşə bərabər tutulur. Güman edirlər ki, bunun xatirinə vicdansızlıq da etmək olar, bahalı "hədiyyə" də qəbul etmək olar, göz qabağında azğınlıq edən qəddar fırıldaqçıları "görməmək" də olar... Belə olduqda adamda partiyalılıqdan nə qalır?"

1 avqust 1979-cu ildə "Pravda" qəzetində müsahibəsində Heydər Əliyev hər kəsi vicdanın norması ilə yaşamağa dəvət edir. Heydər Əliyev deyir: "Yaxud başqa bir misal. Həddən artıq övladcanlı və səxavətli olan bəzi valideynlər öz yeniyetmə uşaqlarına bahalı hədiyyələr, çoxlu pul verir, maşın alır. Ömründə öz zəhməti ilə bir qəpik pul qazanmamış gənc atasının bağışladığı "Volqa"ya minib əda ilə ali məktəbə gəlir, o ali məktəbə ki, oraya da onu adlı-sanlı atası "düzəltmişdir".

Bu həmin dövr idi ki, SSRİ artıq kommunizm quruculuğunu elan etməyə hazırlaşırdı. Belə bir dövrdə sovet quruluşunun nöqsanlarını açıq şəkildə söyləmək cəsarət tələb edirdi. Heydər Əliyevdən uzun illər insanlarda hansı keyfiyyətə daha çox üstünlük verdiyini soruşduqda, o, hər şeyi sonradan öyrənmək olar, lakin insanda iki xüsusiyyət var ki, bunu sonradan öyrənmək mümkün deyil, bu cəsarət və sədaqətdir söyləmşdir. Heydər Əliyevin insanlarda görmək istədiyi bu iki xüsusiyyətin ən bariz nümunəsi məhz onun özündə ən parlaq şəkildə təzahür edirdi. Onun cəsarətinin mayasını da məhz vicdan normaları ilə yaşamaq təşkil edirdi. Bu səbəbdən hələ sovetlər birliyi dönəmində bütün neqativ halları cəsarətlə tənqid edən böyük dövlət adamı insanları öz vicdanlarının senzurasından keçməyə çağırırdı.

Neqativ üsullarla institut auditoriyalarına girən savadsız şəxslərin cəmiyyət üçün yararsız adam olacaqlarını bilən Heydər Əliyev respublikaya birinci hakimiyyəti dönəmində təhsilə xüsusi yer vermişdi. Peşəkar kadrların hazırlanmasına diqqət ayıran Heydər Əliyev ali təhsil sahəsində köklü dəyişikliklər etmişdi. Təsadüfi deyildir ki, 5 avqust 1969-cu il tarixli məşhur plenumda ən çox tənqid hədəfi olan məsələlərdən biri məhz ali təhsil ocaqlarında kök salmış mənfi hallar idi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali təhsil müəssisəsində respublikamızın ayrı-ayrı sahələrini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan yaradıldı. Təhsil almağa göndərilənlər arasında daha çox sadə ailələrdən olan gənclərə üstünlük verilirdi.

Heydər Əliyev kommunist partiyası sıralarına öz şəxsi mənfəətlərini əldə etmək üçün qəbul olunmaq istəyən şəxsləri ciddi tənqid edərək bildirirdi: "Hər halda unutmayaq ki, yeniliyin köhnəliklə mübarizəsi boş bir yerdə getmir. İdeoloji cəbhənin xətti, adətən, deyildiyi kimi, adamların şüurundan və qəlbindən keçir. Mənə elə gəlir ki, burada hərbi terminologiyanın işlədilməsi təsadüfi deyildir. Müharibədə necə, burada da elə. O yerdə ki, biz zəiflik göstəririk, formalizmə və laqeydliyə yol veririk, orada bəzən köhnəlik canlanır, qənimətçi, mənsəbpərəst, fırıldaqçı baş qaldırır. İndi təsəvvür edin ki, sizinlə bizim diqqətsizliyimiz üzündən belə bir adam partiya bileti alır. Axı bu adam xalqın öz doğma partiyasına, onun kollektivdəki nümayəndələrinə bəslədiyi hədsiz hörmət və etimaddan öz faydası üçün istifadə etməkdən çəkinməyəcəkdir. Həm də Sov.İKP MK-nin qərarında deyildiyi kimi, çalışacaqdır ki, cəmiyyətə heç nə verməyib, özü cəmiyyətdən mümkün qədər daha çox şey qoparsın".

Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlər müasir dəyərlər rakursunda çox sadə görünə bilər. Lakin Azərbaycan kimi SSRİ miqyasında elə də aparıcı mövqeyə malik olmayan müttəfiq respublikanın rəhbəri tərəfindən SSRİ-nin ən aparıcı mətbuat orqanı olan "Pravda" qəzetində sovet adamlarını vicdanın normaları ilə yaşamağa çağırmaq cəsarət tələb edirdi.


Əqidə, mənəviyyat məsələlərində dövrün ehkamlarını və ideoloji gerçəkliklərini nəzərə almadan məsələlərə diletanat qiymət verən "tədqiqatçılar" unudurlar ki, cümhuriyyət dövrünün alovlu tərəfdarı, dahi Azərbaycan yazıçısı Cəfər Cabbarlı sonralar Azərbaycan sovet dramaturgiyasının banisi olmaqla sovet dövründə çox böyük ədəbiyyat nümunələri yaratdı.

Heydər Əliyev xoşbəxt siyasətçi idi ki, sovetlər birliyi dönəmində Azərbaycana rəhbərlik etməsinə baxmayaraq, Azərbaycanın müstəqilliyinin bayraqdarı oldu, müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdi.

Heydər Əliyevin müstəqillik dönəmində fəaliyyəti zamanı mənəvi-əxlaqi dəyərləri daha qabarıq şəkildə üzə çıxmağa başladı. Ulu Öndər 27 iyun 1998-ci ildə Respublika sarayında qaçqınlar və məcburi köçkünlərin məsələsinə həsr edilmiş müşavirə zamanı çıxışında məmur özbaşınalığına toxunaraq deyirdi: "Beləliklə, ayrı-ayrı adamların vəzifədən sui-istifadə etməsi və humanitar yardımların mənimsənilməsi halları aşkar olunubdur. İndi materiallar prokurorluqdadır. Baş prokuror burada məruzə etdi. Cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunubdur və cəzalarını çəkməlidirlər. Heç kəsə bu yolda güzəşt olmamalıdır. Bilirsiniz, şübhəsiz ki, bu hallar birinci növbədə bizi, dövləti narahat edir. Ancaq bizim işlərimizə zidd olan ayrı-ayrı qüvvələr də bunlardan istifadə edib şişirdirlər və problem yaradırlar. Baş prokuror burada məruzə etdi ki, guya, müxalifət düşərgəsində duran bəzi adamlar hətta ABŞ-yə məlumat verirlər ki, gələn humanitar yardımın yarısı hökumət tərəfindən mənimsənilir. Axı bu qədər də yalan, vicdansızlıq, insafsızlıq ola bilməz! Onlar bunu xəbər verərək təklif edirlər ki, Azərbaycana humanitar yardım göndərməyin. Xalqa nə qədər xəyanət etmək olar? Həmin bu adamlar hələ demək olar ki, bəlkə də siyasətin nə olduğunu bilmədikləri vaxtda Heydər Əliyev Azərbaycanda 1969-cu ildən başlayaraq korrupsiya ilə, ayrı-ayrı vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməsi ilə, dövlət əmlakının, xalqın əmlakının mənimsənilməsi halları ilə ardıcıl mübarizə aparıb və bu mübarizənin nəticəsində də çox işlər görülübdür. Mən bu mübarizəni prezident kimi bu gün də aparıram, sabah da aparacağam. Bu, ən əvvəl, mənim şəxsi mənəviyyatımla bağlıdır. Mən vəzifəsindən sui-istifadə edən, başqasının malını mənimsəyən, özünə cinayət yolu ilə mal, sərvət toplayan adamlara həyatım boyu, həmişə nifrət etmişəm, onlarla həmişə mübarizə aparmışam, həmişə mənəvi saflığımı qorumuşam və mənəvi saflıq uğrunda mübarizə aparmışam. Mənim şüurlu həyatımın demək olar ki, əlli ildən çox hissəsi buna həsr olunubdur, mən bu yoldan heç vaxt dönməmişəm və dönməyəcəyəm. Korrupsiya ilə, cinayətkarlıqla, cürbəcür mənfi işlərlə məşğul olan adamlar indi gəlib Azərbaycanda özlərini "ədalət müdafiəçisi", yaxud da "təmizlik müdafiəçisi" kimi qələmə vermək istəyirlər. Bu heç vaxt alınmayacaqdır. Bu heç vaxt mümkün deyildir. Sizlərə heç kim inanmaz. Çünki inandırmağa əsasınız yoxdur. Amma mənim əsasım vardır. Yenə də deyirəm, bu əsasımın da əlli ildən artıq tarixi vardır. Bu mövqedə olaraq, bu mənəviyyatla yaşayaraq mən bu gün də bütün dövlət, hökumət orqanlarından qəti tələb edirəm ki, cinayətkarlıqla mübarizə gücləndirilsin, hökumət, dövlət adamlarının vəzifəsindən sui-istifadə etməsi hallarının qarşısı alınsın və o cümlədən qaçqınlara, köçkünlərə aid olan məsələlərdə bu hallarla daha da kəskin mübarizə aparılsın. Ümumiyyətlə, hesab edirəm ki, cinayətkarı bağışlamaq olmaz. Ancaq kimisə, haradasa - əgər günahını başa düşübsə - əfv etmək olar. Bilirsiniz ki, mən çoxlarını əfv etmişəm. Ancaq bu gün də, gələcəkdə də deyirəm ki, qaçqın malına, köçkün malına, humanitar yardıma əl uzadan adamın əli kəsilməlidir. Bu adamlar qanunun tələbləri ilə, ən yüksək maddələri ilə cəzalanmalıdırlar".

Biz televiziya ekranları qarşısında görürdük ki, Heydər Əliyev məmurları vicdanlı olmağa dəvət edir, onları dəbdəbəli ad günləri, toy şənlikləri keçirməkdən, öz var-dövlətlərini nümayiş etdirməkdən çəkinməyə çağırırdı. Heydər Əliyev özünün qeyd etdiyi kimi, həmişə mənəvi saflığını qoruyaraq "Ən gözəl nümunə şəxsi nümunədir" prinsipinə sadiq qalmışdır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev həmişə sadə geyimləri və təvazökar davranışları ilə nümunə olmuşlar. Məmur özbaşınalığına qarşı mübarizə isə hər ikisinin ən çox mübarizə apardığı sahə olub.

Prezident İlham Əliyev məmur özbaşınalığı ilə barışmazdır

Prezident İlham Əliyev 12 fevral 2013-cü ildə "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sərt bəyanatlarla çıxış edib. Prezident məmurları təvazökar olmağa çağırıb, vəzifəli şəxslərin ailə üzvlərini cəmiyyətdə bərqərar olmuş yüksək ali dəyərlərə dəvət edib: "Vəzifəli şəxslərin uşaqları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Həmçinin həmin toplantıda dövlət başçısı bəyan edib ki, sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etmək yolverilməzdir: "Hər bir rayonun oz büdcəsi var. Prezidentin ehtiyat fondundan da mütəmadi qaydada vəsait ayrılır. Bu vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək eləsin, amma bəzi hallarda onları məcbur edirlər. Sahibkarlar böyük həcmdə xərc çəkirlər, sonra da onların pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşirsə ki, bu məlumatlar mənə çatmır, səhv edir. Bütün məlumatlar mənə çatır. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq".

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana 6 aprel 2018-ci ildə verdiyi müsahibədə maraqlı məqama toxunaraq deyirdi: "Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim".

Ölkə rəhbəri bildirirdi ki, onun regionlara ardıcıl səfərlərindən sonra yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır.

Prezident İlham Əliyev 3 iyun 2020-ci ildə Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışında çıxışı zamanı demişdi ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: "Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır".

Dövlət başçısı vətəndaşları da məsuliyyətli olmağa çağıraraq əlavə etmişdi: "Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə ilk növbədə ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik".

Böyük dövlət adamı Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev arasındakı paralellər eyni uğurla mənəvi-əxlaqi dəyərlər sisteminə münasibətdə də özünü ən parlaq formada təzahür edir. Bütövlükdə cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin davamçısıdır. 44 günlük Vətən müharibəsinin ən təsirli anlarından biri Prezident İlham Əliyevin xalqımıza müraciəti zamanı söylədiyi "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!" - fikridir.

İlham Əliyev həmin məşhur nitqində daha sonra söyləyir: "Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyifsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!"

Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında Azərbaycanın bugünkü və gələcək nəsillərinin müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fədakarlıqla çalışmaqdan, milli birliyimizə sədaqətlə xidmət göstərməkdən ibarətdir. Budur Azərbaycanı qələbələrə və aydın gələcəyə aparan Heydər Əliyev ideyaları.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri